“Neft daşları əfsanəsi”nin ilk kino salnaməçisi

19.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Söhbət “Xəzər neftçiləri haqqında dastan” filminin müəllifi Roman Karmendən gedir
Dünya kinosu, mədəniyyəti  tarixində kinorejissor, cəbhə kinooperatoru, sənədli xronikal filmlər ustadı, fotojurnalist  kimi  tanınmış Roman Lazareviç Karmen 1906-cı ildə Odessada anadan olmuşdur. Məşhur yazıçı və jurnalist  olan atası  Romana ilk “Kodak” foto-
aparatı hədiyyə etmişdi. 
Romanın anası “Oqonyok” jurnalında işləyirdi və bir dəfə onu jurnalın baş redaktoru Mixail Kolcovun yanına aparır.  O, Romana müxbir vəsiqəsi verir.  Bir müddət sonra isə jurnalda “R.Karmen” imzası ilə şəkil dərc olunur.  Roman Lazareviçin reportyorluq fəaliyyəti məhz həmin vaxtdan başlayır. Sonralar çəkdiyi fotolar  “Pravda”, İzvestiya” qəzetlərində, “Oqonyok,”, “Projektor”, “Sovetskoe foto” və digər jurnallarda dərc olunur.
1929-cu ildə həvəskar fotomüxbir Dövlət Kinematoqrafiya Texnikumunun operator fakültəsinə daxil olur. 1932-cu ildə  texnikumu bitirdikdən sonra Sənədli Filmlər Mərkəzi Studiyasında işləməyə başlayır. Roman Karmen Maqnitoqorskun tikintisini, Türkmənistanın qızmar səhralarını, avtomobil yürüşlərini, o cümlədən  məşhur Qaraqum yüruşünü, kanal tikintisini, kolxoz tarlalarındakı ilk traktorları çəkmiş, Arktika ekspedisiyalarında iştirak etmişdir. Onun İspaniyadakı vətəndaş müharibəsindən (1936-1939)  lentə aldığı kadrlar bu müharibə haqqında ən mühüm arxiv materialları sayılır. 
Rejissor Çində müharibə və İkinci Dünya müharibəsində gedən döyüşləri, mühüm tarixi məqamları da lentə almış,  reportajlar hazırlamışdır. Onun lentə aldığı hadisələr arasında 1941-ci il dekabrın 5-də başlamiş əks-hücüm,  Moskva vilayətində almanların ilk böyük məğlubiyyəti, Stalinqradda general-feldmarşal F.Paulsun əsir götürülməsi, Potstamda Almaniyanın kapitulyasiya aktını imzalaması kimi məşhur  kadrlar var.
1942-ci ildə  Roman Karmenin və başqa cəbhə kinooperatorlarının  iştirakı ilə  rejissorlar ­İ.Kopalin və L.Varlamovun  hazırladıqları   “Moskva vilayətində alman-faşist qoşunlarının darmadağın edilməsi” adlı  tammetrajlı  sənədli film “Ən yaxşı sənədli film” nominasiyasında Amerika Kino Akademiyasının “Oskar” mükafatını alan ilk sovet filmi idi.
1946-cı ildəki  Nürnberq prosesində Roman Karmen sovet kino çəkiliş qrupunun rəhbəri və operatorlarından biri olmuş və məşhur “Xalqlar məhkəməsi” filmini  çəkmişdir. Daha sonra dövrün aktual hadisələri barədə xronikal   filmlər cəkmək ənənəsini davam etdirmişdir. Onun  müəllifi olduğu filmlər arasında Vyetnam, Çin, Hindistan və Cənubi Amerika haqqında xronikal kadrlarla zəngin əsərlər var. ABŞ-ın “Ep taym internasional” şirkətinin sifarişi ilə Mərkəzi Sənədli Filmlər Studiyasında hazırlanmış 20 seriyalı məşhur “Böyük Vətən Savaşı – Nəməlum müharibə”  xronikal- sənədli film serialının  bədii  rəhbəri və müəllifi  də Roman Karmendir.  ABŞ-da və bir çox ölkələrdə 1978-ci ildə televiziya şəbəkələrində nümayiş etdirilmiş   “22 iyun 1941-ci il” və “Naməlum əsgər” filmlərini də  Roman Karmen çəkmişdir.
Roman  Karmenin yaradıcılığında və həyatında  Azərbaycan  mərhələsi mühüm rol oynayır. Ona  Xəzər dənizinin ortasında salınan dəmir adalar, bu zamanımızın möcüzəsini yaradanlar haqqında film çəkməyi təklif edəndə böyük məmnuniyyətlə razılaşdı. O, dinc dövrdə də böyük qəhrəmanlıq və fədakarlıq tələb edən çətin vəziyyətlər axtarırdı. 
1950-ci illərin əvvəllərində onun həyatına dalğalarında yük barjları yellənən  coşqun Xəzər suları daxil oldu. Roman Karmen Bakı neftçiləri  haqqında böyük tarixi əhəmiyyətə malik iki sənədli film çəkdi. Xüsusilə qeyd  etmək  lazımdır ki, bunlardan biri Azərbaycan kino tarixində ilk  rəngli sənədli film “Xəzər neftçiləri haqqında dastan”  (1953) idi. 
