Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca səsvermənin hansı siyasi qüvvənin qələbəsi ilə yekunlaşacağına dair müzakirələr artmaqdadır.
Çünki Ermənistanda hakimiyyətin dəyişib-dəyişməməsi yalnız daxili vəziyyətə deyil, bütövlükdə Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir edə biləcək amilə çevrilib.
Daha dəqiq desək, 2026-cı il iyunun 7-də keçiriləcək hazırkı Baş nazir Nikol Paşinyanın liderlik etdiyi komandanın seçkilərdə qalib gəlməsi Qərbyönümlü qüvvələrin hakimiyyətdə qalması ilə yanaşı, Ermənistanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi deməkdir.
Bu isə Avropa İttifaqının və ABŞ-nin Ermənistanda geosiyasi mövcudluğunun artması fonunda Rusiyanın bölgədə iştirak imkanlarını azalada bilər.
Seçkilərdə Paşinyanın növbəti 5 ilə xalqdan mandat alması Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində əlavə imkanlar açacaq ki, bu da Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasını sürətləndirə bilər.
Hətta seçkilərdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyinin sıralarını da tərk edəcəyi proqnozlaşdırılır.
Ona görə də Rusiya parlament seçkilərində Paşinynı hakimiyyətdən uzaqlaşdırmağa və Kremldən idarə olunan revanşist müxalifəti hakimiyyətə gətirməyə çalışır.