Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın iqtisadi siyasətində Mərkəzi Asiyanın önə çıxmasını Prezident İlham Əliyevin iqtisadi modelinin növbəti mərhələsi kimi qiymətləndirmək lazımdır. Məqsəd sadəcə Mərkəzi Asiya ölkələri ilə ticarəti artırmaq deyil. Azərbaycanı Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya–Çin iqtisadi zəncirinin əsas qovşaqlarından birinə çevirməkdir.
Azərbaycanın coğrafiyası tarixdə ilk dəfə bu qədər böyük iqtisadi aktivə çevrilir. Mərkəzi Asiya ölkələrinin dünya okeanına birbaşa çıxışı yoxdur. Avropaya və Türkiyəyə alternativ çıxışlarının ən real istiqamətlərindən biri Xəzər–Azərbaycan–Gürcüstan/Türkiyə xəttidir. Azərbaycan da Çinlə quru əlaqəsini faktiki olaraq Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə qurur. Mərkəzi Asiya iqtisadiyyatları sürətlə böyüyür: 2025-ci ildə 6,9% böyüyüb, 2026-cı ildə təxminən 5,6%, 2027-ci ildə isə 5,3% artım gözlənilir. Yəni Qazaxıstan və Özbəkistanın ixracı artdıqca Azərbaycanın limanına, dəmir yoluna, gəmiçiliyinə və logistika xidmətlərinə tələb də artır.
Orta Dəhliz sadəcə Tranzit layihəsi olmaqdan çıxaraq İqtisadi dəhlizə çevrilməkdədir. Dünya Bankının hesablamasına görə düzgün investisiyalar, logistika və gömrük islahatları həyata keçirilsə, 2030-cu ilədək Orta Dəhliz üzrə yük axınlarını üç dəfə artırmaq və daşınma müddətini təxminən yarıya endirmək mümkündür. Bank həmçinin Azərbaycan–Gürcüstan–Qazaxıstan arasındakı regional ticarətin 37%, onların Aİ ilə ticarətinin isə 28% artması potensialını göstərir. Azərbaycan üçün əsas gəlir də yalnız vaqonun ölkədən keçməsinə görə tarif deyil. Liman, anbar, logistika mərkəzləri, sığorta, bank xidmətləri, gəmiçilik, gəmi təmiri, yük konsolidasiyası və Ələt Azad İqtisadi Zonasında istehsal daha böyük əlavə dəyər yarada bilər.
Qısa desək, XX əsrdə Mərkəzi Asiyanın Azərbaycan üçün əhəmiyyəti əsasən tarixi-mədəni idi. XXI əsrin yeni mərhələsində isə Mərkəzi Asiya Azərbaycanın iqtisadi coğrafiyasını dəyişdirən, genişləndirən əsas amillərdən birinə çevrilir.
Əsas görünən məsələ isə odur ki, Azərbaycan tranzit ölkəsi olmaqla kifayətlənməyəcəkdir. Əgər Orta Dəhliz ətrafında istehsal, emal, logistika, maliyyə, rəqəmsal xidmətlər və enerji ticarəti klasterləri yaradılsa, Mərkəzi Asiya istiqaməti Azərbaycanın post-neft iqtisadi modelinin əsas sütunlarından birinə çevriləcəkdir.
Tahir Mirkişili
Milli Məclisin deputatı