Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 23-də açıqlanacaq sənəd ölkəningələcək yolunu müəyyənləşdirəcək
Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı məsələlər həlledici mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyan müxalifətə yeni əsas qanunun qəbulu ilə bağlı referendum keçirməyi təklif etməklə yanaşı, səsvermənin nəticəsindən asılı olaraq siyasi gələcəyi ilə bağlı da vəd verib. O, konstitusiya layihəsi xalq tərəfindən rədd edilərsə, istefa verəcəyini, qəbul olunarsa, növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Baş nazir nə gözləyir?
Noyabrın 19-da hökumətin iclasında çıxış edən N.Paşinyan müxalifətə yeni konstitusiya layihəsi üzrə referendum keçirilməsini təklif edib. Baş nazirin sözlərinə görə, bu təklif onun hakimiyyətdən getməsini istəyən siyasi qüvvələr üçün də bir fürsətdir. Paşinyan bildirib ki, müxalifət referendumun keçirilməsini dəstəkləyərsə, ölkənin gələcək siyasi istiqaməti xalqın iradəsi ilə müəyyənləşəcək: “Əgər xalq səsvermədə əleyhinə qərar versə, mən gedəcəyəm. Belə deyək, təslim olacağıq. Əgər lehinə səs versə, konstitusiyanı qəbul edəcək, sülhü möhkəmləndirəcəyik, TRIPP layihəsini açacağıq, sərhədin mürəkkəb sahələrində delimitasiya aparacağıq və bundan sonra mən yenə gedəcəyəm”.
Müxalifət nümayəndələri hazırkı parlamentdə Paşinyanın yeni konstitusiyanı qəbul etmək üçün tələb olunan konstitusiya çoxluğuna malik olmadığını bildirirlər. Onların mövqeyinə görə, hakimiyyət bu səbəbdən yeni əsas qanunun qəbulunu parlamentdə təmin edə bilməyəcək və ümumxalq referendumuna getməli olacaq. Dünən Milli Assambleyada 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi çərçivəsində yekun çıxış edən Paşinyan əvvəlki təklifini bir daha səsləndirib. O, bu dəfə müxalifətə müraciətini daha konkretləşdirərək, referendumun keçirilməsi üçün tələb olunan 6 səsin təmin edilməsini istəyib: “Bu gün Milli Assambleyanın tribunasından təklifimi daha dolğun və rəsmi şəkildə səsləndirmək istəyirəm. Müxalifətə təklif edirəm ki, zəruri olan 6 səsi təmin etsin, bütün fraksiya bu 6 səsin lehinə səs versin və biz yeni konstitusiyanın qəbulu ilə bağlı referenduma gedək”. Həmin çıxışında Paşinyan yeni konstitusiya layihəsinin noyabrın 23-də Ermənistan Ədliyyə Nazirliyi tərəfindən dərc olunacağını bildirib. Baş nazir sənədin dərcindən sonra xalqa müraciət edəcəyini də açıqlayıb.
Yeni konstitusiya və müharibədən sülhə keçid
Paşinyan yeni əsas qanunun qəbulunu yalnız hüquqi sənədin yenilənməsi kimi təqdim etmir. Onun çıxışındakı əsas məqamlardan biri Ermənistan dövlətinin ideoloji istiqamətinin dəyişdirilməsi, münaqişə və müharibə düşüncəsinin aradan qaldırılmasıdır. Baş nazirin sözlərinə görə, yeni konstitusiyaya qarşı çıxan siyasi qüvvələr dövlətin daxilində müharibə və münaqişə “DNT-sini” qoruyub saxlamağa çalışırlar. O, bu fikrini müxalifət nümayəndələrinin Qarabağla bağlı açıqlamaları ilə əsaslandırmağa cəhd göstərib. Paşinyan, xüsusilə, “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryanın “Artsax respublikasını tanıyırıq” bəyanatını xatırladıb. Baş nazir müxalifətin mövqeyini Ermənistanın müstəqil dövlət kimi gələcəyinə zidd yanaşma kimi qiymətləndirib.
Paşinyan özünün 2019-cu ildə səsləndirdiyi “Artsax Ermənistandır və nöqtə” ifadəsini də xatırladıb. O, həmin mövqeyin siyasi keçmişinin bir hissəsi olduğunu desə də, Qarabağ məsələsinin Ermənistanı müstəqillik və dövlətçilikdən imtina etmək həddinə gətirib çıxara biləcəyini sonradan anladığını iddia edib. O, təklif olunan referendumu da məhz bu kontekstdə təqdim edib. Onun sözlərinə görə, qarşıdakı səsvermə təkcə konstitusiyanın qəbulu ilə bağlı olmayacaq, eyni zamanda, Ermənistanın müstəqilliyi məsələsinə münasibəti müəyyənləşdirəcək. Baş nazir yeni əsas qanunun müharibə, münaqişə və dövlətçiliyin zəifləməsi düşüncəsini sülh, inkişaf, azadlıq və müstəqillik ideyaları ilə əvəz etməli olduğunu vurğulayıb.
Bakının dəyişməz mövqeyi
Ermənistanda konstitusiya dəyişikliyi ətrafında müzakirələrin əsas məqamlarından biri də Azərbaycanla münasibətlər və sülh sazişinin imzalanması məsələsidir. Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının yer alması, hazırkı konstitusiyanın preambulasında həmin sənədə istinad edilməsi rəsmi Bakının narahatlığının əsasını təşkil edir. Çünki bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini nəzərdə tutan müddəa da mövcuddur.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı təqdirdə 2 ölkə arasında sülh sazişinin imzalanması mümkün deyil. Dövlətimizin başçısı Azərbaycanın Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadığını xüsusi vurğulayıb. Bununla belə, o bildirib ki, qarşı tərəfin ölkəmizə qarşı ərazi iddiaları mövcud olduğu halda sülh sazişinin imzalanması mümkün deyil. Prezidentin sözlərinə görə, məsələ Azərbaycanın daxili işlərə müdaxiləsi deyil, birbaşa milli maraqlarına və təhlükəsizliyinə aid olan prinsipial məsələdir.
Referendumun siyasi məqsədi
Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Paşinyanın noyabrın 19-da irəli sürdüyü, ertəsi gün parlament tribunasından bir daha təkrarladığı təklif ilk baxışdan siyasi məsuliyyəti xalqın qərarına bağlamaq cəhdi təsiri bağışlayır. Onun sözlərinə görə, baş nazir, əslində, öz siyasi taleyini yeni konstitusiyanın taleyi ilə əlaqələndirir: “Yəni sənəd qəbul olunmasa, istefa verəcək, qəbul olunsa, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək. Beləliklə, o, müxalifətin hakimiyyətin legitimliyi ilə bağlı iradlarına referendum vasitəsilə cavab vermək istəyir. Ancaq burada diqqəti cəlb edən digər məqam da var. Paşinyan referendum təklifini irəli sürməklə yanaşı, müxalifətə qarşı sərt xəbərdarlıqlar etməyi də unutmur. Onun növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə hazırkı müxalifət qüvvələrinin parlamentdən kənarda qalmalı olduğu barədə fikirləri siyasi dialoq çağırışından daha çox, rəqiblərinə təzyiq mesajı kimi səslənir. Bu baxımdan, baş nazirin təklifi yalnız konstitusiya məsələsinin həlli deyil, həm də daxili siyasi mübarizədə təşəbbüsü ələ almaq cəhdi kimi görünür”.
R.Məmmədova hesab edir ki, digər tərəfdən, Paşinyanın təklifinin həyata keçirilməsi üçün müxalifətin razılığı və parlamentdə zəruri səslərin təmin olunması tələb edilir: “Onun 6 səs barədə xüsusi danışması da təsadüfi deyil. Hakim siyasi qüvvənin parlamentdə konstitusiya dəyişikliklərini təkbaşına həyata keçirmək üçün yetərli imkanının olmaması referendum məsələsini daha da aktuallaşdırır. Bununla belə, müxalifətin təklifə münasibəti, eləcə də referendumun təşkili ilə bağlı siyasi və hüquqi prosedurların necə irəliləyəcəyi hələ açıq qalır”.
Ekspertin fikrincə, noyabrın 23-də konstitusiya layihəsinin dərc olunması bu müzakirələrin növbəti mərhələsini başlayacaq: “Paşinyan indiyədək yeni sənədin ümumi siyasi və ideoloji mahiyyətindən danışıb, onun müharibə düşüncəsindən uzaqlaşma, sülh və müstəqillik xəttinə keçid olduğunu vurğulayıb. Lakin əsas məsələ bu fikirlərin layihənin konkret müddəalarında necə əks olunacağıdır. Sənədin məzmunu ictimaiyyətə təqdim edildikdən sonra həm hakimiyyətin, həm də müxalifətin mövqeyi daha aydın görünəcək. Bir sözlə, noyabrın 23-də dərc olunacaq layihə təkcə Ermənistanın daxili siyasi gündəmini deyil, Cənubi Qafqazda sülh prosesinin gələcək istiqamətini də müəyyənləşdirə biləcək sənədlərdən biri olacaq. Paşinyan siyasi gələcəyini bu sənədin taleyi ilə bağladığını bəyan edir. İndi isə əsas sual budur: Ermənistan cəmiyyəti və siyasi qüvvələri onun təklif etdiyi dəyişikliklərə necə münasibət göstərəcək, yeni konstitusiya ölkənin keçmişdən qalan ziddiyyətlərdən uzaqlaşmasına həqiqətən imkan yaradacaqmı? Bu sualın cavabını zaman özü verəcək”.
Səxavət HƏMİD,
XQ