NAĞILA OXŞAMAQ İSTƏMƏYƏN DÜNYA Rafael Hüseynov yazır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Rafael HÜSEYNOV
Akademik
Məktəb lap evlərinin yanında olsa da, uşaqlar sentyabrda ilk dəfə məktəbə tək gəlmir. Hər uşağın yanında atasımı, anasımı, nənəsimi, babasımı mütləq olur. Bəzənsə elə ciyərparalarının bu sevincli və balaca ömründəki ən əlamətdar gününə şahid olmaqçün hamısı yığışıb birlikdə gəlir.
Məhəllədə, bağçada, evdə dünənəcən o uşaqların başqa dostları, rəfiqələri vardı, indi bu təzə ünvanda - ikinci evlərinə çevriləcək, 10-11 il gəlib-gedəcəkləri, onlara nə qədər əziz olduğunu buradan ayrılandan sonra aydınlığı ilə hiss edəcəkləri məktəbin divarları arasında yeni dostlar tapacaqlar, bu 10-11 il ərzində bir-birləriylə küsüşəcəklər də, barışacaqlar da, çəkişə-çəkişə bərkişəcəklər və zaman ötdükcə bunu da anlayacaqlar ki, həmin doğma ünvanda onların qazandığı ən sadiq, ən ayrılmaz, heç vaxt unudulmayan, həmişə yanlarında qalan dostları 32 hərf imiş - onların sözlər dünyasına yolunu açan və sonacan da bələdçiliyini davam etdirən, canlıların ən canlısı olan ƏLİFBA!
O vaxt - 1999-2000-ci illərdə mən həmin çağacan yazılmış, tərtib edilmiş "Əlifba"lardan büsbütün fərqli bir dərslik üzərində işlərkən istedadlı rəssam dostum, animasiya ustası Elçin Hami Axundovdan rica etmişdim ki, kitabın cildində - üz qabığında və arxa qapağında eyni uşaqları eyni məkanda çəksin, amma bircə fərqlə: başlanğıcda onlar hərflərlə oynayırlar - məktəbə yenicə gəliblər, hələ hər hərf onlarçün, elə dünənəcən olduğu kimi, bir oyuncaq təkidir; amma 32 keçidli bu aşırımı başa vurandan, bütün hərfləri öyrənəndən sonra artıq həmin uşaqların hər birinin qarşısında kitab var. Hərflərə bələd olandan, əlifba ilə dostlaşandan sonra onların ən yaxın dostları elə bunlar olub.
Və həmin kitabın içərisindən nağılın bir şah damar kimi keçməsini də özümçün qətiləşdirmişdim. Həm də bu kitabda yalnız bizim öz nağıllarımızdakı deyil, dünyanın bütün məşhur nağıllarındakı qəhrəmanların paradını qurmaq niyyətində idim. Nağıla belə meyil etməyim bir tərəfdən birinci sinfə gələn uşaqların hələ nağıl dünyasından ayrılmamaları, yenicə ayaq basdıqları məktəbdə ilk oxuduqları kitabda da onlara tanış aləmdə qalmalarının məqsədəuyğunluğu qənaətimlə bağlı idisə, digər tərəfdən nağılda ağıl olması, hər nağılın yaddaşa hoparaq ömür boyu insanla qalacaq biliklər daşıması inamımdan irəli gəlirdi.
Bəşərin ən ağıllı övladlarından biri dünyaya nisbilik nəzəriyyəsini bağışlayan Albert Eynşteyn (1879-1955) olub və o da söyləyib ki, istəyirsinizsə uşaqlarınız ağıllı olsun, onlara nağıl oxuyun. Yox, əgər istəyirsinizsə onlar lap ağıllı olsunlar, onda onlara daha çox nağıl oxuyun.
Dünya uşaqlarına neçə gözəl nağıl və onların əbədi dostuna çevriləcək nağıl qəhrəmanları bağışlamış Danimarka yazıçısı Hans Kristian Andersen (1805-1875) isə yazırdı ki, nağıl işığa dönüb uşaqların gözündə parlayan qızıldır.
Bir halda ki dünyanın ən böyük hekayətçilərindən biri nağılı uşaq baxışlarında bərq vuran sevinc zərrələrinə bərabər tutur, onda gərək uşaq aləminə dərindən bələd olan bu müdrik insanın sözlərinə qulaq asasan, uşaqlara həqiqətləri aşılamaqdan ötrü nağıllara çox arxalanasan.
Ona görə mənim "Əlifba"mda ilk hərfdən sonuncuya qədərki yolda - o sahildən bu sahilə olan məsafədə dənizə çıxan bir gəmi vardı və bütün hadisələr elə o nəhəng gəmidə cərəyan edirdi. Məktəbə birinci dəfə qədəm basdıqları ilk sentyabr günlərindən sonrakı bir neçə ay ərzində uşaqların "üzdüyü" sözlər dənizindəki "Əlifba" gəmisinin kapitanı və sükançısı Cırtdan idi. Onu da, həmin gəmidəki başqa qəhrəmanları da uşaqlar, hələ hərfləri bilməsələr də (hərçənd indiki birincilərin bir çoxu məktəb yaşı çatanda artıq yazıb-oxumağı bacarır, ən azı hərflərin çoxunu tanıyır), adətən üzdən tanıyırlar, görüncə adlarını dilə gətirirlər: "Aaa, bu ki Qar Qızdır, bu, Göyçək Fatma, bu isə Tıq-tıq xanım, bu da Qırmızıpapaq, o da Düyməcik". Bunlar qızlar idi, bir tərəfdə də oğlanlar sıralanmışdı - hazırcavab Bala Nəsrəddin, sehrli çıraqlı Ələddin, igid Məlikməmməd, qorxmaz Mauqli, çoxbilmiş Hadıyla gonbul Bıdı, qızıl açarlı Buratino, damdayaşar Karlson, soğanbala Çipollino, ulu babası səyyah Sindibada oxşamış çoxgəzən balaca Sindibad. Düzdür, uşaqlar hələ nə filmlərdə, nə şəkilli dərgilərdə ərköyün, yöndəmsiz Şişman Divzadəni görmüşdülər, nə də yerin altını da, üstünü də bilən Candəmirlə rastlaşmışdılar. Ancaq Candəmirin robot qardaşları onlara dönə-dönə baxdıqları silsilə filmlərdən yaxşı tanış idi, ona görə buna da isinişmələri tez baş verməli idi.
Onların hərəsinin öz nəğməsi vardı və hər birinin də mahnısında öz taleyi.
Bala Nəsrəddin belə oxuyurdu:
Sözün dibində göz var,
Gözün dibində köz var,
Sözün içində söz var,
Bu söz o sözdən deyil,
O söz bu sözdən deyil.
Belə-belə işlər,
Belə-belə...
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Ulaq çiməndə üz min,
Tərsə dayansa düz min.
Ulaq olsa da yüz min,
Bu min o mindən deyil,
O min bu mindən deyil.
Belə-belə işlər,
Belə-belə.
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Səsin dibində iz var,
"Biz"in dibində siz var,
Sözün düzündə biz var.
Bu biz o bizdən deyil,
O biz bu bizdən deyil.
Belə-belə işlər,
Belə-belə.
Gülə-gülə, dostlar,
Gülə-gülə.
Düyməcik bizə Qərbdən gəlib. Onun atası Andersendir. Yəni Danimarkada xalq arasında daha əvvəllərdə nə belə bir nağıl olub, nə belə qızcığaz. 1835-ci ildə Andersenin qələmində doğulan Düyməcik bir kitabın səhifələrindən uşaqlarla görüşə gəlib və sonra başlayıb diyar-diyar gəzməyə. Bizim Düyməciyin mahnısı belə idi:
Düymə boyda boyum mənim,
Bircəciyəm, birinciyəm.
Dam dolusu toyum mənim,
Düyməciyəm, gəlinciyəm.
Qönçə qızı, tər qönçəyəm,
Tər qönçədən mən incəyəm.
Gül balası - güləm, güləm,
Rəqs eləyəm, deyəm, güləm.
Yelləncəyim çiçəklərdir,
Oynayıram mehlər ilə.
Yatağım al ləçəklərdir,
Yuyunuram şehlər ilə.
Yaxşılıq et, at dənizə,
Balıq bilməz, xalıq bilər.
Sən əl uzat, qayğı göstər,
Yatmış bilməz, ayıq bilər.
Gül balası güləm, güləm,
Rəqs eləyəm, deyəm, güləm.
Əhvalat 1300 il əvvəl vaqe olurdu, iranlı gözəl Şəhrizad hər gecə ərəb xəlifə Harun ər-Rəşidə bir nağıl söyləyirdi. O nağıllardan birində əlində sehrli çırağı olan, həmin çırağın içərisindəki Cinin köməyi ilə sonsuz güc qazanmış Ələddin də vardı. Ancaq Ələddinin ağlındakı güc heç o Cinin qüdrətindən əskik deyildi, sadəcə, çıraqdakı buyruq qulu Cinin vasitəsilə dərrakəli Ələddin əlavə üstünlüklər qazanmışdı. Bağdadlı uşağın "1001 gecə" nağıllarındakı dünyanı gəzən hekayətini ilk dəfə ekranlaşdıran 1966-cı ildə sovet kinorejissoru Boris Rıtsarev (1930-1995) oldu. Yeri gəlmişkən, həmin filmdə 1960-cı illərdə Azərbaycan Radiosunda səslənən daimi verilişlə Azərbaycan uşaqlarının sevimli Xoruz babasına dönmüş Xalq artisti, aktyor Hüseynağa Sadıqov (1914-1983) da vardı.
Düz 20 il sonra - 1986-cı ildə isə amerikan rejissor Tima Börton "Ələddin və onun sehrli çırağı"na bir də qayıtdı və bu mövzuda bədii televiziya filmi çəkdi. Bizim "Əlifba"da Ələddin belə oxuyur:
Yarağın olsa çin-çin,
Diləyin olsa min-min,
Köməyin olub yüz cin
Hər arzunu etsə çin,
Yenə özünə güvən,
Yenə özünə güvən.
Yaraqlardan ən güclü
Yaraq sənin özünsən,
Çıraqlardan ən güclü
Çıraq sənin özünsən!
Üzüyüm düyün açar,
Çırağım sehir saçar,
Çox ovsunlu açar var,
Amma ən üstün açar
Sənsən, özünə güvən!
Sənsən, özünə güvən!
Yaraqlardan ən güclü
Yaraq sənin özünsən,
Çıraqlardan ən güclü
Çıraq sənin özünsən!
Sənsən, özünə güvən,
Güvən, özünə güvən.
Nağıllarımızın özü yaraşıqlı, sözü qəşəng, əməli-işi gözəl Göyçək Fatmanı "Əlifba"mıza örnək şagird kimi gətirmişdik. Bu cür səliqəli, ədəbli, əlaçı qızlar adətən hər sinifdə olur, belələrini də həmişə başqalarına nümunə göstərirlər. Ancaq bizim Göyçək Fatmanın da dünyada bolluca bacıları var: nə az, nə çox - təqribən min civarında. İlk "Göyçək Fatma"sa (əlbəttə, adı başqa idi - yunan qızı Rodopis) hələ qədim Misir papiruslarında görünür, ədəbiyyata birinci dəfə doqquzuncu yüzildə, Çində, Duan Çenşi (803-863) qələmində gəlib. 1634-cü ildə italyan Cambattista Bazile (1566-1632), 1697-də fransız Şarl Perro (1628-1703), XIX yüzildə isə alman Qrimm qardaşları öz Küllücələrini, daha sonra ruslar Zoluşkalarını yaradırlar. Bu hamıya doğma nağıl qəhrəmanı sıra-sıra ölkələrdə musiqiyə də köçüb, səhnəyə də çıxıb, ekrana da qonub. 1817-ci ildə italyan bəstəkarı Coakkino Rossini (1792-1868), 1899-cu ildə fransız bəstəçisi Jül Massne (1842-1912) bu qızcığaza həsr olunmuş ilk operaları doğurublar. Dünya kinosunun üçcə yaşı olanda artıq bu qız kinorejissor Corc Alberta Smitin (1864-1959) qısametrajlı filminin əsas surətinə dönür. Bundan sonrakı onillər boyunca isə dünya kinematoqrafı bu xanımcığazın taleyini on dəfələrlə müxtəlif baxımlı filmlərin mövzusuna çevirir.
Bizim "Əlifba"da isə Göyçək Fatma ilk hərfləri, ilk şeirləri öyrənən, qələm götürüb ilk sözləri, ilk sətirləri yazan səliqə-sahmanlı birinci sinif şagirdi qiyafəsində yer alırdı və belə oxuyurdu:
Göydə bulud, külək ol,
Kəpənək ol, çiçək ol,
Göyçəklərdən göyçək ol,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun!
Qığılcım ol, alış hey,
İnadkar ol, yarış hey,
Zirvələrçün çalış hey,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun,
Arzuların dilində,
Uğurlar öz əlində,
Kömək olsun elin də,
Bir az da bəxtin olsun,
Bir az da bəxtin olsun!
Dəniz səyyahı Sindibadın, ya digər məşhur adı ilə desək, Sindibad əl-Bəhrinin də əsl böyük səyahətləri "1001 gecə" nağıllarından başlanıb. Ancaq "1001 gecə"də onun Asiya-Afrika səmtlərinə cəmi yeddi dillər əzbəri səyahətindən bəhs edilirsə də, artıq Sindibad dünyanı çoxdan fəth edib, elə bir qitə, ölkə, şəhəri təsəvvür etmək mümkün deyil ki, bu səyyahın ora "ayağı dəyməsin". Yəni onun haqqındakı sözlərin ayağı...
