Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırovla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, 2024-ci il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qalıb.
Həm ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra keçirilən ilk seçkilər, həm dövlət suverenliyi ilə bağlı atılan addımlar, beynəlxalq konfranslara ev sahibliyi, işğaldan azad olunmuş bölgələrin sosial-iqtisadi inkişafı bu ilin dövlətçilik tariximizdəki rolunu bir daha təsdiqləyir.
Geridə qoyduğumuz il Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli idi və ölkə prezidentinin müvafiq sərəncamı ilə muxtariyyətin 100 ilinin geniş şəkildə qeyd olunması əlamətdar hadisələrlə yaddaşlara yazıldı.
2024-cü il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq keçirilmiş silsilə tədbirlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən televiziya layihələri və nəşrlər vasitəsilə hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir.
Geridə qoyduğumuz ildə həyata keçirilmiş könüllülük proqramları və müxtəlifyönümlü tədbirlərlə gənclərin ixtisaslı kadrlar kimi formalaşmaları və onların iş mühitinə hazırlanmalarına töhfələr verilib.