525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Söhbət bir vaxtlar kinopavilyon kimi inşa olunmuş tikilidən gedir. Düz 44 il əvvəl 1982-ci ildə Eldar Quliyevin "Nizami" bədii filmi ekranlara çıxdı. Bu, Müslüm Maqomayevin böyük kinodakı ilk baş rolu və şeyx Nizamiyə həsr olunmuş ilk tammetrajlı bədii film idi. Filmin rejissoru mərhum Eldar Quliyev çoxsaylı müsahibələrində filmin çəkilişlərini çox xatırlayıb. Niyə Maqomayev? Onun da öz izahı vardı - müəllif bu qənaətdə imiş ki, böyük mütəfəkkirin obrazını məhz böyük sənətkar canlandırmalıdır. Ona görə də bu rolu öz dostuna etibar edib. Yeri gəlmişkən, Maqomayevin o zaman Gəncəyə gəlməsi də xüsusi ajiotaja səbəb olub. Böyük sənətkarı görmək istəyən insanlar çəkiliş meydanına axışaraq prosesə mane olurlarmış. İnsan axınının qarşısını almaq asan deyilmiş. Filmdə XII əsr Gəncə mühitini dürüst canlandırmaq üçün Gəncənin qədim Bala Bağman məhəlləsində xüsusi bir açıq hava kinopavilyonu - "Nizaminin evi" inşa edilir.
Filmin alınıb-alınmaması barədə kino mütəxəssisləri fərqli rəylər yazsalar da, fakt bu ki, həmin filmdən qalan ən maraqlı elementlər illər sonra gerçəkdən mədəni irs nümunəsinə çevrildi - Müslüm Maqomayevin ifa etdiyi romanslar (bu, onun Azərbaycan dilində oxuduğu ilk ciddi əsərlər idi), bir də Gəncədə filmin çəkildiyi məkan, el arasında "Nizaminin evi" kimi tanınan tikili.
Gəncəyə yolu düşən hər kəs şeyx Nizami Gəncəvinin məqbərəsini ziyarət edir. Böyük mütəfəkkirin yaşadığı ev isə tarixin sınağından çıxa bilməyib. Bəlli, zəlzələlərə görə Gəncə azı beş dəfə yerini dəyişib. Ona görə "Nizami" filmi çəkiləndə şairin ev səhnələrini çəkmək üçün orta əsrlər üslubuna uyğun xüsusi pavilyon tikmək qərarına gəlirlər. Kinopavilyon tikilir, çəkilişlər aparılır, film təhvil verilir, ekranlara çıxır, ay ötür, il dolanır, pavilyonsa nə sökülür, nə də qorunur. Lazımsız, baxımsız tikili kimi unudulub qalır, ta ki bu məkana ikinci böyük tarixi şəxsiyyətimiz, memar Əcəmi Naxçıvani "qədəm qoyana" qədər, yəni lap bu günümüzə qədər.
lll
Kino aləmində təzə xəbər var. Kinorejissor Elxan Cəfərov Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan bədii-sənədli film çəkməyə başlayıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" və "Şahdağfilm"də istehsal olunacaq ekran əsərinin şərti adı "Daşlara həkk olunmuş tale"dir. Yavər Rzayev və İlqar Fəhminin birgə ssenarisi əsasında çəkiləcək filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rövşən Mehdiyev, ikinci rejissoru Çingiz Həsənov, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Sərvər Bayramovdur.
Elxan Cəfərovun yeni filmində Azərbaycandakı gözəl memarlıq abidələrindən birinin - Möminə xatun türbəsinin tikilmə tarixçəsi nəql olunacaq. Rejissorun dediyinə görə, filmdə 40-dan artıq obraz, o cümlədən Nizami, Xaqani, Şəmsəddin Eldəniz, Möminə xatun kimi tarixi şəxsiyyətlərin də obrazı canlandırılacaq.
Film gözəl aktyor heyəti ilə təqdim olunacaq - Bəhruz Vaqifoğlu, Qurban İsmayılov, Şamil Süleymanlı, Sabirə Abdullayeva Rüstəmzadə əsas rollarda çəkiləcəklər. Artıq filmin istehsal dövrü başlanıb. İyul-avqust aylarında intensiv çəkilişlər mərhələsi olacaq.
lll
Qayıdaq Gəncəyə. Memar Əcəminin Gəncə ilə nə əlaqəsi var soruşacaqsınız. İş burasındadır ki, tarixən Şeyx Nizami heç vaxt Gəncəni tərk eləməyib, Memar Əcəmi isə Naxçıvan memarlıq məktəbinin banisi olaraq ömür boyu Naxçıvanda yaşayıb, Atabəylər (Eldənizlər) sarayının baş memarı kimi fəaliyyət göstərib. O dövrün şərtlərinə görə bu iki fərqli şəhər arasında birbaşa əlaqə qurmaq çətin imiş.