Belə bir fikir var və çinlilər də həmin gümanı ən doğru tarixi soraq sayırlar ki, əslində Sindibad onların həmyerlisi, Min epoxasında yaşamış "Sanbao" ləqəbli, Çjen Xe adlı dəniz səyyahı imiş.

"Əlifba"mızda isə Sindibad ulu babasının adını daşıyan və hələ az kəşf olunmuş dünyanın çeşidli nöqtələrinə əski əyyamlardakı kimi səfərlərə çıxmağı diləyən dənizçi deyil, astronavt, kosmonavt olub ulduzlara doğru uçmağı arzulayan səyyah uşaq idi.
Onun nəğməsi də belə idi:
Sən yellərdən qanad tax,
Düzlərdən öt, dağdan aş.
Sindibad, heç yorulma,
Eldən-elə gəz-dolaş.
Çağırar məni yollar,
Şəhər-şəhər aparar.
Hər şəhərdə bir sirr var,
Duymaq istəsən, yanaş.
Gəz-dolan bu dünyanı,
Öyrən yaxşı-yamanı.
Gəzib, görüb, öyrənib,
Özünü gözəl tanı!
Atalar düz deyiblər:
Çox gəzənlər çox bilər,
Bir kitabdır hər səfər,
Aç, oxu yavaş-yavaş.
Gəzsən də qitə-qitə,
Sona yetsə xəritə,
Görmək, bilmək həvəsi
Çətin haçansa bitə.
Adaşım ulu babam
Yerdə tapmırdı aram.
Səyahət arzusuyla
Mən Göylərə baxıram.
XIV yüzildən bəri çox sular axıb keçib, dünya çox dəyişib. O dövrdə yaşamış insanların nəvə-nəticələrinin əksəri heç əcdadının adını bilmir. İtikcələrdən sonra çox nəsil izləri də qeybə çəkilir. Ancaq balaca Qırmızıpapaq o vaxt hansı yaşda, hansı gözəllikdə, hansı şuxluqda idisə, yenə həmin təhər qalmaqdadır. Elm bu fikirdədir ki, Qırmızıpapaq əhvalatı ilkin olaraq 600 il öncə Fransa, İtaliyada, İsveçrədə yayılıb. Dil açıb danışan qurd da o günlərdən indiyədək Qırmızıpapağa qoşularaq yaşamaqdadır.
Nağılı birinci dəfə 1697-ci ildə Parisdə kitab səhifələrinə çıxaran Şarl Perro olmuşdu. Daha sonra isə bu nağıla Qrimm qardaşları üz tutur. Söyləmələrə görə, Yakob (1785-1863) və Vilhelm Qrimm (1786-1859) qardaşları bu rəvayəti evlərində işləyən qulluqçu qadından eşitmiş, bir az da bəzək vuraraq Şarı Perronun vəfatından yüz il sonra növbəti dəfə daha geniş ədəbi üfüqlərə uçurmuşdular.
Bizim "Əlifba"da Qırmızıpapaq belə oxuyurdu:
Papağı qırmızıyam,
Kəndimin ulduzuyam.
Nənəm yolumu gözlər,
Əzbərimdir bu sözlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Atamın şən qızıyam.
Yolum meşədən keçər,
Dilimdədir bu sözlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Babam deyir quzuyam.
Yadımda axşam-səhər
Anam verən öyüdlər:
Böyük sözünə baxan
Yanılmaz heç bir zaman.
Papağı qırmızıyam,
Papağı qırmızıyam,
Mən atamın-anamın
Sözəbaxan qızıyam,
Papağı qırmızıyam.
İngilis yazıçısı Redyard Kiplinqin (1865-1935) "Cəngəlliklər kitabı"ndan (1864) çox-çox əvvəllər də, çox-çox sonralar da bəs deyincə Mauqlilər - körpəykən heyvanlar içərisinə düşən, ancaq canavarların himayəsində salamat qalan, daha artıq, heyvanlar ailəsinin bir üzvünə çevrilərək vəhşilər arasında asudə yaşayanlar olub. Ancaq Mauqlinin bəxti onda gətirdi ki, Kiplinqin mahir qələminə düşdü və milyonların sevimlisinə çevrildi.
Bizim Mauqlinin belə bir nəğməsi vardı:
Dağlar, meşə, çöl mənim,
Balıq, yosun, göl mənim.
Bulaqlardır sirdaşım,
Qayalar arxadaşım.
Mən təbiətin oğlu
Mauqliyəm, Mauqli.
Bulud, yağış, göy mənim,
Qartal, kəklik, ley mənim.
Quşlar olub sirdaşım,
Şimşəklərdir qardaşım.
"Mo" oğluyam, "mə" oğlu,
Mauqliyəm, Mauqli.
Bəbir, ayı, fil mənim,
Ağac, çəmən, gül mənim.
