Icma.az bildirir, Bizimyol portalına istinadən.
Əqli və ya psixoloji problemi olan, aqressiv davranışlar göstərən bir uşaq sinif yoldaşını səbəbsiz yerə şillələyirsə, dişləyirsə və ya psixoloji təzyiq göstərirsə - bu davranış başqa uşağın haqqına girmək deyilmi? Övladımı sinifdə sinif yoldaşı vurursa və başqa bir uşağın qolunu dişləyirsə, burda günah kimdədir? Uşaqlar adekvat cavab verə bilmir, söz deyə bilmir, sadəcə uzaqbaşı “neynirsən” deməklə kifayətlənirlər. Valideynlərin narahatlığı haqlı səbəblərə əsaslanır. Eyni zamanda həmin uşağın da valideyni narahatdır. Övladına görə, olan hadisələrə görə xəcalət çəkir, üzrxahlıq edir, övladının şəxsi psixoloqu ilə, həmçinin məktəbin psixoloqu ilə söhbətlər aparır.
Valideyn övladını məktəbə yalnız təhsil almağa yox, eyni zamanda təhlükəsiz mühitdə formalaşmağa göndərir. Əgər təhlükəsizlik pozulursa, istər fiziki, istər psixoloji baxımdan, bu zaman inklüzivliyin adı qalır, özü yox.
Əqli və ya emosional fərqliliyi olan uşaqların da təhsilə bərabər çıxış hüququ var. Amma bu, onların təhsili üçün uyğun mühitin yaradılması ilə mümkün olmalıdır. Bu gün bu uyğun mühit varmı? Müəllimlər əlavə dəstək alırmı? Psixoloqlar siniflərlə işləyirmi? Xüsusi yardımçı heyət varmı? Bəli, məktəbdə psixoloq var, amma 3000 şagirdi olan məktəbə 2 psixoloq təbii ki, azdır. Belə olduğu halda əlbəttə ki, əgər qanunla hər həftə şagird psixoloqla görüşməlidirsə, psixoloq çatışmazlığına görə bu proses baş tutmur. Belə olduqda, yük müəllimin, risk də şagirdlərin üzərinə düşür.
Düşünürəm ki, dövlət bu məsələdə ciddi addımlar atmalıdır. Məktəblərdə psixoloqların sayı artırılmalı, müəllimlərə xüsusi təlimlər verilməlidir. Daha ağır psixoloji çətinliyi olan uşaqlar üçün ayrıca məktəblər və ya siniflər yaradılmalıdır.
P.S. Qızımın sinfində xüsusi qayğıya ehtiyacı olan uşaq qızları incitdiyinə görə, onların könlünü almaq üçün bir jest etmişdir. Anası ilə sinifdəki bütün qızlara hədiyyə almışdır.
Günel Həsənova, Bizimyol.info