Modern.az saytına istinadən Icma.az xəbər verir.
Viktor Orbanın 16 illik hakimiyyətindən sonra Macarıstanda hökumətin dəyişməsi Budapeştin xarici siyasətinin bir sıra istiqamətləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) ilə münasibətlərinin gələcəyi barədə də suallar yaradıb. Macarıstan Orban dövründə TDT ilə əlaqələri fəallaşdırıb, 2018-ci ildən təşkilatda müşahidəçi statusu daşıyıb və 2025-ci ildə TDT-nin ilk sammitinə ev sahibliyi edib.
2026-cı ilin mayından Péter Magyarın rəhbərlik etdiyi yeni hökumətin TDT siyasətində əvvəlki kursu davam etdirib-etdirməyəcəyi, Budapeştin təşkilat daxilində fəallığının hansı səviyyədə qalacağı və xüsusilə Azərbaycanla münasibətlərin bu çərçivədə necə inkişaf edəcəyi maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Macarıstan Parlamentlərarası İşçi Qrupunun üzvü Fariz İsmayılzadə bildirib ki, Türk dünyasında inteqrasiya və əməkdaşlığın daha da möhkəmlənməsi əsas gözləntilərdən biridir:
“Türk dünyasının inteqrasiyasının və əlaqələrinin daha da möhkəmlənməsində maraqlıyıq. Son 10 ildə bu istiqamətdə proseslərin inkişaf etdiyini, türk dövlətləri arasında inteqrasiya və əməkdaşlığın genişləndiyini müşahidə etmişik. Macarıstan da bu prosesdə iştirak edib. Təbii ki, hazırda Macarıstanda yeni hökumət formalaşıb və yeni siyasi xətt ortaya qoyulub. Seçkidən çox vaxt keçmədiyinə görə bunun nəticələrini tam şəkildə qiymətləndirmək hələ tezdir".
Deputat qeyd edib ki, bununla belə, Türk dünyasının, eləcə də Azərbaycanın arzusu Macarıstanın bu istiqamətdəki siyasətindən geri çəkilməməsi və inteqrasiya proseslərinin daha da möhkəmlənməsinə töhfə verməsi yönündədir:
"Bu əməkdaşlıq həm Türk dünyası, həm də Macarıstan üçün faydalıdır. Çünki Türk dünyası ilə iqtisadi, enerji və digər sahələrdə yeni əməkdaşlıq imkanları yaranır. Bu baxımdan, əlaqələrin genişlənməsi Macarıstan iqtisadiyyatı üçün də mühüm imkanlar yaradır”.
Macarıstanlı beynəlxalq məsələlər üzrə ekspert Attila Demko isə Budapeştin Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı və hökumətin təşkilata münasibəti ilə bağlı konkret proqnoz verməkdən çəkinib.
O, bildirib ki, dövlət əməkdaşı kimi Macarıstan hökumətinin siyasəti barədə fərziyyə yürütməsi doğru olmaz:
“Bu məsələlərə onsuz da şərh verməzdim. Dövlət əməkdaşı kimi Macarıstan hökumətinin siyasəti ilə bağlı fərziyyələr irəli sürmək haqqım yoxdur. Açığı, hökumətin niyyətinin nə olduğunu mən də bilmirəm. Bununla bağlı hökumət rəsmilərindən soruşmaq daha məqsədəuyğundur”.
Attila Demko TDT-yə üzv və müşahidəçi ölkələrlə münasibətlərin inkişaf etdirilməsini müsbət istiqamət kimi qiymətləndirib. O, xüsusilə Azərbaycanla tərəfdaşlığın enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb:
“Əhəmiyyətli ölkələr ilə münasibətlər qurmaq faydalıdır. Xüsusilə Azərbaycanla tərəfdaşlıq enerji mənbələrinin şaxələndirilməsi baxımından çox önəmlidir”.