Cəngəllikdir sirdaşım,
Heyvanlardır yoldaşım.
Boz qurdun doğma oğlu
Mauqliyəm, Mauqli.
Mən təbiətin oğlu,
Mauqliyəm, Mauqli.
O, bir odun parçasından yonulub düzəldilmiş oğlandı. Əslində bir italyan kəlməsi olan "Buratino"nun mənası "taxta oyuncaq artist" deməkdir. 1881-ci ilin 7 iyulunda Karlo Kallodi (1826-1890) Romada "Pinokkionun macəraları" adlı nağıl kitabını buraxdı və o gündən bu uzunburun oğlan dilə-dişə düşdü. Sonralar çoxları bu oğlanı qəhrəmanlarına çevirsələr də, Aleksey Tolstoyun (1883-1945) "Qızıl açar, ya Buratinonun sərgüzəştləri" (1936) nağıl-povestinin ayağı daha sayalı oldu, həmin əsər əsasında film çəkiləndən sonra isə Buratino yeni, daha şöhrətli həyatını yaşamağa başladı.
Və günlərin birində bizim "Əlifba"ya da gələrək belə oxudu:
Mən bir taxta oğlanam,
Sanma saxta oğlanam.
Çaşdım kitabdan qaçdım,
Bircə anda dolaşdım.
Toplaşın, dostlar, dostlar,
Məndədir qızıl açar.
Şərdən qurtulaq qaçaq,
Xeyir qapısın açaq.
Mən bir taxta oğlanam,
Sanma saxta oğlanam.
Dilim var, ağızım var,
Qələmim, kağızım var.
Toplaşın, dostlar, dostlar,
Məndədir qızıl açar.
Çiyni pərli, özü fərli, mürəbbə aşiqi Karlsonun valideynisə İsveç yazıçısı xanım Astrid Lindqrendir (1907-2002). Mən yaxşı bilirəm ki, Karlson bu yazıçının 1955-ci ildə yazdığı "Damda yaşayan Balaca Karlson", 1962-ci ildə buraxdığı "Damda yaşayan Karlson yenidən uçub gəldi" və 1968-ci ildə nəşr etdiyi "Damda yaşayan Karlson yenə dəcəllik edir" adlı üçcildliyindən yaranıb. Ancaq illər öncə ilk dəfə yolum Stokholma düşəndə dostlar məndən haraları gəzib-görmək istədiyimi soruşanda qayıtmışdım ki, məni Vasastan rayonuna aparın.
Çünki Lindqrenin özü də şəhərin həmin hissəsində yaşamışdı, Karlsonun "evi" də orada idi. Dostumuz Karlsonun "yaşadığı damı" görməyə məndə qeyri-adi uşaq həvəsi vardı...
Karlsonun "Əlifba"mızdakı nəğməsi belə səslənirdi:
Görsən ki, dostun yoxdur,
Görsən ki, qayğın çoxdur,
Açıq qoy pəncərəni,
Tez çağır, çağır məni.
Deyiləm uçan boşqab,
Həm sualam, həm cavab.
Konfeti yeyən on-on,
Mənəm gonbul Karlson.
Bir gün hamıdan küssən,
Bezsən əyləncələrdən.
Açıq qoy pəncərəni,
Tez çağır, çağır məni.
Az bax, az bax göylərə,
Nə peykəm, nə təyyarə.
Uç gəl, uç gəl dama qon,
Bax gör kimdir Karlson.
Azərbaycan nağıl dünyasının Tıq-tıq xanımının dəqiq doğum tarixi var - 1910-cu il. Amma onun da qismətinə həmişə eyni yaşda qalmaq, daim diri olmaq, müdam sevilmək yazılıb. Abdulla Şaiqin (1881-1959) Tıq-tıq xanım mənzum nağılı ilk dəfə şairin 1910-cu ildə Bakıda çıxan "Uşaq gözlüyü" kitabında doğuldu. 1974-cü ildə isə "Tıq-tıq xanım" cizgi filminə çevriləndə bu naz-qəmzəli xanımqız nəğmələr oxumağa başladı. Ancaq bizim "Əlifba"dakı nəğməsi o nəğmələrdən deyildi. Bu nəğməni ona oxudan düşdüyü mehriban dostlar çevrəsidir:
Pal-paltarı şıq mənəm,
Tamam yaraşıq mənəm.
Dolanıb el-obanı,
Dost gəzən Tıq-tıq mənəm.
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Ürəyi də gen gərək.
Birinin boyu uca,
Biri məndən balaca.
Çox axtardım, çox seçdim,
Əsl dostu tapınca.
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Darvazası gen gərək.
Yol üstdə durub Çıq-çıq,
Söyləyir: "Gəl çıx, gəl çıx".
Ürəyi vurur tup-tup.
Axtarır, hanı Tıq-tıq?
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
Mənimlə dost olanın
Ev-eşiyi şən gərək.
Ondoqquzuncu yüzildə rusların el sözü toplayan dəyərli bir ziyalısı olub - Aleksandr Afanasyev (1826-1871). O, xalq arasında dolaşan, qardan düzəldilmiş və dirilik qazanmış qızdan bəhs edən əfsanəni ilk dəfə 1869-cu ildə "Slavyanların təbiətlə bağlı poetik görüşləri" adlı kitabının ikinci cildində nəşr etdirir. 1873-cü ildə isə rus dramaturqu Aleksey Ostrovski (1823-1886) Afanasyevin dərc etdiyi nağıllar əsasında "Snequroçka" adlı pyes yazır və onu Şaxta Baba ilə Gözəl Baharın qızı kimi qələmə verir. Qar Qızın Şaxta Baba ilə birgə Yeni il şənliklərində görünməsinin tarixçəsi isə 1937-ci ildən başlanır. Həmin ilin yanvarında Moskvada, İttifaqlar Evində keçirilən təzə il mərasimində ilk dəfə Şaxta Baba uşaqların görüşünə nəvəsi ilə gəlir. O illərdəki bayram şənliklərində Şaxta Babanın yanındakı Qar Qız, elə salamladığı məktəblilər kimi, xırdaca uşaqmış, vaxt ötdükcə asta-asta yeniyetmə, gənc qıza çevrilir. Ancaq bizim "Əlifba"da Qar Qız elə hərfləri öyrənən digər uşaqlarla yaşıddır.
Unudulmaz bəstəkarımız Adil Bəbirov Qar Qız haqdakı şeirə gözəl nəğmə yazmışdı. Kanadaya getməsi ərəfəsi idi. Vaxtı azdı, nota almağa macalı yoxdu, ancaq çaldı, oxudu, lentə yazdım. Cavanşir Quliyevdən də xahiş etdi ki, vaxt tapsan, arada bunu mənim çalğımdan nota sal. Həmin lenti köçürüb Cavanşirə də vermişdim. Sonra Cavanşir də uzun müddətə xaricə işləməyə getdi, qayıdandan sonra da saysız belə lentlərin olduğu arxivində həmin lenti tapması ona çətin gəldi. Ancaq yaxşı ki, o lent yazısının əslini özümdə saxlayıbmışam. Odur ki, Adilin son yadigarlarından olan bu nəğməni də tezliklə eşidə biləcəksiniz:
Sular donar,
Ələnər qar
Üşümərəm - mən Qar Qızam.
Günəş gülər,
Nur səpələr
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Külək əsər,
Soyuq kəsər,
Üşümərəm - mən Qar Qızam.
Gələr bahar
Ocaq çatar.
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Qopar boran,
Coşar tufan,
Üşümərəm - mən Qar Qızam.
Duman çökər,
Yağış tökər,
Ərimərəm - mən Qar Qızam.
Qış da birdir, yaz da birdir,
Dağ da birdir, düz də birdir.
Təki səni sevən olsun,
Təki səni sevən olsun.
Paxıl gözdən,
Acı sözdən
Üşüyərəm - mən Qar Qızam.
Kobud səsdən,
Yad nəfəsdən
Əriyərəm - mən Qar Qızam.
Qış da heçdir, yaz da heçdir,
Dağ da heçdir, düz də heçdir
Yoxsa səni sevən dostlar.
Nə yaxşı ki, dostlarım var,
Nə yaxşı ki, dostlarım var!
Cırtdanın "Əlifba" boyu nəğmələri çox idi, bu, yalnız bircəsidir. Əvvəldən-sona Şişmanla yarışdığından və deyişdiyindən onun nəğmələri sayca o biri qəhrəmanların hamısını üstələmişdi:
Mən meşədə odunqıran
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Harda gördün qara yalan,
Başqasına quyu qazan,
Orda div var, orda div var,
Aç palanın, tök yalanın,
Kəs səsini ev yıxanın.
Mən meşədə odunqıran,
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Harda gördün bir kələkbaz,
Sözü, işi gəlməz taraz,
Orda div var, orda div var.
Dərsini ver yaramazın,
Əli əyri natarazın.
Mən meşədə odunqıran,
Əfəl divə oyunquran.
Mən qayğısız odunçuyam,
Divi yıxan oyunçuyam.