1940-cı illərin sonlarında isə baş qəhrəmanı  tanınmış qazma ustası Mixail Pavloviç Kaveroçkinin briqadası olan “Xəzər neftçiləri  haqqında dastan”  üzərində işə başladı. Bu sənədli filmin əsas fraqmenti   fontan vuran neft fəvvarəsi, neftçilərin xoşbəxt simaları və ustanın üzünü ilk dəniz nefti ilə yumasıdır.
Film 1949-1953-cü illərdə  Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında  poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də sovet sənədli kinematoqrafiyasının inkisafında mühüm rol oynamışdır. Ekran  əsərində dünyada ilk dəfə dənizin dibindən neft çıxaran Bakı neftçilərinin  qəhrəmanlığından bəhs olunur. “Neft daşları”nın yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin, Xanoğlan Bayramov, Kazım Haşımov, Akif Cəfərov  və başqa neftçilərin  hünərindən, ilk buruqda  neft fontanı vurmasından, neftçilərin  buruqda baş verəcək fəlakətin–yanğının qarşısını almalarından danışılır.
1959-cu ildə lentə alınmış “Dənizi fəth edənlər” filmi  tammetrajlı 6 hissədən ibarət bədii–sənədli rəngli  film  idi (1953-cü ildəki filmin  çəkildiyi lentin uzunluğu 1547 metr, 1959-cu il ildə çəkilmiş filmin lentinin  uzunluğu isə 1658 metrdir). Bu kinolentdə açıq  dənizdə  neft  mədənində adi iş günündən, dənizin  dibindən neft çıxaranların cəsurluğundan, yaşlı yoldaşlarından – dəniz neftinin ilk kəşfiyyatçılarından estafetini qəbul edən neftçilərdən bəhs edilir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində  dəniz  şəhərinin – “Neft daşları”nın özünəməxsus, təkrarolunmaz həyat tərzi göstərilmiş, ən  çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. Bu ekran əsəri üçün  effektli epizodlar əldə  etmək üçün Roman Karmen inadla çalışmışdı. Burada Qurban Abbasovun, Fuad Səmədovun, Bəhman Hacıyevin, Yusif Kərimovun, Bəxtiyar Məmmədovun və  digər dəniz zəhmkeşlərinin xarakterləri açılırdı.
“Xəzər neftçiləri dastanı” və “Dənizi fəth edənlər” dilogiyasını 1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə təqdim etmək lazım idi. Moskva kinostudiyalarının ən böyük zallarından birində baş tutan ilk nümayiş zamanı  tamaşaçıların, əsasən də  təcrübəli mütəxəssislərin, kino işçilərinin alqışları səngimirdi. Epopeya iştirakçılarının əməyi yüksək qiymətləndirildi, bir çoxları hökumət mükafatları ilə təltif olundu.    
Roman Karmenin  çox  maraqlı və orijinal  film  çəkmək üslubu var idi. Bu, Azərbaycanda  cəkdiyi filmlərdə  özünü  bariz  şəkildə  göstərdi. Belə ki,  o   filmləri çəkərkən, sənədli filmdə reallığı bədii şəkildə təqdim etmək, hadisələrin  dramatizmini artırmaq üçün emosional  montaj və bədii səhnələşdirmə üsullarından istifadə etmişdir. Bu səbəbdən onun İkinci Dünya  müharibəsindən sonra çəkdiyi  uzunmetrajlı filmləri  həm sənədli kino, həm  də təbliğat sənəti kimi qiymətləndirilir.
Roman Karmenin filmləri  müəllif intonasiyası, temperament, lentə çəkilən tarixi kadrların təhlininin dərinliyi və dəqiqliyi ilə seçilir. Onun filmoqrafiyasına  operator, xronika işləri ilə birgə  daxil olan işlərin  sayı 91-dir. Həmçinin 11 kitabın müəllifidir. Onların arasında “Zaman və özüm haqqında”, “Kinopublisistika və müasirlik”, “Kinoreportaj ustadlığı” kimi  ictimai  maraq doğuran  əsərlər var. 1958-ci ildə  SSRİ-də cəkilmiş ilk panorama formatlı sənədli “Genişdir ölkəm mənim...”  filminin ssenaristi və rejissoru  da Roman Karmendir.
“Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959)   filmlərinə görə  Roman Karmenə “Azərbaycan SSR-in Əməkdar incəsət xadimi” fəxri adı (1959) verilmiş, sovet dövrünün yüksək mükafatı – “Lenin” mükafatı almış   və   “Lenin  mükafatı laureatı” fəxri adına  layiq görülmüşdür. 
Keçmiş  SSRİ-nin, eləcə də Azərbaycanın mədəniyyət  tarixində   hərbi müxbir, kinooperator, kinorejissor, pedaqoq, yazıçı, prodüser, ssenarist, fotomüxbir kimi qalmış  Roman  Karmen  28 aprel 1978-ci ildə  Moskvada vəfat etmiş, Novodeviçye qəbiristanlığında  dəfn olunmuşdur.
Roman Karmen qədirbilən, tolerant  xalqımızın  yaddaşında  Xəzər neftçilərinin qəhrəmanlıq epopeyasını, fədakar fəaliyyətini sənədli kadrlar vasitəsilə dünyaya  ilk  olaraq  tanıtdıran kinematoqraf,  Azərbaycanın ilk rəngli   sənədli filminin (“Xəzər neftçiləri haqqında dastan”. 1953)   müəllifi kimi qalmışdır.

Nizami AĞAYEV,  
araşdırmaçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью