Modern.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlər kritik həddə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzetində dərc olunan geniş təhlildə bildirilib.
Qeyd olunub ki, Netanyahu seçkiqabağı dövrdə Ağ Evdən istənilən dəstəyi görməyib. Netanyahunun dünya miqyasında təcrid olunmuş lider imicindən xilas olaraq güclü siyasi fiqur kimi görünmək cəhdləri Ağ Evin lazımi dəstəyi göstərməməsi səbəbindən nəticəsiz qalıb. Trampın Netanyahuya kiçik bir jest etməkdən belə çəkinməsi diqqət çəkir.
Tramp Netanyahudan niyə üz döndərdi?
Təhlildə Donald Trampın Netanyahudan kifayət qədər tez üz döndərdiyi bildirilir. Bunun yalnız Trampın məğlub olanlara münasibəti ilə deyil, həm də İsrailin baş nazirinin onu aldatdığına inanması ilə bağlı olduğu vurğulanır.
Netanyahunun Trampa İranı məğlub etmək, Tehran rəhbərliyini devirmək və Qəzzanı dəbdəbəli istirahət mərkəzinə çevirmək kimi yerinə yetirilməsi mümkün olmayan vədlər verdiyi qeyd olunur. Qəzzadakı hücumları vaxtında başa çatdıra bilməyən Netanyahunun Trampın “tarixə sülh gətirən lider kimi düşmək” planlarına mane olması ABŞ Prezidentini ciddi şəkildə qəzəbləndirib.
Vaşinqton–Təl-Əviv xəttində qırılma
Təhlildə Netanyahunun Trampı, İsrailin isə ABŞ-ı itirdiyi vurğulanır və Vaşinqtonla Təl-Əviv arasındakı əlaqələrin çoxdan qırıldığı qeyd olunur.
Qəzzadakı hücumların nə məntiqə, nə də strategiyaya əsaslandığı, bunun ABŞ–İsrail münasibətlərini, demək olar ki, yerlə-yeksan etdiyi iddia edilir. Xüsusilə ABŞ-da Demokratların böyük qələbə qazanmasının gözlənildiyi aralıq seçkilərdən sonra İsraili daha ağır günlərin gözlədiyi proqnozlaşdırılır.
Amerika ictimaiyyətinin İsrailə münasibəti dəyişir
Vurğulanır ki, ABŞ ictimaiyyətində fələstinlilərə rəğbət artır. Bildirilir ki, etirazçılar Leyla Xalidin “Güc bizim əlimizdə olacaq, Fələstini geri alacağıq və oranı ərəblər, yəhudilər və azadlıqsevərlər üçün cənnətə çevirəcəyik” fikirlərini şüara çeviriblər.
Silah şirkətləri və regional maraqlar
Trampın İsraili iki dəfə yarı yolda qoyduğu iddia edilən yazıda onun əslində İsrailin həqiqi dostu olmadığı vurğulanır. ABŞ liderinin silah şirkətlərinin qazanc maraqlarına görə sülh istiqamətində addım atmadığı, vəd etdiyi “əsrin sazişi” kimi layihələrin heç birini həyata keçirə bilmədiyi xatırladılır.
Təhlilin sonunda bildirilir ki, Trampın Netanyahudan üz döndərməsi İsrail üçün müsbət addımdır.