Icma.az, Yenicag portalına istinadən məlumat yayır. Gəldi ürəyimizin ahını da, “gözümüzün yaşını da, qəbrimizin daşını da” alan Noyabr.
Aldı yurd həsrətimizi, nisgillərimizi, tarixə yazdırdı adını. Bir ömürlük adını oxşayacağımız şəhidlər verdi; qardaş, oğul dediklərimiz.
2020-ci ildən bu yana rəmzini dəyişən noyabr ərəfəsindəyik yenə. Qəlblərdə sevinc qarışıq nisgil, qürur qarışıq özləmin olduğu ayda.
Nələr oldu bu ayda, gəlin birdə xatırlayaq. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyatlardan biri kimi düşdü.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
8 Noyabr tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü” kimi Azərbaycanın tarixinə silinməz izlərlə yazıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunmağa başladı.