Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Evdən çıxanda səksən dəqiqəlik dərsi necə keçəcəyimi düşünürdüm, çətin dönəmim idi, ürəyimdə susmaq bilməyən bir ağrı vardı. Auditoriyaya necə daxil olduğumu xatırlamıram, necə çıxdığımı isə heç vaxt unutmaram. Dərsdən dünyanın ən enerjili, ən gülərüz adamı kimi çıxmışdım. Bir neçə müddətdən sonra fərqinə vardım ki, səksən dəqiqənin bir saniyəsində belə ürəyimin ağrısını eşitməmişəm, bəlkə, heç ağrımayıb? Bilmirəm… Müəllimliyin nə demək olduğunu, nələrə qadir olduğunu ilk dəfə onda anlamışdım. Bu, necə bir enerji idi, İlahi? Hz.İsanın Lazarı diriltməsi əhvalatını xatırladım. O gün mən Lazar idim, tələbələrim isə məni dirildən İsa! Amma mənim möcüzəm Lazardan daha böyük idi, çünki mənim bir yox, onlarla İsam vardı…
Müəllimlik bir peşədən, bir məsuliyyətdən daha artığıdır, eşq məsələsidir, enerji məsələsidir. Dərsə girəndə gözünü saatdan çəkməyənlər, ürəyi zəng səsi üçün çırpınanlar, hər gün evdən çıxanda sızıldayanlar bu enerjinin fərqində olmayanlardır. Müəllimlik diplomu almaqla müəllim olmaq arasında böyük fərq var. Müəllimlik diplomunu universitetdə dörd il dərs keçdikdən sonra asanlıqla ala bilərsən, müəllim olmağın dərsini isə universitetlər deyil, sadəcə həyat keçir. Ən çətin, ən önəmli imtahanı insan olmaqdır.
Bir tələbəm vardı, gedib-gəlib məni qucaqlayardı. Sonradan bilmişəm ki, anasını itiribmiş. Qollarım ana qollarının yerinə qoyulub, qucağım bir ana qucağı olub,, bilməmişəm. Qollarını açıq saxlaya bilməyin, çiyinlərini çəkməməyin dəyərini indi çox yaxşı anlayıram. Qollarını bütün dünyanı qucaqlaya biləcək genişlikdə açmağı bacarmalısan. Onsuz da, dünyanın bu çağında qapılar bağlıdır, qollar bükülü, əllər də yumruq. Məmməd Araz demişkən: “İnsandan insana körpümüz sınıb”. İndi ən çətin məsələ körpü ola bilməkdir çayların sahilində qalanlara.
Birlikdə keçirdiyimiz zamanda nələr qazandıq və nələr aparırıq gələcəyə ? Bəzən iz qoymaq lazım gəlir, bəzən də qarşındakı bilgi tələbatçılarının özünəməxsus iz sala bilmək potensialını kəşf etmək. İnsan dünyaya məqsədsiz, məramsız, bacarıqsız gələ bilməz. Bəlkə, hər gün eyni sinfi paylaşdığımız tələbələrin içində kəşf olunmağı gözləyən rəssam, bəstəkar, şair var? Mütləq var… Onları bizim yolumuzla addımlamağa məcbur etmək yerinə, öz yollarını kəşf etmələrinə səbəb olmaq daha gözəl deyilmi?!
Müəllimlik həyatlara toxuna bilmək, yeri gələndə həyatları dəyişdirmək fürsətidir, qan bağı olmadan doğmalaşmaqdır. Müəllimlik beyinləri hərəkətə gətirməkdir, ürəkləri dindirmək, gizli potensialların axtarışına çıxmaq - ən məsum kəşfiyyatdır. Yeni daxil olduğum hər qrupda bu cümləni deyirəm: “Mən sizi əzbərlətməyə deyil, düşündürməyə gəlmişəm”. Onsuz da, ürəyin süzgəcindən keçən hər şey beynin əbədi yaddaşına hopur. Müəllimin ilk işi bilgi ilə tələbənin, şagirdin ürəyi arasında əlaqə yarada bilməkdir. Ürəklə beyinin işinə isə dünyada heç kim müdaxilə edə bilməz. Xəlil Cübran “Öyrətməyə dair” adlı şeirində yazır: “Müəllim biliyindən deyil, inancından və şəfqətindən verir. Həqiqətən, bilgədirsə, sizi bilgi evinə girməyə çağırmaz, öz ağlınızın genişliyinə aparar”. Zorla, sevgisiz öyrədilən, ürəyin süzgəcindən keçməyən “bilgi”nin yaddaş ömrü uzaqbaşı 5-10 gün olar. Bu 5-10 günlük “bilik” müəllimin sadəcə özünü aldatmasına, vicdanını rahatlatmasına xidmət edə bilər, tələbəyə heç bir yararı yoxdur. Məsələn, notları öyrətmək çətin deyil, çətin olan notları hiss etməyi öyrətməkdir. Hansısa bir şeiri kiməsə əzbərlətməyə nə var? Çətin olan şeirin hər misrasını, hər sözünü duymağı öyrətməkdir. Bunları öyrətməyin xüsusi bir üsulu olduğunu düşünmürəm. Amma mümkündür, sevginin dünyada öhdəsindən gəlməyəcəyi heç nə yoxdur. Peşənə sevgi, bilginə sevgi, bilgini alana sevgi… Bu üçü yerində olsa, müəllim möcüzələr yaradar.
Kapitalizm və kəmiyyət dövründə sevgi və keyfiyyətin yanında dayanmaq həm də fədakarlıqdır. Kəmiyyət hər şeyin bəlasıdır, elə bilginin də. Tələbənin neçə öyrənməyi necə öyrənməyindən önəmli ola bilməz. İmtahanlarda bütün vərəqləri doldurmaq tələbənin bilgi göstəricisi deyil. Bəzən iki vərəq yazan tələbə beş vərəq yazan tələbədən yaxşı qiymət alır. Şəxsən mən 20-25 məqaləsi olan müəllimdən daha çox şey öyrənmişəm, 700-800 məqalə, 40-45 kitab müəllifi olan bir müəllimimdən isə təəssüf ki, heç nə öyrənə bilməmişəm. Kapitalizm və kəmiyyət əsrində keyfiyyətə və sevgiyə sarılıb var gücümlə tələbələrim üçün nələrsə etməyə çalışıram.
Neçə-neçə tələbəm semestrin əvvəlində ədəbiyyatdan, sözün əsl mənasında, nifrət etdiklərini desələr də, semestrin sonunda artıq neçə-neçə bədii əsər oxumuş olurlar. Əllərində qələm və dəftərlə gəlirlər ki, məndən kitab məsləhəti alıb, siyahı yazsınlar.
Dünyada ancaq müəllimlərə məxsus olan bir səs tonu var. Müəllimlər təkcə tələbələri ilə danışanda səs o tona düşür, başqaları ilə mümkün deyil. O səs tonunda sevgi var, qayğı var, qürur, mərhəmət, ədalət, dürüstlük, inam, ümid… Mən o səsi milyonlarla səsin içindən tanıyaram…
Əlbəttə ki, mən mükəmməl deyiləm. Mənim də bir müəllim kimi səhvlərim, boşluqlarım olmamış olmaz. Ən yaxşı olduğunu, hər şeyi bildiyini düşünmək inkişafın tənəzzül mərhələsidir, axı onda dayanırsan. Ən yaxşının daha yaxşısı həmişə var və mən ona çatmağa çalışıram çatmağın əsla mümkün olmayacağını bilə-bilə.
Qəbul imtahında 623 bal toplamışdım, bu gün hüquqşünas da ola bilərdim, politoloq da, başqa bir peşə sahibi də, bu esseni heç yazmaya da bilərdim. Bəs imtahan nəticəm bütün qapıları açdığı halda niyə müəllimlik? Bütün insanların bir missiya ilə yaradıldığını düşünürəm. Mən nə üçün yaradıldığımın, niyə var olduğumun ta əzəlindən fərqində idim. Ədəbiyyatsız həyat mənim üçün bombozdur, boşluq, mənasızlıq… Onun üçün var idim, onun üçün varam. Öyrənmək və öyrətməyin qürurunda, aldığım hər nəfəsin nə üçün gəlib-getdiyinin fərqindəyəm. İşim dünyanı dəyişmək deyil, dünyaları dəyişməkdir. O səksən dəqiqələrin hökmünü bilirəm, həyatları dəyişdirmək möcüzəsinin dəfələrlə şahidi olmuşam.
Eh, sevgili göy üzü, qucağımın genişliyini, ürəyimin hüdudsuzluğunu qısqanma, axı mən müəlliməm!
Gülay Tahirli
Naxçıvan Dövlət Universitetinin müəllimi