Candəmirin də "atası" mənəm. 25 il əvvəl doğulan Candəmir arzulayırdı ki, o da başqa uşaqlar kimi duya, gülə, qəmlənə, hər kəs kimi ola bilsin. O, qüvvətcə, ağılca bütün tay-tuşlarından üstün idi, amma qeyri-adi yox, elə hamıdan biri kimi olmaq ən böyük istəyi idi. Aradan o qədər də böyük vaxt keçməyib. Amma artıq robotların - Candəmirlərin həmin arzusu gerçəkləşməyə yaxın kimidir axı. İnsan elə özünə çox oxşayan, hətta hiss etməkdə də ona bənzəyəcək Candəmirlər doğurmağın astanasındakı kimi görünür:
İstəyirəm mənim də
Şirin gülüşüm olsun.
İstəyirəm mənim də
Ağrıyan dişim olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
İstəyirəm mənim də
Bacım, qardaşım olsun.
İstəyirəm mənim də
İsti göz yaşım olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
İstəyirəm mənim də
Canım adi can olsun.
Baş versin bir möcüzə
Candəmir oğlan olsun.
Biliklərlə doluyam,
Bilgisayar oğluyam.
Nə maşınam, nə adam,
Aralıqda qalmışam.
Canni Rodari (1920-1980) bir italyan kommunist yazıçı idi, bu səbəbdən də ona Sovet İttifaqında xüsusi rəğbət bəslənirdi, əsərlərini bir ucdan tərcümə və çap edirdilər, yazdıqlarını səhnələşdirirdilər, SSRİ boyu nəşriyyatların, teatrların qapısı üzünə açıq idi. Ancaq o elə mətləblərdən yazırdı ki, bunlar bir sovet yazıçısının qələmindən çıxsa idi, səsi ya Sibirdən gələrdi, ya da dəlixanalardan. Məcazi yazırdı, əsərləri sətiraltı sancmalarla, birbaşa ifşalarla dolu idi. Guya italyan cəmiyyətini pisləyirdi, fəqət yazdıqlarının, astarını avanda çevirdiklərinin, kəskin tənqid atəşinə tutduqlarının hamısı elə sovetlərdə də vardı. "Çipollinonun macəraları" kitabını o, 1951-ci ildə yazdı. Əsərdəki surətlər meyvə-tərəvəzdi, amma adam dili ilə danışır, insan cəmiyyətinin həqiqətlərindən deyirdilər. SSRİ-də 1961-ci ildə ayrıca "Çipollino" adlı multfilm də çəkildi, 1973-də bədii film də.
Haqsızlığa qarşı mübarizə aparan soğan oğlanın kitabı Moskvadan sonra tezliklə Bakıda da uğurlu tərcümədə nəşr edilmişdi.
Bizim Çipollino belə oxuyurdu:
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Bizi qovar, bizi daşlar
Cibi dolu, başı boşlar.
Bizə gec-tez məğlub olar
Qarnı yoğun, qəlbi daşlar.
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Çox da boyum bircə damcı,
Hərdən sözüm elə acı.
Günahkarın gözlərindən
Yaş süzdürər acı-acı.
Mən cuppulu Çipollino!
Kim sevir dondurma, kino,
Baxsa görər ömür yolum
Deyil bir qondarma kino.
Bizim Hadı və Bıdı adlı da nağıl qəhrəmanlarımız olmayıb. 1959-cu ildə Əlisəttar Atakişiyev yazıçı və alim Məhəmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesinin motivləri əsasında "Bir qalanın sirri" bədii filmini çəkdi. Nağıl qəhrəmanlarımız qıt olduğundan ekranlara çıxdığı ilk vaxtlardan bugünədək doyulmadan baxılan o filmdəki Hadı və Bıdı surətlərini də mən qəhrəmanlarımızın cərgəsinə qatdım.
Bıdı - Əkizik Hadı, Bıdı,
Bıdı mənəm, o, Hadı.
Hadı - O yeyir mən yeyəni,
O demir mən deyəni.
Bıdı - Şiş təpələr dam imiş,
Qayalar adam imiş.
Tilsim qurub sehirkar,
Hamısı daş olublar.
Hadı - Kitabdan-kitaba keç,
Hər gün təzə kitab seç.
Açmaq üçün tilsimi
Sən oxu mənim kimi.
Hadı - Əkizik Bıdı, Hadı,
Mən Hadıyam, o, Bıdı.
Bıdı - O geymir mən geyəni,
O demir mən deyəni.
Bıdı - Heyimi alar kitab,
Sevdiyim kabab, qutab.
Çox yeyim ki, güclənim,
Göygözə olum qənim.
Hadı - Gücü kitabdan alsan,
Sən yenilməz olarsan.
Qorxub qaçar tilsimkar,
Cana gələr qayalar.
Hadı - Əkizik Hadı, Bıdı,
Mən Hadıyam, o, Bıdı.
