Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Aşağı Əndəmic kəndində səyyar qəbul keçirib.
SİA xəbər verir ki, 18 fevral 2025-ci il tarixində keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd icra nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı, kənd sakinlərini salamlayaraq ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlardan danışıb.
Bildirilib ki, ölkədə siyasi və iqtisadi sabitlik təmin edilib, xüsusilə bölgələrdə infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır ki, bu da əhalinin həyat səviyyəsinin yaxşılaşmasına töhfə verir.
Hazırda ölkəmiz, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə apardığı uğurlu siyasət nəticəsində regional güc mərkəzlərindən biri kimi tanınır.
Daha sonra Ordubad İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən bəhs edib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub.