NASA nın kinetik zərbə üsuluna qarşı Çindən yeni planetar müdafiə planı

08.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yer kürəsinə doğru böyük bir asteroid hərəkət edərsə, bəşəriyyət onu necə dayandıra bilər? Çin mütəxəssislərinin apardığı yeni elmi araşdırmaya görə, ən effektiv həll yolu kosmik cismin daxilində əvvəlcədən qazılmış boşluqda nüvə partlayışı törətməkdir. Lakin bu missiyanın uğurla tamamlanması üçün insanlığın hazırlıq məqsədilə kifayət qədər vaxtı olmalıdır.

"Space: Science and Technology" elmi jurnalında dərc olunan məqalədə qeyd edilir ki, diametri 100 metrdən çox olan bir asteroid Yerlə toqquşma trayektoriyasına daxil olarsa, ənənəvi müdafiə üsulları — məsələn, kinetik zərbə və ya orbitin zəif xarici təsirlərlə uzunmüddətli dəyişdirilməsi — gözlənilən nəticəni verməyə bilər. Çin Raket Daşıyıcıları Texnologiyası Akademiyasının alimi Syaovey Vanın rəhbərlik etdiyi tədqiqat qrupu nüvə yükünün tətbiqi ilə bağlı iki əsas ssenarini modelləşdirib. 

Birinci ssenari (Səthi partlayış): Kosmik aparat asteroidin səthinə çırpılaraq dayaz bir krater açır və nüvə qurğusu dərhal orada partladılır. Bu üsulun yeganə üstünlüyü sürətli icra oluna bilməsidir, lakin enerji ötürülməsi baxımından az effektivdir. İkinci ssenari (Daxili nüvə partlayışı): Xüsusi qazıcı-penetrator əvvəlcə asteroidin içərisində dərin bir boşluq açır, daha sonra bura nüvə yükü yerləşdirilərək partladılır.

Virtual bazada aparılan riyazi hesablamalar və simulyasiyalar göstərib ki, vaxt amili imkan verdiyi təqdirdə məhz ikinci — dərinlikdə törədilən partlayış üsulu maksimum səmərə verir. Alimlərin qiymətləndirməsinə görə, bu metod 100 metr diametrli asteroidləri tamamilə parçalamağa qadirdir. Əgər söhbət 1 kilometr ölçüdə olan daha nəhəng obyektdən gedirsə, daxili nüvə partlayışı onun sürətini saniyədə 1 metr dəyişməyə məcbur edir. Erkən aşkarlanma sayəsində bu cür kiçik sürət dəyişikliyi belə cəmi iki ay ərzində asteroidin hərəkət trayektoriyasını Yerdən kənara çıxarmaq üçün tam kifayət edir.

Mütəxəssislər vurğulayırlar ki, real müdafiə əməliyyatları zamanı asteroidin daxili strukturu (onun monolit daş və ya bir-biri ilə zəif bağlı olan qırıntı topası olması) mühüm rol oynayacaq. 

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью