Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, praktika göstərir ki, əgər bir ölkənin ərazisində hərbi münaqişə baş verirsə, həmin ölkədən axın edən qaçqın və sığınacaq axtaran şəxslər ilk əvvəl qonşu ölkələrdə məskunlaşırlar: “Məskunlaşmaq üçün müəyyən imkanlar yaradıldığı təqdirdə müvəqqəti qalır, münaqişənin bitməsini gözləyirlər və ya həmin ölkənin ərazisindən digər ölkələrə axın edilər. Misal üçün; Suriyada münaqişə olan zaman çox böyük sayda qaçqın məhz Türkiyə istiqamətində hərəkət etdi və sonrakı mərhələdə də Türkiyə üzərindən Avropaya axın etməyə başladılar. O zaman Türkiyə onlar üçün böyük imkanlar yaratdı. Onların sayı kifayət qədər çox idi. Təqribən 5-6 milyon qaçqın, məhz Türkiyə ərazisində qaldılar və bu rəqəm zaman-zaman dəyişdi. İndi azalma var. Çünki böyük bir hissəsi Əfqanıstandan olan qaçqınlar Əfqanıstana qayıtdı. Eyni zamanda Suriyadan olan qaçqınların 1,5 milyona qədəri Suriyaya qayıtmış oldu. Bu gün Türkiyə ərazisində 3,5 milyon qaçqın olduğu deyilir”.
Azər Allahverənov
“Təxmin etmək olar ki, İranda hər hansı bir münaqişə baş verərsə, qaçqınlar və sığınacaq axtaran şəxslər qonşu ölkələrə ərəb ölkələrinə üz tuta bilərlər. Burada Fars körfəzi ölkələrinə üz tutmaqla yanaşı, eyni zamanda Türkiyə və Türkiyə istiqaməti üzərindən Avropaya, həmçinin digər istiqamətlərdə də axınları ola bilər.
Burada təbii ki, miqrasiya axınlarını proqnozlaşdırmaq bəzi hallarda bir az asan görünəcək bir məsələdir. Amma eyni zamanda bunu da bir növ mürəkkəbləşdirən digər amillər var. Axın olunan ölkənin qanunvericiliyi, oradakı imkanlar, sosial dəstək proqramları və digər məsələlər istər-istəməz miqrantlar üçün, xüsusilə də münaqişədən qaçan şəxslər üçün bir növ cəlbedici olur. Misal üçün; Rusiya Ukrayna müharibəsi baş verən zaman Ukraynada çox böyük sayda qaçqının ilkin vaxtlar Moldova, Rumıniya və Polşaya hərəkət etdiyini gördük. Amma sonrakı mərhələdə Moldovaya gedənlərin böyük bir qismi Almaniya istiqamətində, o cümlədən Rumıniyadan olan ukraynalı qaçqınların Almaniyaya hərəkət etdiyinə şahid olduq. Çünki Almaniya hökuməti Ukraynadan olan qaçqınlarla bağlı xüsusi bir proqramlar işə saldı, xüsusilə də üç illik dəstək proqramları və digər məsələlər. Nəticə etibarilə ilkin dalğanın təyinat ölkəsi kimi qonşu ölkələrin seçildiyini biz gördük. Amma sonrakı mərhələdə həmin dalğanın daha da geniş yayıldığını və xüsusilə də Almaniya, Fransa və digər ölkələrə üz tutduğunu gördük. Bu da onu göstərir ki, sığınacaq axtaran şəxslər hər zaman axtarışda olurlar və harda onların məskunlaşması üçün uyğun bir şərait varsa, o imkanlardan istifadə edirlər”.
İradə Cəlil, Bizimyol.info