Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı fikirləri ölkədə yeni konstitusiyanın qəbulu və Azərbaycanla sülh sazişinin imzalanması məsələlərini yenidən gündəmə gətirib. Yeni konstitusiyanın qəbul edilməsinin sülh prosesi baxımından əhəmiyyət daşıdığı bildirilir. Bu fonda Ermənistanda keçiriləcək seçkilərin ölkənin gələcək siyasi kursuna və Bakı ilə münasibətlərinə necə təsir edəcəyi diqqət mərkəzindədir.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyanın növbədənkənar parlament seçkiləri barədə danışmasının səbəblərindən biri yeni konstitusiyanın referendumda qəbul ediləcəyinə əmin olmamasıdır:
“Görünür, Paşinyan əmin deyil ki, erməni cəmiyyəti referendumda yeni konstitusiyaya səs verəcək. Halbuki erməni cəmiyyəti Azərbaycana məğlubiyyətə baxmayaraq, onu üç dəfə seçib. Eyni zamanda, Paşinyanın yeni konstitusiyanın qəbul ediləcəyinə dair şübhələri var. Yeni konstitusiya qəbul edilmədən də Paşinyan Azərbaycanla sülh sazişi imzalaya bilməyəcək. Buna görə də o, daha əvvəl sülh sazişi ilə bağlı 2031-ci ilə eyham vurmuşdu. Erməni cəmiyyəti yeni konstitusiyaya səs verməsə, Paşinyana etimad məsələsi də gündəmə gələcək. Bu isə regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Yeni konstitusiyaya səs verilməməsi köhnə konstitusiyanın qüvvədə qalmasının dəstəklənməsi demək olacaq. Köhnə konstitusiyada isə Azərbaycana qarşı ərazi iddiaları var. Deməli, bu, iki ölkə arasındakı vəziyyəti daha da gərginləşdirə bilər”.
Politoloq qeyd edib ki, yaranmış vəziyyət Paşinyanı növbədənkənar parlament seçkilərinə getməyə vadar edə bilər. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalanmasa belə, öz yoluna davam edə bilər:
“Sülh sazişinin imzalanması daimi sülhün təmin olunması, əməkdaşlığın genişlənməsi və sülh quruculuğunun inkişafı baxımından vacibdir”.