Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ettela'at” qəzeti məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq Ermənistan parlamentinin TRIPP üzrə ABŞ ilə bağlanmış müqaviləni təsdiqləmək qərarına cavab olaraq göndərilib.
Vilayəti iddia edir ki, bu cür addımlar Ermənistan xalqının maraqlarına ziddir və yalnız ölkənin Qərbdən asılılığını artırır.
O hesab edir ki, ABŞ-nin bu layihədə iştirakı Cənubi Qafqazda yeni gərginlik dalğası yaradır və regionda geosiyasi qarşıdurmaya səbəb olur.
Vilayəti İran tərəfinin tələblərini açıq şəkildə ifadə edərək, ABŞ-nin iştirakı ilə dəhlizin yaradılmasının Tehran üçün “qırmızı xətt” olduğunu qeyd edib.
Vilayəti İranın mövqeyini Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə görüşlərində çatdırdığını bildirib:
“Mən Ermənistan səfirinə qəti şəkildə dedim: əgər (ABŞ Prezidenti Donald) Tramp və müttəfiqləri bizim bu qırmızı xəttimizi keçməyə çalışsalar, biz onların ayaqlarını qıracağıq”, - deyə Vilayəti qeyd edib.