Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi münasibətlərin yumşaldılması ehtimalı barədə danışıb. Onun sözlərinə görə, bu, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə baş verməyəcək.
Parlament üzvü vurğulayıb ki, münasibətlərdə hər hansı pisləşmə İrəvanın Moskvanın düşmənləri ilə ittifaq qurmaq siyasəti ilə bağlıdır. Zatulinə görə, "Dövri təmaslara baxmayaraq, Paşinyan hakimiyyətdə olduğu müddətdə gərginlik azalmayacaq". O, həmçinin qeyd edib ki, Rusiya Ermənistanın şantajına uymayacaq. Zatulin hesab edir ki, baş nazir uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.
Gerçəkdənmi Ermənistanda referendum yaxın zamanda keçirilsə, əhali Avropaya inteqrasiyanı yox, Rusiyanın orbitinə qayıtmağı seçəcək? Zatulin nəyə arxayındır, yoxsa bu bir təbliğat xarakterli şantajdır?
Deputat Elşad Musayev Musavat.com-a qeyd edib ki, referendumda nəticələr som parlament seçkiləri kimi ola bilər. Onun sözlərinə görə, Paşinyanın partiyasının 50 faizə yaxın səsi var və ümumxalq səsverməsində də təkrarlanması istisna deyil.
“Ancaq fərq ondan ibarətdir ki, bu məsələ daha taleyüklü qərarın verilməsidir. Ona görə həm Rusiya böyük təzyiq kampaniyasına başlayacaq, həm referendumda səsverməyə təsir göstərməyə cəhd edəcək. Eynilə Qərb də avrointeqrasiya tərəfdarlarını dəstəyi artıracaq. O cəhətdən, ağır bir səsvermə olacaq. Hətta nəticələr elan olunduqdan sonra Ermənistanda ara qarışa bilər. Sadəcə, Paşinyan referenduma getmək istəmir. Məsələ bundan ibarətdir. Ona görə də Moskva danışıqlarında hansı razılaşma olacağını gözləmək lazımdır. Bundan sonra demək olar ki, Ermənistanın növbəti addımları nə ola bilər”, - deyə deputat bildirib.
Elşad Musayev əlavə edib ki, bu ilin sonunda referendum keçiriləcəyini gözləmir: “Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaycaqlar. Amma bu qərar verilərsə, Avropa İttifaqı İrəvana dəstəyi genişləndirəcək. Rusiya bilir ki, bu qərar Ermənistanı özündən daha da uzaqlaşdıra bilər”.