Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvaya sanksiyalar bu ölkəyə lüks avtomobillərin və digər dəbdəbə əşyalarının gətirilməsini önləyə bilməyib.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, 2022-ci ilin martından bəri sanksiyalardan yan keçməklə Rusiyaya "Bentley", "Ferrari", "Lamborghini", "Maserati" və "Rolls-Royce" markalarından azı 214 avtomobil idxal edilib. Onların ümumi dəyəri 5.9 milyard rubl (75 milyon dollardan çox) olub.
Araşdırmanı "TriTrace Investigations" aparıb. Sanksiyalardan yan keçmək üçün Qazaxıstan, Belarus, Ermənistan və digər ölkələrdəki şirkətlərdən istifadə olunduğu bildirilir.
"TriTrace" komandasına əvvəllər "Transparency International – Rusiya"nın direktoru olmuş İlya Şumanov rəhbərlik edir. Araşdırma Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan sərhədlərindən malların hərəkətinə dair bilgilər əsasında aparılıb. Bahalı avtomobillərin böyük hissəsi müharibə başlayandan sonra dövlətə yaxın şəxslərin sifarişi ilə Rusiyaya gətirilib. Onların arasında Qərbin sanksiyalarına məruz qalmış oliqarxlar, dövlət podratçıları, müdafiə sənayesi müəssisələrinin rəhbərləri, ilhaq edilmiş Krımın təmsilçiləri var.
Müharibə başlayandan bütün tədarüklərin 80 faizdən çoxu Rusiyada premium avtomobillərin ən iri idxalçısı "Avtodom" MMC-yə çatıb. Şirkət sahibi Andrey Olxovski 2025-ci ilin fevralından Böyük Britaniyanın sanksiyaları altındadır.
2024-cü il istehsalı, 27.25 milyon rubl dəyəri olan "Bentley Bentayga" avtomobilinin "Rusiya Vertolyotları" şirkətinin direktor müavininin ailəsi üçün gətirildiyi ehtimal olunur. Sızdırılmış məlumatlara görə, avtomobil üzrə sığorta şirkətin direktor müavininin oğlu Vadim Liqayın adına rəsmiləşdirilib. Avtomobil Türkiyə və Belarusdakı araçılar vasitəsilə Rusiyaya gətirilib, "Kazan "Start" zavodu" ASC-nin üzərinə qeydiyyata alınıb. Bu müəssisə "Alabuqa" iqtisadi zonasında "Şahed" (Qeran) tipli kamikadze-dronların istehsalında iştirak edir.
Digər "Bentley" 2023-cü il istehsalı olan "Flying Spur Azure Hybrid" modelidir, dəyəri 19.9 milyon rubldur. O, Belarus vasitəsilə Rusiyaya idxal edilib, alıcısı "İnteqral" MMC-dir. Bu şirkətin 100 faizi Krım Ali Sovetinin keçmiş deputatı Aleksey Şatskixə məxsusdur. O, "Krım Naş Park" turizm layihəsinə bağlıdır, bu layihəni sanksiyalar altında olan RNKB bankı maliyyələşdirib.
Daha bir avtomobil – 37 milyon rubl dəyərində "Lamborghini Urus" 385 min avroya Qazaxıstan şirkəti vasitəsilə alınıb, Aİ sanksiyaları altında olan oliqarx Yevgeni Zubitskinin xanımının adına rəsmiləşdirilib. Zubitski kömür və dəmir filizi hasilatı ilə məşğul olan Sənaye-Metallurgiya Holdinqinin həmtəsisçisi və prezidentidir.
Araşdırmaçılar bildirirlər ki, lüks avtomobillər Rusiyaya, əsasən, Belarus (64 avtomobil), Türkiyə (45), Qazaxıstan (41), İtaliya (14) və Ermənistan (10) vasitəsilə gətirilib. Avtomobillərin yarıdan çoxu – 206 avtomobildən 116-sı Aİİ ölkələri üzərindən idxal olunub.