“Neft daşları əfsanəsi”nin ilk kino salnaməçisi
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Söhbət “Xəzər neftçiləri haqqında dastan” filminin müəllifi Roman Karmendən gedir
Dünya kinosu, mədəniyyəti tarixində kinorejissor, cəbhə kinooperatoru, sənədli xronikal filmlər ustadı, fotojurnalist kimi tanınmış Roman Lazareviç Karmen 1906-cı ildə Odessada anadan olmuşdur. Məşhur yazıçı və jurnalist olan atası Romana ilk “Kodak” foto-
aparatı hədiyyə etmişdi.
Romanın anası “Oqonyok” jurnalında işləyirdi və bir dəfə onu jurnalın baş redaktoru Mixail Kolcovun yanına aparır. O, Romana müxbir vəsiqəsi verir. Bir müddət sonra isə jurnalda “R.Karmen” imzası ilə şəkil dərc olunur. Roman Lazareviçin reportyorluq fəaliyyəti məhz həmin vaxtdan başlayır. Sonralar çəkdiyi fotolar “Pravda”, İzvestiya” qəzetlərində, “Oqonyok,”, “Projektor”, “Sovetskoe foto” və digər jurnallarda dərc olunur.
1929-cu ildə həvəskar fotomüxbir Dövlət Kinematoqrafiya Texnikumunun operator fakültəsinə daxil olur. 1932-cu ildə texnikumu bitirdikdən sonra Sənədli Filmlər Mərkəzi Studiyasında işləməyə başlayır. Roman Karmen Maqnitoqorskun tikintisini, Türkmənistanın qızmar səhralarını, avtomobil yürüşlərini, o cümlədən məşhur Qaraqum yüruşünü, kanal tikintisini, kolxoz tarlalarındakı ilk traktorları çəkmiş, Arktika ekspedisiyalarında iştirak etmişdir. Onun İspaniyadakı vətəndaş müharibəsindən (1936-1939) lentə aldığı kadrlar bu müharibə haqqında ən mühüm arxiv materialları sayılır.
Rejissor Çində müharibə və İkinci Dünya müharibəsində gedən döyüşləri, mühüm tarixi məqamları da lentə almış, reportajlar hazırlamışdır. Onun lentə aldığı hadisələr arasında 1941-ci il dekabrın 5-də başlamiş əks-hücüm, Moskva vilayətində almanların ilk böyük məğlubiyyəti, Stalinqradda general-feldmarşal F.Paulsun əsir götürülməsi, Potstamda Almaniyanın kapitulyasiya aktını imzalaması kimi məşhur kadrlar var.
1942-ci ildə Roman Karmenin və başqa cəbhə kinooperatorlarının iştirakı ilə rejissorlar İ.Kopalin və L.Varlamovun hazırladıqları “Moskva vilayətində alman-faşist qoşunlarının darmadağın edilməsi” adlı tammetrajlı sənədli film “Ən yaxşı sənədli film” nominasiyasında Amerika Kino Akademiyasının “Oskar” mükafatını alan ilk sovet filmi idi.
1946-cı ildəki Nürnberq prosesində Roman Karmen sovet kino çəkiliş qrupunun rəhbəri və operatorlarından biri olmuş və məşhur “Xalqlar məhkəməsi” filmini çəkmişdir. Daha sonra dövrün aktual hadisələri barədə xronikal filmlər cəkmək ənənəsini davam etdirmişdir. Onun müəllifi olduğu filmlər arasında Vyetnam, Çin, Hindistan və Cənubi Amerika haqqında xronikal kadrlarla zəngin əsərlər var. ABŞ-ın “Ep taym internasional” şirkətinin sifarişi ilə Mərkəzi Sənədli Filmlər Studiyasında hazırlanmış 20 seriyalı məşhur “Böyük Vətən Savaşı – Nəməlum müharibə” xronikal- sənədli film serialının bədii rəhbəri və müəllifi də Roman Karmendir. ABŞ-da və bir çox ölkələrdə 1978-ci ildə televiziya şəbəkələrində nümayiş etdirilmiş “22 iyun 1941-ci il” və “Naməlum əsgər” filmlərini də Roman Karmen çəkmişdir.
Roman Karmenin yaradıcılığında və həyatında Azərbaycan mərhələsi mühüm rol oynayır. Ona Xəzər dənizinin ortasında salınan dəmir adalar, bu zamanımızın möcüzəsini yaradanlar haqqında film çəkməyi təklif edəndə böyük məmnuniyyətlə razılaşdı. O, dinc dövrdə də böyük qəhrəmanlıq və fədakarlıq tələb edən çətin vəziyyətlər axtarırdı.
1950-ci illərin əvvəllərində onun həyatına dalğalarında yük barjları yellənən coşqun Xəzər suları daxil oldu. Roman Karmen Bakı neftçiləri haqqında böyük tarixi əhəmiyyətə malik iki sənədli film çəkdi. Xüsusilə qeyd etmək lazımdır ki, bunlardan biri Azərbaycan kino tarixində ilk rəngli sənədli film “Xəzər neftçiləri haqqında dastan” (1953) idi.
1940-cı illərin sonlarında isə baş qəhrəmanı tanınmış qazma ustası Mixail Pavloviç Kaveroçkinin briqadası olan “Xəzər neftçiləri haqqında dastan” üzərində işə başladı. Bu sənədli filmin əsas fraqmenti fontan vuran neft fəvvarəsi, neftçilərin xoşbəxt simaları və ustanın üzünü ilk dəniz nefti ilə yumasıdır.
Film 1949-1953-cü illərdə Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də sovet sənədli kinematoqrafiyasının inkisafında mühüm rol oynamışdır. Ekran əsərində dünyada ilk dəfə dənizin dibindən neft çıxaran Bakı neftçilərinin qəhrəmanlığından bəhs olunur. “Neft daşları”nın yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin, Xanoğlan Bayramov, Kazım Haşımov, Akif Cəfərov və başqa neftçilərin hünərindən, ilk buruqda neft fontanı vurmasından, neftçilərin buruqda baş verəcək fəlakətin–yanğının qarşısını almalarından danışılır.
1959-cu ildə lentə alınmış “Dənizi fəth edənlər” filmi tammetrajlı 6 hissədən ibarət bədii–sənədli rəngli film idi (1953-cü ildəki filmin çəkildiyi lentin uzunluğu 1547 metr, 1959-cu il ildə çəkilmiş filmin lentinin uzunluğu isə 1658 metrdir). Bu kinolentdə açıq dənizdə neft mədənində adi iş günündən, dənizin dibindən neft çıxaranların cəsurluğundan, yaşlı yoldaşlarından – dəniz neftinin ilk kəşfiyyatçılarından estafetini qəbul edən neftçilərdən bəhs edilir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində dəniz şəhərinin – “Neft daşları”nın özünəməxsus, təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. Bu ekran əsəri üçün effektli epizodlar əldə etmək üçün Roman Karmen inadla çalışmışdı. Burada Qurban Abbasovun, Fuad Səmədovun, Bəhman Hacıyevin, Yusif Kərimovun, Bəxtiyar Məmmədovun və digər dəniz zəhmkeşlərinin xarakterləri açılırdı.
“Xəzər neftçiləri dastanı” və “Dənizi fəth edənlər” dilogiyasını 1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə təqdim etmək lazım idi. Moskva kinostudiyalarının ən böyük zallarından birində baş tutan ilk nümayiş zamanı tamaşaçıların, əsasən də təcrübəli mütəxəssislərin, kino işçilərinin alqışları səngimirdi. Epopeya iştirakçılarının əməyi yüksək qiymətləndirildi, bir çoxları hökumət mükafatları ilə təltif olundu.
Roman Karmenin çox maraqlı və orijinal film çəkmək üslubu var idi. Bu, Azərbaycanda cəkdiyi filmlərdə özünü bariz şəkildə göstərdi. Belə ki, o filmləri çəkərkən, sənədli filmdə reallığı bədii şəkildə təqdim etmək, hadisələrin dramatizmini artırmaq üçün emosional montaj və bədii səhnələşdirmə üsullarından istifadə etmişdir. Bu səbəbdən onun İkinci Dünya müharibəsindən sonra çəkdiyi uzunmetrajlı filmləri həm sənədli kino, həm də təbliğat sənəti kimi qiymətləndirilir.
Roman Karmenin filmləri müəllif intonasiyası, temperament, lentə çəkilən tarixi kadrların təhlininin dərinliyi və dəqiqliyi ilə seçilir. Onun filmoqrafiyasına operator, xronika işləri ilə birgə daxil olan işlərin sayı 91-dir. Həmçinin 11 kitabın müəllifidir. Onların arasında “Zaman və özüm haqqında”, “Kinopublisistika və müasirlik”, “Kinoreportaj ustadlığı” kimi ictimai maraq doğuran əsərlər var. 1958-ci ildə SSRİ-də cəkilmiş ilk panorama formatlı sənədli “Genişdir ölkəm mənim...” filminin ssenaristi və rejissoru da Roman Karmendir.
“Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmlərinə görə Roman Karmenə “Azərbaycan SSR-in Əməkdar incəsət xadimi” fəxri adı (1959) verilmiş, sovet dövrünün yüksək mükafatı – “Lenin” mükafatı almış və “Lenin mükafatı laureatı” fəxri adına layiq görülmüşdür.
Keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın mədəniyyət tarixində hərbi müxbir, kinooperator, kinorejissor, pedaqoq, yazıçı, prodüser, ssenarist, fotomüxbir kimi qalmış Roman Karmen 28 aprel 1978-ci ildə Moskvada vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.
Roman Karmen qədirbilən, tolerant xalqımızın yaddaşında Xəzər neftçilərinin qəhrəmanlıq epopeyasını, fədakar fəaliyyətini sənədli kadrlar vasitəsilə dünyaya ilk olaraq tanıtdıran kinematoqraf, Azərbaycanın ilk rəngli sənədli filminin (“Xəzər neftçiləri haqqında dastan”. 1953) müəllifi kimi qalmışdır.
Nizami AĞAYEV,
araşdırmaçı-publisist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