Bıdı - Hadı, Bıdı əkizik,
Tilsimi qıran bizik!
Hadı - Birlikdə qüvvətliyik.
Bıdı - Birlikdə qüvvətliyik!
Simurq quşunun qanadlarında dustaq olduğu qaranlıq dünyadan işıqlı aləmə çıxan cəsur, yenilməz Məlikməmməd mənə öz uşaqlıq illərimdən sevimli olub, ancaq "Əlifba"nı yazdığım əsnada mənə daha əziz gəlirdi. Çünki bütün başqa məziyyətlərindən savayı, o, nağıllarımız arasında uşaqlarımıza uyğun gələn lap az surətlərdən biri idi. Ona görə Məlikməmmədə də bir yox, bir neçə mahnı yazdıq:
Qızıl alma bitən bağlar
Bizimkidir, Zümrüd quşu.
Köksü yaşıl uca dağlar,
Bizimkidir, ?Zümrüd quşu.
Əldə qılınc, üçtelli saz,
Cəngavərəm, igid, qorxmaz.
Keşikdəyəm ayıq-sayıq,
Yüz div gələ, mənə batmaz.
Zümrüd quşu, ümid quşu,
Ucalardan bu yurda bax.
Arzu quşu, Zümrüd quşu,
Qanadına al məni, qalx!
Sərhəddəki tənha bitən
Gülə keşik çəkirəm mən.
Düşmənimiz qara divdir,
Çiçəyimsə - Ana Vətən.
Darda olsam, Zümrüd quşu,
Gəl çat, gəl çat, səndən mədəd!
Darda qalsan, Zümrüd quşu,
Sənə kömək Məlikməmməd!
"Əlifba"da div də vardı, onun oğlu Şişman da. Ancaq bunlar nağıllarımızdakı əcaib divlərdən deyildi, hansısa qəbahətlərinə görə sataşaraq belə adlandırılan, islah oluna bilinənlər qəbilindən idilər. "Əlifba" yoluna çıxanda Şişman əvvəlcə təkəbbürlü idisə də, hərf-hərf keçdikcə yumşalmışdı, çox qüsurlarından arıtlanmışdı, çox səhvlərindən nəticə çıxarmışdı:
Daha qorxum yoxdur ki,
Cırtdan məni həriflər.
Oxuyuram, yazıram,
Yoldaşımdır hərflər.
Tərpədərsən asanca
Dəyirmanın daşını.
Amma gərək yaxşıca
İşlədəsən başını.
Çağırardılar məni:
"Yekəpər, köntöy Şişman".
Elədi məni qıvraq
Rəqslər, bir də idman.
Çox axıtdı bilməmək
Gözlərimin yaşını.
Atdım, biryolluq atdım
Tənbəlliyin daşını.
"Əlifba"dakı div adamların qorxduğu divlərdən deyildi, özü adamlardan çəkinən divlərdən idi - hər adamdan yox, divdən betər adamlardan.
Adam var divdən betər,
Adam var divi yeyər.
Div yeyər doysun özü,
Adamın doymaz gözü.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
Divin var bir sifəti,
Yaxşı-pis - o, belədi.
Adam gah olur Cırtdan,
Gah Xortdan, gah da Şeytan.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
Div olsa da lap qanmaz,
Bir divin qanın sormaz.
Adamı əzir adam
Mən divəm - çaş qalmışam.
Birini bilirsiniz,
Birini bilmirsiniz.
"Div pisdir!" deyirsiniz,
Adamı demirsiniz.
...Düz 25 il əvvəl, hər gün "Əlifba" ilə nəfəs aldığım, bu qəhrəmanlarla oturub-durduğum günlərdə mən Azərbaycanın ən yeni nağıllarını da yazmağa başlamışdım və əslində bu köhnə nağıl qəhrəmanlarının yeni macəraları olacaqdı. Bəlkə Fransada, İngiltərədə, Almaniyada, İraqda, İtaliyada, Rusiyada, ya digər ölkələrdə kimsə əski nağıl qəhrəmanlarının yeni sərgüzəştlərini yazıb, yaxud yazacaq.
Ancaq onların heç biri mənim düşündüyüm yeni nağıllara bənzəməz. Çünki mənim yazdığım nağıllar həm bizimki, həm dünyanınkı olacaq. Çünki bu nağıllarda dünyanın uzaq ellərinin nağıl qəhrəmanları birgədirlər, hamısı dost, həmdəm, bir-birinə məhrəm və xoşbəxtdirlər. Narahat dünyamız da bu nağıllardakı günlərə yetişəndə bəxtiyar olacaq! Nağılda bunu etmək asandır, dünyanı nağıla döndərmək çətin!
25 fevral 2025

