Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Yanvar ayının 19-da Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Səfər çərçivəsində yanvar ayının 20-də dövlət başçısı Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib.
Ölkə başçısı “Euronews” televiziyasına verdiyi müsahibə təkcə iqtisadi məsələlərə deyil, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeyə dair mühüm mesajlarla yadda qaldı. Həmin müsahibə, Azərbaycanın artıq qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi və iqlim çağırışları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, ölkənin uzunmüddətli strateji baxışının nəticəsi kimi təqdim olundu.
Müsahibədə hazırda ölkələrin artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşdikləri qeyd olunub. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişafı, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Ölkə başçısının müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyini və ardıcıl islahat siyasətini xüsusi qeyd edərək, dayanıqlı inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, siyasi müstəqillik və sosial məsuliyyətlə mümkün olduğunu vurğuladı. Bu yanaşma, qlobal miqyasda artan risklər fonunda Azərbaycanın niyə etibarlı tərəfdaş kimi qəbul edildiyini izah edir. Ölkə daxilində potensial risklərin mövcud olmaması dövlətin daxili təhlükəsizlik siyasətinin uğurla həyata keçirildiyini, ictimai-siyasi sabitliyin yüksək səviyyədə qorunduğunu göstərir. Cəmiyyətdə mövcud olan sosial harmoniya, milli birlik və qarşılıqlı etimad mühiti ölkənin daxili təhlükəsizliyinin əsas sütunlarını təşkil edir. Dövlət idarəçiliyində ardıcıl və məqsədyönlü tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının və müvafiq qurumların koordinasiyalı fəaliyyəti daxili risk amillərinin vaxtında qarşısının alınmasına imkan yaradır.
Xalqın dövlətə olan yüksək inamı və qanunlara hörmətin təmin edilməsi ölkə daxilində daxili təhlükəsizliyin möhkəmlənməsinə, milli maraqların etibarlı qorunmasına, ictimai-siyasi sabitliyin davamlılığına və dövlətin uzunmüddətli strateji hədəflərinin uğurla reallaşdırılmasına əlverişli zəmin yaradır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini