Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də hovuzda boğulma təhlükəsi keçirən və həkimlər tərəfindən öldüyü elan edilən azyaşlı uşaq təxminən beş saat sonra xəstəxananın morqunda sağ aşkarlanıb. İndi uşağın ailəsi həkimlərə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə fevralın 8-də ABŞ-nin Arizona ştatının Gilbert şəhərində baş verib.
Məlumata görə, hadisə ailənin Amerika futbolu üzrə Superkubok finalını izləmək üçün təşkil etdiyi toplantı zamanı yaşanıb.
Təxminən 18 aylıq Vinsent Fiordilino hovuzda üzüaşağı vəziyyətdə tapılıb. Uşaq heç bir reaksiya vermədiyindən dərhal tibb mərkəzinə çatdırılıb. Polisin məlumatına əsasən, saat 18:20-də həkim uşağın öldüyünü rəsmən təsdiqləyib.
Vinsentin anası Aleksus Fiordilino bildirib ki, həmin vaxt oğlunun öldüyünə inanaraq onunla vidalaşmalı olub. Lakin ailə üzvləri və polis əməkdaşları hələ xəstəxanada olarkən uşağın nəfəs aldığını xatırladan bəzi əlamətlər müşahidə ediblər.
Ananın sözlərinə görə, qayınanası uşağı qucaqlayarkən onun nəfəs aldığını hiss etdiyini bildirib. Lakin tibb işçilərinin ona belə hallarda eşidilən səslərin normal olduğunu söylədiyi iddia edilir.
Təxminən beş saat sonra Marikopa dairəsinin məhkəmə-tibbi ekspertiza xidmətinin əməkdaşları uşağın meyitini götürmək üçün xəstəxanaya gəliblər. Lakin soyuducu kamerada saxlanılan Vinsentin nəfəs aldığı müəyyən edilib. Polis hesabatında uşağın ölümünün səhvən təsdiqləndiyi qeyd olunub.
Bundan sonra Vinsentə yenidən tibbi yardım göstərilib. Uşaq xəstəxanadan evə buraxılıb. Lakin ailənin vəkillərinin sözlərinə görə, onun sağlamlığına ciddi və geridönməz ziyan dəyib.
Hüquqşünaslar bildiriblər ki, Vinsent ağır beyin zədəsi alıb. Uşaq hələ də müstəqil şəkildə yeriyə bilmir və danışıq qabiliyyəti bərpa olunmayıb. Vinsentin valideynləri həkimin hərəkətlərinin düzgünlüyünü şübhə altına alırlar.
Ailə hesab edir ki, uşağın səhvən ölmüş elan edilməsi və uzun müddət tibbi yardım göstərilməməsi onun vəziyyətini daha da ağırlaşdırmış ola bilər. Ailənin maraqlarını müdafiə edən hüquqşünaslar hadisə ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.
İlkin mərhələdə hüquq-mühafizə orqanları valideynlərin ehtimal edilən səhlənkarlıq səbəbindən uşağa qarşı pis rəftar ittihamı ilə məsuliyyətə cəlb olunması imkanının da nəzərdən keçirilməsini tövsiyə ediblər.
Lakin Marikopa dairəsinin prokurorluğu valideynlərə qarşı ittiham irəli sürməmək qərarına gəlib.
Hazırda ailə uşağın səhhətinin yaxşılaşacağına ümid edir və baş verənlərə görə hüquqi məsuliyyətin müəyyənləşdirilməsini istəyir.