Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-dən alınan yardımı “işsizlik müavinəti”nə bənzətməsi ilk baxışda iqtisadi özünəinam mesajı kimi görünür. Amma mahiyyətcə bu, İsrailin Vaşinqtondan siyasi asılılığını azaltmaq planıdır.
Hazırda ABŞ-nin İsrailə 10 illik memorandum çərçivəsində illik 3,3 milyard dollar təhlükəsizlik yardımı və 500 milyon dollar raketdən müdafiə dəstəyi ayırdığı bildirilir; bu sənəd 2019-2028-ci illəri əhatə edir. Netanyahu isə bu modelin artıq köhnəldiyini, İsrailin “yardım alan ölkə” yox, ABŞ ilə bərabər strateji tərəfdaş kimi davranmalı olduğunu göstərmək istəyir. Onun planı yardımı birdən dayandırmaq deyil, mərhələli şəkildə azaltmaq və münasibətləri “pul alan müttəfiq” formatından “birgə layihələr, silah istehsalı, texnologiya və təhlükəsizlik əməkdaşlığı” formatına keçirməkdir.
Bu addımın arxasında ikinci mühüm səbəb isə ABŞ-İsrail xəttində son dövrdə artan siyasi gərginlikdir. Xüsusilə İran siyasəti, Qəzza müharibəsi və Livan/“Hizbullah” istiqamətində Vaşinqtonla Təl-Əviv arasında taktiki fərqlər görünür. Netanyahu anlayır ki, ABŞ yardımı davam etdikcə Vaşinqtonun İsrail üzərində təsir aləti də qalır: silah tədarükü gecikdirilə, diplomatik təzyiq artırıla, hərbi addımlar məhdudlaşdırıla bilər. Buna görə o, İsrailin gələcək təhlükəsizlik qərarlarında daha sərbəst davranmasını istəyir. Son günlər Netanyahu Livanın cənubuna səfər edərək İsrailin “Hizbullah təhlükəsi aradan qalxmayınca” geri çəkilməyəcəyini bildirib; bu da göstərir ki, o, ABŞ-nin vasitəçilik etdiyi razılaşmalarla paralel olaraq hərbi manevr azadlığını qorumağa çalışır.
Netanyahunun planı həm də daxili siyasətə hesablanıb. O, İsrail cəmiyyətinə “biz artıq kiçik və asılı dövlət deyilik” mesajı verir. Bu, müharibələrdən yorulmuş, amma təhlükəsizlik narahatlığı yüksək olan İsrail seçicisinə milli güc və özünütəminat obrazı təqdim edir.
Digər tərəfdən, ABŞ daxilində də İsrailə limitsiz yardım məsələsi artıq əvvəlki qədər toxunulmaz deyil. Vaşinqtonda bəzi respublikaçı dairələr belə yardımı azaltmaq və İsraili silahları özü maliyyələşdirən tərəfdaşa çevirmək ideyasını dəstəkləyir. Netanyahu da bu dalğanı İsrailin lehinə çevirməyə çalışır: “yardımdan imtina” ritorikası ilə həm Amerikanın tənqidlərini yumşaldır, həm də İsrailin güclü dövlət imicini qabardır.
Lakin bu, ABŞ-İsrail ittifaqının zəifləməsi demək deyil. Əksinə, Netanyahu ittifaqı daha sərt, daha hərbi-texnoloji və daha az şərtli formata keçirmək istəyir. Yəni məqsəd ABŞ-dən uzaqlaşmaq yox, ABŞ-dən asılılıq görüntüsünü azaltmaqdır. Bu proses başlasa, İsrail müdafiə xərclərini daha çox öz büdcəsindən qarşılaya, yerli hərbi sənayesini böyüdə, eyni zamanda ABŞ ilə birgə silah və raketdən müdafiə layihələrini davam etdirə bilər. Nəticədə Netanyahu həm Vaşinqtona “biz yük deyilik”, həm regiona “biz təkbaşına da hərəkət edə bilərik”, həm də daxili auditoriyaya “İsrail artıq öz ayaqları üzərində duran gücdür” mesajını verir.
Alim Nəsirov