Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaranmış vəziyyət ödənişli yollar, alternativ marşrutlar kimi layihələr və kompleks yanaşma tələb edir
Paytaxt Bakıda avtomobillərin sayının artması, şəhər mərkəzinə gündəlik nəqliyyat axınının intensivləşməsi və mövcud yol infrastrukturunun bu yükü tam qarşılaya bilməməsi tıxac problemini getdikcə daha aktual edir. Xüsusilə səhər və axşam saatlarında əsas magistrallarda, şəhərin mərkəzi küçələrində və inzibati, biznes və ticarət obyektlərinin yerləşdiyi ərazilərdə yaranan sıxlıq insanların gündəlik həyatına, iqtisadi fəallığa, ictimai nəqliyyatın hərəkət cədvəlinə və ətraf mühitə mənfi təsir göstərir.
Belə şəraitdə Bakının müəyyən ərazilərində avtomobillə girişin ödənişli olması təşəbbüsünün gündəmə gətirilməsi təsadüfi deyil. Bu təşəbbüs şəhər nəqliyyatının idarə olunmasında iqtisadi mexanizmlərdən istifadə etməklə avtomobil axınının tənzimlənməsini nəzərdə tutur. Lakin məsələ heç də sürücülərdən əlavə vəsait alınması anlamına gəlmir. Burada əsas məqsəd şəxsi avtomobildən istifadənin müəyyən dərəcədə məhdudlaşdırılması, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması və şəhər məkanından daha səmərəli istifadə edilməsidir.
Bakıda avtomobillərin ödənişli hərəkət zonalarına daxil olmasına görə müəyyənləşdiriləcək haqqın dövlət büdcəsinə ödənilməsi ilə bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Xatırladaq ki, sözügedən iclasda müzakirəyə çıxarılan qanun layihəsi Bakı şəhərinin inzibati ərazisində pullu hərəkət zonaları, eləcə də nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmasına görə ödəniləcək haqqın məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən təsdiqlənəcəyi qərara alınıb.
Dəyişikliklərdə digər mühüm məqam ictimai nəqliyyat xidmətlərinin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını həyata keçirən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya ayrılması və onun müvafiq qurumun müəyyənləşdirdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcəyi nəzərdə tutulur. Beləliklə, qanun layihəsində həm paytaxtda ödənişli hərəkət zonalarının tətbiqinin hüquqi və maliyyə mexanizmləri, həm də məsafə əsaslı sərnişindaşıma xidmətlərinin subsidiyalaşdırılması əhatə edilir.
Nəqliyyat ekspertlərinin fikrincə, məsələnin uğurlu həlli üçün ödənişli giriş mexanizmi ayrıca tədbir kimi deyil, Bakının nəqliyyat sisteminin yenidən qurulmasını nəzərdə tutan daha geniş proqramın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Çünki vətəndaşa şəxsi avtomobildən istifadəni azaltmaq təklif olunmazdan əvvəl ona rahat, təhlükəsiz, əlçatan və vaxt baxımından sərfəli alternativ təqdim edilməlidir.
“Ödənişli giriş” tıxacları azaldacaqmı?
Bakı şəhərinin müəyyən ərazilərinə avtomobillə girişin ödənişli olacağı, bunun üçün paytaxtda xüsusi yol hərəkəti zonalarının müəyyənləşdiriləcəyi nəzərdə tutulur. Tıxacları qismən də olsa aradan qaldırmaq məqsədi daşıyan və Milli Məclisin plenar iclasında müzakirə edilən qanun layihəsinə əsasən, ödənişin müvafiq dövlət qurumunun həyata keçirəcəyi və toplanılan vəsaitin dövlət büdcəsinə köçürüləcəyi gözlənilir.
Ödənişli hərəkət zonalarının yaradılması dünya şəhərlərində uğurla tətbiq olunan nəqliyyat tənzimlənməsi mexanizmlərindən biridir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, nəqliyyatın daha çox yükləndiyi ərazilərə, xüsusilə şəhərin mərkəzinə şəxsi avtomobillə daxil olmaq müəyyən ödənişə bağlanır. Bununla sürücülərin bir hissəsinin ictimai nəqliyyata üstünlük verməsi, digərlərinin səfərlərini pik saatlardan kənara keçirməsi, yaxud alternativ marşrutlardan istifadə etmələri stimullaşdırılır.
Ekspertlərin fikrincə, belə mexanizmin Bakıda tətbiqi, ilk növbədə, şəhərin ən çox yüklənən ərazilərində avtomobil axınının azalmasına şərait yaradar, xüsusilə İçərişəhər, Nizami küçəsi və ona bitişik ərazilərdə, məsələn, nəqliyyat və piyada hərəkətinin intensiv olduğu məkanlarda müəyyən müsbət nəticələr verər. Burada məqsəd avtomobillərin, ümumiyyətlə, şəhər mərkəzinə buraxılmaması deyil, həmin ərazilərə daxil olmaq istəyənlərin nəqliyyat seçimlərinə təsir göstərməkdir.
Təbii ki, ödənişli girişin tətbiqi avtomobillərin sayını birdəfəlik azaltmayacaq. Çünki yüksəkgəlirli vətəndaşlar üçün müəyyən məbləğdə giriş haqqı şəxsi avtomobildən imtinaya kifayət qədər əsas yaratmır. Digər tərəfdən, gündəlik iş fəaliyyəti, ailə və sosial öhdəliklərin yerinə yetirilməsi məqsədilə şəhər mərkəzinə avtomobillə gəlmək məcburiyyətində qalan şəxslər isə əlavə maliyyə yükündən əziyyət çəkir.
