Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Parkinson xəstəliyi beyin xəstəliyidir, daha dəqiq ifadə etsək, parkinson xəstəliyi əllərdə titrəmə ilə başlayan, tarazlığın itirilməsinə, həmçinin əzələ sərtliyinə səbəb olan və dopamin səviyyəsinin aşağı düşməsinə səbəb olan beyin sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan, yavaş-yavaş irəliləyən nevroloji xəstəlikdir.
Parkinson xəstəliyi daha çox 60 yaşdan yuxarı insanlarda müşahidə olunur, bu xəstəlik “degenerativ beyin xəstəlikləri” adlanan xəstəlik qrupuna daxildir.
Beyin hüceyrələri arasında əlaqəni təmin edən maddələrdən biri də dopamindir.
Dopaminlə işləyən beyinin hərəkəti təmin edən bölgəsi, hərəkətlərimizin məqsədəuyğun şəkildə həyata keçirilməsini təmin edən, tənzimlənməsini təmin edən bölgədir.
Parkinson xəstəliyi dopamin hüceyrələrinin 60-80 faizinin itirilməsi nəticəsində baş verir.
Parkinson xəstəliyinin ilk əlamətləri hərəkətin ləngiməsi, hərəkətsiz halda olanda titrəmə, əzələlərdə sərtlik, dayanmanı və tarazlığı qoruyan reflekslərin getdikcə pisləşməsidir.
Parkinson xəstələrində kiçik addımlar, qeyri-sabit yeriş, bədənin önə əyilməsi, oynaqlarda ağrılar, depressiya, yuxu pozğunluğu kimi əlamətlər də müşahidə edilir.