İntibah mədəniyyətinin bu iki böyük sütunu ümumiyyətlə şəxsən görüşməyiblər. Min il sonra isə Nizaminin Gəncədəki "ev"ini məhz Əcəmi "tikib".
Filmin quruluşçu rejissoru Elxan Cəfərov həmin dövrə aid məkanlar seçmək məqsədilə 44 il əvvəlki film pavilyonuna baş çəkmək qərarına gəlir. Həmin yerə gedəndə baxımsızlıqdan tökülüb sökülmüş tikilinin bərbad mənzərəsilə qarşılaşır. Görür ki, film çəkmək üçün gözəl bir məkan var, amma bərbad vəziyyətdə. Gəncədə genişmiqyaslı təmir-bərpa işləri aparan Bakı Abadlıq Xidməti rejissorun xahişilə evin təmir-bərpasını götürür öz üzərinə. Nizaminin "evini tikmək" də hər şirkətə qismət olası iş deyil axı. Bakı Abadlıq Xidmətindən aldığımız məlumata görə, Gəncədə görüləcək iş adi təmir deyil, tam bərpa işidir. Məkan eynən "Nizami" filmindəki tərzdə bərpa olunacaq. Bu mənada filmdəki detallara xüsusi diqqət yetirilir. Bu işi görmək üçün professional bərpaçılar dəvət olunur ki, məkanda 12-ci əsrə uyğun ovqat yarada bilsinlər. Mütəxəssislər deyirlər ki, hər hansı tarixi abidə ilə kinopavilyonun bərpası arasında yerlə göy qədər fərq var. Kinopavilyon həm də məxsusi kameraların hərəkəti, işıqların qurulması üçün zəruri texniki şəraitə malik olmalıdır. Üstəlik, kinopavilyonu ətraf görüntüdən xilas edən hündür hasar da çəkilməlidir ki, bu işi də BAX yüksək səviyyədə gerçəkləşdirib.
Pavilyonun həyətində qədimi üslubda əlavə tikililər inşa ediləcək. Köhnə evin qapı-pəncərələri bərpa olunacaq.
Nizaminin dağılmış evi bu gün həm turizm məkanı, həm də kinopavilyon kimi maraqlıdır. Belə baxanda kinostudiya orta əsrlərə aid hər hansı filmin çəkilişində bu məkandan həm pavilyon, həm də dekor kimi istifadə edə bilər. Bu isə Gəncənin həyatında maraqlı bir kino dövrünün davam etməsi deməkdir. Gəncədə görülən əsaslı təmir-tikinti işləri arasında Nizaminin "evi"nin bərpası həm də Bakı Abadlıq Xidmətinin Azərbaycan kinosuna çox qiymətli hədiyyəsi kimi dəyərləndirilə bilər. Bu hədiyyə həm də üç qurum - Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası və Gəncə İH üçün yeni qayğı, yeni məsuliyyət deməkdir. Uzun illər gözdən-nəzərdən iraq düşən, insan tamahından qorunmayan, təbiətin müdaxiləsindən mühafizə olunmayan bu tikili, çox güman, indən belə lazımsız obyekt kimi atılıb qalmayacaq, normativ qaydalara uyğun olaraq mühafizə olunacaq. Nizaminin "evi" şəhərə gələn qonaqlar üçün, elə şəhər sakinləri üçün də gəzməli-görməli yer kimi turist marşrutlarına salına da bilər, məkanın bir hissəsində Nizamiyə aid, yaxud Azərbaycan kinosuna aid kiçik dövlət yaxud özəl muzey yaradıla da bilər. Bu təkliflər perspektiv üçün planlar kimi nəzərə alınsa, işin xeyrinə olar, ən azı məkan son 44 ildəki kimi unudulmaz, yaddan çıxıb xarabazarlığa dönməz.
Bakı Abadlıq Xidmətinin (BAX) bu layihəsində qazanan həm Azərbaycan kinosu, həm Gəncə, həm də Azərbaycan tamaşaçısı olacaq. Yeni filmi maraqla gözləyəcəyik.
Həm BAX-a, həm də filmin yaradıcı heyətinə uğurlar arzusu ilə
Afaq VASİFQIZI