Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistan hökuməti yeni konstitusiya layihəsinin mətninin dərc edib. Sənəddə əsas diqqəti çəkən məqam Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın yer almaması olub.
"Cebheinfo.az" xəbər verir ki, bu isə yaxın aylarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına səbəb ola bilər. Lakin buna nail olmaq üçün ilk növbədə, konstitusiya layihəsi referenduma təqdim olunmalıdır. Əgər layihə ümumxalq səsverməsindən keçərsə, o halda nəticələr Ermənistan Konstitusiya Məhkəməsi, parlament və prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Lakin Ermənistanın yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün deputatların üçdə iki səs çoxluğu lazımdır. Baş naziri Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası isə parlamentdə 64 mandata malikdir və konstitusion çoxluğa malik deyil.
Ona görə də Paşinyan müxalifətdən olan 6 nəfərin səsinə ehtiyac olduğunu bildirib. Baş nazir müxalifətçi deputatların sözügedən sənədə səs verməyə çağırıb. Buna baxmayaraq, parlamentdə təmsil olunan “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları yeni konstusiya layhəsini dəstəkləməyəcəklərini bəyan ediblər. Deməli, Paşinyan üçün üçdə iki səs çoxluğunu əldə etmək çox çətin olacaq. Belə olan halda Ermənistan hakimiyyətinin hansı addım atacağı sual doğurur. Nikol Paşinyan alternativ variant kimi növbədənkənar seçkilərə gedəcəyini deyir. Amma seçkilərin nəticələrinin hakim partiyanın mütləq qələbəsi ilə başa çatacağına təminat yoxdur. Ona görə də Paşinyan siyasi manipulyasiya edərək və Azərbaycana referendum keçirmədən sülh müqaviləsi imzalamağı təklif edə bilər.
Yəni Paşinyan konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad hissəsini ləğv etdiyini, lakin müxalifətin bu layihənin referenduma çıxarılmasına mane olduğunu deyə bilər. Bununla da Paşinyan məsuliyyəti müxalifətin üzərinə atmağa çalışacaq. Paşinyan hökuməti Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il 26 sentyabr tarixli 1749 saylı qərarını əsas gətirərək preambula ali hüquqi sənəddə saxlanılmaqla Azərbaycana sülh müqaviləsi imzalamağın mümkünlüyünü iddia edə bilər. Qeyd edək ki, həmin qərar Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının guya nəzərdə tutulmadığını özündə ehtiva edir.
Əslində isə, Ermənistan hakimiyyəti deputatların üçdə iki səs çoxluğu olmadan da konstitusiya layihəsini referenduma təqdim etmək imkanına malikdir. Belə ki, Ermənistan Konstisusiyasının 202-ci maddəsinin 3-cü bəndinə görə, parlament konstitusiya layihəsini dəstəkləmədikdə, deputatların ən azı beşdə üç səs çoxluğu ilə referenduma çıxarla bilər. Yəni ikinci müzakirələr zamanı deputatların beşdə üçü konstitusiya layihəsinin lehinə səs verərsə, qəbul olunacaq.
Ermənistan parlamentində 105 deputatın olduğunu nəzərə alsaq, həmin mandatların beşdə üçü 63 edir. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası isə Milli Məclisdə 64 mandatla təmsil olunur. Bu halda beşdə üç səslə konstitusiya layihəsi ümumxalq səs verməsinə çıxarıla bilər. Ona görə də Azərbaycan öz mövqeyində israr etməli və konstitusiyaya dəyişiklik tələbindən imtina etməməlidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin