Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Qeyd olunub ki, bu göstərici avqustun 1-i ilə müqayisədə 0,2 faiz azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,6 faiz, son bir ildə isə 36 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 faiz təşkil edib. Bu göstərici iyulun sonuna da 2,1 faiz, ötən ilin sonuna 1,6 faiz, ötən ilin avqust ayının sonuna isə 1,7 faiz olub. Xatırladaq ki, 2016-cı ildə problemli kreditlərin həcminin artması fonunda Azərbaycanda bir sıra banklar fəaliyyətini dayandırıb.
Bəs hazırkı vəziyyətdə problemli kreditlərin artması fonunda Azərbaycanda hansısa bankın bağlanması ehtimalı varmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Anar İsayev bildirib ki, hazırkı rəqəmlərə əsasən problemli kreditlərin artması banklardan birinin yaxın zamanda bağlanacağı anlamına gəlmir:
“Burada əsas məsələ problemli kreditlərin mütləq məbləğindən daha çox, onların bankların kapitalına, likvidliyinə və maliyyə dayanıqlığına təsiridir. 721,8 milyon manatlıq vaxtı keçmiş kredit ümumi kredit portfelinin 2,1%-ni təşkil edir. Bu nisbət hələlik bütövlükdə bank sektoru üçün sistemli böhran göstəricisi kimi qiymətləndirilmir. Lakin diqqət çəkən məqam odur ki, problemli kreditlər ilin əvvəlindən 37,6%, illik müqayisədə isə 36% artıb. Yəni riskin istiqaməti müsbət deyil”.
Onun sözlərinə görə, 2016-cı illə bugünkü vəziyyət arasında mühüm fərq var: “Həmin dövrdə manatın kəskin devalvasiyası, valyuta kreditləri, bankların kapital çatışmazlığı və likvidlik problemləri bir-birini gücləndirmişdi. Bu gün isə bank sektorunda tənzimləmə və kapital tələbləri daha sərtdir, AMB bankların maliyyə dayanıqlığını daha yaxından izləyir. Ona görə də hazırkı rəqəmlər əsasında “bank bağlanacaq” demək üçün əsas yoxdur. Amma ayrı-ayrı banklarda problemli kreditlərin sektordakı orta göstəricidən xeyli yüksək olması, kapital adekvatlığının zəifləməsi və likvidlik problemlərinin yaranması halında həmin bankların restrukturizasiyası, birləşdirilməsi və ya lisenziyasının dayandırılması gündəmə gələ bilər”.
Anar İsayev qeyd edib ki, problemli kreditlərin hansı banklarda toplandığı risklərin müəyyənləşdirilməsi baxımından önəmlidir:
“Buna görə də qeyd edilən 721,8 milyon manat vaxtı keçmiş kreditlərin hansı banklarda cəmləşməsinə diqqət etmək lazımdır. Banklar üzrə problemli kreditlərin bölgüsü və kapital göstəricilərinə baxdıqda, konkret riskləri daha dəqiq müəyyən etmək mümkündür”.
Əfsanə Rəcəb
“Cebheinfo.az
Açar sözlər: kredit Anar İsayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin