Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Regionun köklü və aparıcı ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti (NDU) bu gün yalnız muxtar respublikanın deyil, bütövlükdə, ölkəmizin elmi və akademik mühitində özünəməxsus yer tutur. Yarandığı gündən zəngin ənənələrə söykənən universitet müasir dövrün çağırışlarına cavab verən innovativ layihələri və yüksək səviyyəli kadr hazırlığı ilə fərqlənir.
Son 10 ilin inkişaf dinamikası
Son onillik universitetin tarixində keyfiyyətcə yeni mərhələ, hərtərəfli transformasiya dövrü kimi yadda qalıb. Bu illər ərzində həyata keçirilən köklü struktur və modernləşmə islahatları ali təhsil ocağının simasını əsaslı şəkildə dəyişib. Əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq, xüsusilə süni intellekt, informasiya texnologiyaları, proseslərin avtomatlaşdırılması, tibb və müasir pedaqogika istiqamətlərində onlarca yeni ixtisas açılıb. Qlobal təhsil şəbəkəsinə inteqrasiyanı təmin etmək üçün ingilisdilli ixtisasların tədrisinə xüsusi üstünlük verilir. Bu yeniliklərin nəticəsində universitetə maraq ildən-ilə artır və hazırda tələbələrin sayı 12 mini ötür.
Beynəlmiləl təhsil mərkəzi
NDU çoxsaylı xarici tələbələrin təhsil aldığı ali təhsil müəssisələrindən biri kimi beynəlxalq miqyasda nüfuz qazanıb. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə əcnəbi tələbə NDU-nun keyfiyyətli təhsil mühitindən yararlanır. Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəb qabaqcıl beynəlxalq təhsil proqramlarının və xarici dillərin tədrisinin tətbiqi ilə bu prosesə mühüm töhfə verir.
İkili diplom proqramları NDU-nun beynəlxalq arenadakı ən böyük uğurlarındandır. Universitet Türkiyə, Çin və Macarıstanın aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıq əlaqələri quraraq tələbələrə həm NDU-nun, həm də tərəfdaş universitetlərin diplomunu əldə etmək imkanı yaradır.
Eyni zamanda, təhsilin keyfiyyətini qlobal standartlara çatdırmaq üçün xarici ölkələrdən tanınmış professorlar və mütəxəssislər davamlı olaraq NDU-ya dəvət olunurlar. Onların söylədikləri mühazirələr və ustad dərsləri akademik mühitə yeni nəfəs gətirir.
Zəngin elektron kitabxana və qlobal resurslara çıxış
Universitetdə təhsilin və elmi araşdırmaların rəqəmsal infrastruktura inteqrasiyası istiqamətində mühüm addımlardan biri də müasir Elektron Kitabxana sisteminin qurulmasıdır. Kitabxanada tələbələr, magistrantlar, doktorantlar və elmi-pedaqoji heyət üçün dünyanın qabaqcıl universitetlərinin elektron kitabxanalarına, eləcə də qlobal akademik resurslara birbaşa çıxış imkanı yaradılıb. Bu rəqəmsal körpü NDU alimlərinə və tədqiqatçılarına dünya elmindəki ən son yenilikləri, məqalələri və nəşrləri operativ şəkildə izləmək, araşdırmalarında onlardan istifadə etmək imkanı verir.
Genişmiqyaslı konfranslar, önəmli elmi nəşrlər
Son illərdə NDU-da təşkil olunan respublika və beynəlxalq səviyyəli elmi konfransların əhatə dairəsi və miqyası əhəmiyyətli dərəcədə genişlənib. Süni intellektin nəzəri və praktiki aspektlərinə, müasir mühəndislik həllərinə, rəqəmsal texnologiyalara və fundamental elmlərə həsr olunmuş konfranslar dünya alimlərini bir araya gətirən mühüm elmi platformaya çevrilib.
Bu elmi fəallığın məntiqi nəticəsi olaraq, universitet alimlərinin, doktorantlarının və tədqiqatçılarının beynəlxalq nüfuzlu “Scopus” və “Web of Science” bazalarında indekslənən jurnallarda dərc olunan məqalələrinin sayında əhəmiyyətli artım müşahidə edilir. Süni intellekt, neyron şəbəkələri, rəqəmsal siqnalların emalı və müasir telekommunikasiya arxitekturaları kimi prioritet sahələrdə aparılan araşdırmalar NDU-nun beynəlxalq reytinqlərdəki mövqeyini daha da möhkəmləndirir.
İnnovasiya mərkəzi
NDU nəzəri biliklərlə kifayətlənməyib, elmi nəticələrin tətbiqinə və startap ekosisteminin qurulmasına xüsusi önəm verir. Universitetdə fəaliyyət göstərən İnnovasiya Mərkəzi tələbə və gənc tədqiqatçıların startap ideyalarını gerçəkləşdirmək, müasir proqramlaşdırma və mühəndislik layihələrini icra etmək üçün geniş imkanlar yaradır.
Bununla yanaşı, universitet şəhərciyində inşası nəzərdə tutulan və yaxın gələcəkdə istifadəyə veriləcək texnopark regionun texnoloji inkişaf habına çevriləcək. Texnopark elmtutumlu layihələrin dəstəklənməsi, proqram təminatının hazırlanması və gənc mühəndislərin innovativ məhsullarını kommersiyalaşdırması üçün əlverişli şərait yaradacaq.
Akademik heyətə qayğı
Universitetdə müəllim-professor heyətinin əməyi hər zaman yüksək qiymətləndirilir. Son dövrdə pedaqoji və elmi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, universitet kollektivinin əməkhaqqı hiss olunacaq dərəcədə artırılıb. Eyni zamanda, elmi fəallığa, yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrə və innovativ tədris metodlarına görə tətbiq edilən həvəsləndirmə mexanizmləri akademik heyətin elmi yaradıcılığa və innovasiyalara marağını daha da artırır...
Gələcəyə inam
Təhsildə rəqəmsallaşma, zəngin maddi-texniki baza, müasir laboratoriyalar, geniş beynəlxalq tərəfdaşlıqlar və güclü kadr potensialı Naxçıvan Dövlət Universitetini regionun elm və təhsil mərkəzi kimi daha da irəli aparır. Zəngin keçmişə və parlaq gələcəyə malik olan bu elm və təhsil ocağı ölkəmizin intellektual potensialının gücləndirilməsi istiqamətində şərəfli missiyasını uğurla davam etdirir.
Cavanşir ZEYNALOV,
Naxçıvan Dövlət Universitetinin professoru