Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bakının 2040 Baş Planında polisentrik — çoxmərkəzli şəhər modeli əsas yanaşmalardan biridir. Amma şəhəri çoxmərkəzli adlandırmaqla iş bitmir. Nəqliyyat və logistika axınları da çoxmərkəzli təşkil olunmalıdır. Bu gün logistikanın əsasən şəhərin qərb hissəsində cəmlənməsi səmərəli model deyil. Lökbatan–Liman–Dənizkənarı küçəsi–Neftçilər–8 Noyabr–Zığ–Hava limanı–Heydər Əliyev–Ziya Bünyadov və digər əsas arteriyalar üzərində yük axınlarının bir istiqamətə yığılması əlavə şəhərdaxili hərəkət yaradır”.
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib, Ekspertin sözlərinə görə, yüklər bir qərb mərkəzindən şəhərin digər hissələrinə 3,5 tonluq avtomobillərlə yenidən daşınırsa, biz logistikanı optimallaşdırmırıq — sadəcə yük maşınlarının şəhər daxilində hərəkətini artırırıq:
“Dəmir yolu ilə əlaqələndirilmiş, mərkəzi və şərq hissələrdə də uyğun logistika qovşaqlarının yaradılması və yük axınlarının məkan üzrə bölüşdürülməsidir. Eyni məsələ sərnişin daşımalarına da aiddir. Avtovağzal funksiyasını bir nöqtədə cəmləşdirib, sonra müxtəlif istiqamətlərdə alternativ iri mərkəzlər yaratmaq kifayət deyil. Onlar metro, dəmir yolu, şəhər avtobusları və şəhərlərarası nəqliyyatla vahid multimodal sistem kimi işləməlidir. Polisentrik şəhər xəritədə bir neçə dairə çəkmək deyil. İş yerləri, universitetlər, xidmətlər, logistika və nəqliyyat qovşaqları elə yerləşdirilməlidir ki, bütün şəhər əhalisi hər gün bir istiqamətə axın etməyə məcbur qalmasın. Əks halda biz polisentrik şəhər yox, bir neçə mərkəzin olduğu, amma bütün axınların yenə də eyni yollara yığıldığı şəhər yaradacağıq. Müasir şəhərsalma “daha çox yol tikək” demir".
Sevinc Qarayeva