Icma.az, Lent az saytına istinadən bildirir.
Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Prokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, Şüvəlan qəsəbəsində gödəkçəsində saxladığı bıçağı çıxarıb qonşusu İnqilab Bayramovun döş qəfəsinə və digər nahiyyələrinə 4 dəfə zərbə vuraraq, hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılan zərəçəkmişə vaxtında tibbi yardım göstərildiyindən, təqsirləndirilən şəxs iradəsindən asılı olmayaraq cinayət əməlini başa çatdıra bilməyib. Həmin gün Zahid Bayramov Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hakim Zahid Bayarmova ittiham olunduğu maddələrin sanksiyasında ona 14 ildən 20 ilədək və ya ömürlük cəza nəzərdə tutulduğunu bildirib.
Z.Bayramov ittiham üzrə özünü qismən təqsirli bilib:
O bildirib ki, onun şəxsiyyətini təsdiq edən sənəd bu vaxta qədər yoxdur. Yəni o bu günə kimi bilmir hansı ölkənin vətəndaşıdır. Bununla bağlı dəfələrlə atas Ədalət Bayramovla mübahisə edib, hətta onda təəssürat yaranıb ki, həmin şəxs onun doğma atası deyil. Çünki uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etməyib. Hadisəyə gəlincə, vurduğu şəxs dostunun atası olub.
Zahid Bayramovun sözlərinə görə, həmin şəxs ona məhəlləyə çıxamaması ilə bağlı xəbardarlıq edib, guya o xuliqandır və oğlunu narkotiklərə qurşandırıb. Əslində, narkotik vasitələrdən istifadə edib, sonra tövbə edib. Bu söz təbii ki, onun xoşuna gəlməyib. Aralarında bununla bağlı dəfələrlə mübahisə ediblər. Ünvanına nalayiq ifadələr işlədib. Hadisə günü sənədlə bağlı evdə atası ilə mübahisə edib, sonra atası evdən küçəyə çıxıb. Oğlu da onun ardınca çıxıb. Küçədə marketin qarşısında mübahisələri davam edib. Bu an, İnqilab Bayramov da yaxınlaşaraq, əlindəki çubuqla onu vurub və söyüş söyüb. Bu səbəbdən üzərindəki bıçağı çıxarıb, ona dəfələrlə zərbələr endirib.
Növbəti iclasda zərərçəkmiş və şahidlərin dindirilməsi nəzərdə tutulub.
Məhkəmə prosesi fevralın 5-nə təyin edilib.