Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Hər il oktyabrın əvvəlində Nobel Komitəsi fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülhün möhkəmləndirilməsi sahələrində mühüm nailiyyətlərə görə dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarını təqdim edir. Mükafatların elan olunması iqtisadiyyat üzrə Nobel mükafatı ilə başa çatır. Nobel mükafatının pul məbləği təxminən 1,2 milyon dollardır. Bir çox laureat bu vəsaitin ən azı bir hissəsini elmi araşdırmalara, təhsilə və xeyriyyə işlərinə yönəldir. Maraqlıdır, qaliblər bu pulu hara xərcləyirlər? 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Robert Mundell mükafatın pulunu İtaliyanın Siena şəhəri yaxınlığında XVI əsrə aid, yarıuçuq bir sarayın bərpasına xərclədi. Sonralar bu saray iqtisadçıların və maliyyə mütəxəssislərinin elmi konfranslar keçirdiyi məşhur məkana çevrildi. 2023-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Klaudiya Qoldin qadınların iqtisadiyyatda rolunu araşdıran alim kimi tanınır. O, mükafat pulunu Harvard Universitetində iqtisadi tarix üzrə araşdırmaların maliyyələşdirilməsinə bağışlayıb. Həmçinin Qadınlar Milli Basketbol Assosiasiyasının həmkarlar ittifaqına ödənişsiz məsləhət verərək idmançıların maaşlarının beş dəfə artırılmasına kömək edib. Neyrobioloq Pol Qrinqard 2000-ci ildə tibb üzrə Nobel mükafatı qazanıb. O, mükafat pulunu anasının adını daşıyan elmi mükafatın yaradılmasına yönəldib. Qrinqard doğularkən anası vəfat etmişdi. Hazırda bu mükafat biotibb sahəsində çalışan qadın alimlərə verilir. Bütün laureatlar pullarını elmi və xeyriyyə işlərinə xərcləmirlər. Bəziləri özlərini və yaxınlarını sevindirməyə üstünlük verirlər”.
Bu fikirləri millət vəkili Tahir Mirkişili 525.az-a bildirib. Millət vəkili qeyd edib ki, bu nümunələr göstərir ki, Nobel mükafatı laureatları üçün pulun dəyəri təkcə şəxsi rifahla ölçülmür:
“Bəziləri elmi inkişaf etdirməyə, bəziləri uşaqların gələcəyinə, digərləri isə həyatlarında iz qoymuş insanlara təşəkkür etməyə üstünlük verir. Əsas məsələ isə qazandıqları imkanlardan özləri üçün həqiqətən dəyərli olan işlər naminə istifadə etməkdir”.
Sevinc Qarayeva