Icma.az, 525.az portalına istinadən məlumat verir. Rafael HÜSEYNOVAkademik Məktəb lap evlərinin yanında olsa da, uşaqlar sentyabrda ilk dəfə
Hər uşağın yanında atasımı, anasımı, nənəsimi, babasımı mütləq olur.
Bəzənsə elə ciyərparalarının bu sevincli və balaca ömründəki ən əlamətdar gününə şahid olmaqçün hamısı yığışıb birlikdə gəlir.
Məhəllədə, bağçada, evdə dünənəcən o uşaqların başqa dostları, rəfiqələri vardı, indi bu təzə ünvanda - ikinci evlərinə çevriləcək, 10-11 il gəlib-gedəcəkləri, onlara nə qədər əziz olduğunu buradan ayrılandan sonra aydınlığı ilə hiss edəcəkləri məktəbin divarları arasında yeni dostlar tapacaqlar, bu 10-11 il ərzində bir-birləriylə küsüşəcəklər də, barışacaqlar da, çəkişə-çəkişə bərkişəcəklər və zaman ötdükcə bunu da anlayacaqlar ki, həmin doğma ünvanda onların qazandığı ən sadiq, ən ayrılmaz, heç vaxt unudulmayan, həmişə yanlarında qalan dostları 32 hərf imiş - onların sözlər dünyasına yolunu açan və sonacan da bələdçiliyini davam etdirən, canlıların ən canlısı olan ƏLİFBA!
O vaxt - 1999-2000-ci illərdə mən həmin çağacan yazılmış, tərtib edilmiş "Əlifba"lardan büsbütün fərqli bir dərslik üzərində işlərkən istedadlı rəssam dostum, animasiya ustası Elçin Hami Axundovdan rica etmişdim ki, kitabın cildində - üz qabığında və arxa qapağında eyni uşaqları eyni məkanda çəksin, amma bircə fərqlə: başlanğıcda onlar hərflərlə oynayırlar - məktəbə yenicə gəliblər, hələ hər hərf onlarçün, elə dünənəcən olduğu kimi, bir oyuncaq təkidir; amma 32 keçidli bu aşırımı başa vurandan, bütün hərfləri öyrənəndən sonra artıq həmin uşaqların hər birinin qarşısında kitab var.
Hərflərə bələd olandan, əlifba ilə dostlaşandan sonra onların ən yaxın dostları elə bunlar olub.
Və həmin kitabın içərisindən nağılın bir şah damar kimi keçməsini də özümçün qətiləşdirmişdim.
Həm də bu kitabda yalnız bizim öz nağıllarımızdakı deyil, dünyanın bütün məşhur nağıllarındakı qəhrəmanların paradını qurmaq niyyətində idim.