Nəqliyyat mütəxəssisi Eldar Cabbarovun fikrincə, ödənişin məbləği, tətbiq olunacağı saatlar, əhatə edəcəyi küçə və prospektlər, eləcə də güzəştlər sistemi xüsusi əhəmiyyət daşıyır. Məsələn, ödənişin təkcə səhər və axşam saatlarında tətbiq edilməsi, günün digər vaxtlarında isə daha aşağı tarifin müəyyənləşdirilməsi məqsədəuyğundur. Ərazidə yaşayan sakinlər, təcili tibbi yardım, yanğınsöndürmə, polis, xüsusi xidmət avtomobilləri və digər zəruri nəqliyyat vasitələri üçün isə fərqli rejim nəzərdə tutulmalıdır.
Taksi fəaliyyəti ilə bağlı narahatlıqlar da diqqətdən kənarda qalmamalıdır. Taksi sürücülərinin gəlirləri birbaşa sifarişlərin sayından, hərəkət məsafəsindən və sərnişinlərin ödəmə qabiliyyətindən asılıdır. Əgər ödənişli zonaya daxilolma haqqı hər sifariş zamanı sürücünün üzərinə düşərsə, bu, xidmətin qiymətinin artmasına və nəticədə, sərnişinlərin sayının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, həmin ödənişin sərnişinə ötürülməsi də taksi xidmətinin əlçatanlığına mənfi təsir göstərər. Ona görə də taksi fəaliyyəti üçün ayrıca iqtisadi və hüquqi mexanizmin hazırlanması zəruridir.
Digər mühüm məqam ondan ibarətdir ki, ödənişli zonaların ətrafında əlavə nəqliyyat sıxlığı yaranmamalıdır. Əgər şəhər mərkəzinə daxil olmaq üçün ödəniş etmək istəməyən sürücülər avtomobillərini həmin zonaların sərhədlərindəki küçələrdə saxlasalar, problem sadəcə bir ərazidən digərinə keçəcək. Bu səbəbdən ödənişli zonaların kənarında müasir parklanma məntəqələrinin və ictimai nəqliyyatla inteqrasiya olunmuş nəqliyyat mübadilə mərkəzlərinin yaradılması da zəruridir.
Əslində, ödənişli hərəkət zonaları təkcə iqtisadi məhdudlaşdırma vasitəsi deyil, bu, həm də şəhər nəqliyyatının idarə edilməsinə dair mühüm planlaşdırma vasitəsidir. Onun nəticəsi tətbiq edilən tarifin səviyyəsindən daha çox, ictimai nəqliyyatın keyfiyyətindən, alternativ marşrutların mövcudluğundan və ümumi nəqliyyat siyasətinin ardıcıllığından asılıdır.
“Rəqəmsal və tarif”
Nəqliyyat eksperti Qasım Həsənovun sözlərinə görə, şəhər mərkəzinə avtomobillə girişin ödənişli prosesi düzgün həyata keçirildikdə nəqliyyat sıxlığının azaldılması mümkündür. Müxtəlif ölkələrin təcrübəsi isə göstərir ki, bu mexanizm ictimai nəqliyyatın inkişafı ilə paralel gerçəkləşdirildiyi halda müsbət nəticələrlə nəzərə çarpır. Məsələn, Böyük Britaniyanın paytaxtı Londonda 2003-cü ilin fevralından uğurla tətbiq edilən “Congestion Charge” sistemi şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillərdən ödəniş alınmasını nəzərdə tutur. Şəhər nəqliyyat idarəsinin monitorinqinə əsasən, adıçəkilən mexanizmin tətbiqindən sonra ödənişli zonaya daxil olan avtomobillərin sayının 18 faiz, həmin ərazidə nəqliyyat sıxlığının isə 30 faiz azalması bunun bariz ifadəsidir.
London təcrübəsinin mühüm cəhəti ondan ibarətdir ki, ödənişli giriş sistemi tətbiq edilərkən avtobus xidmətləri də genişləndirildi, əlavə avtobuslar istismara verildi və yeni marşrutlar yaradıldı. Beləliklə, avtomobildən ictimai nəqliyyata keçmək istəyən sərnişinlərin ehtiyaclarının ödənilməsi gerçəkləşdirildi.
Bu təcrübənin başqa bir nəticəsi də maraq doğurur. Belə ki, ödənişli zonaya əvvəlki qaydada avtomobillə daxil olanların sayı azaldığı halda, səfərlərin bir hissəsi ictimai nəqliyyata, digər hissəsi isə alternativ marşrutlara yönəldi. Deməli, belə sistemin səmərəliliyi təkcə avtomobillərin sayının azalması ilə deyil, həm də insanların hərəkət vərdişlərinin dəyişməsi ilə ölçülür.
Dünya təcrübəsində Sinqapur modeli də müsbət nəticələri ilə diqqət çəkir. Burada 1998-ci ildən fəaliyyət göstərən Elektron Yol Qiymətləndirmə (ERP) sistemi əsasında nəqliyyat sıxlığının səviyyəsinə uyğun ödəniş tarifləri dəyişdirilir. Belə ki, sıxlığın yüksək olduğu ərazilərdə və müəyyən saatlarda daha çox, hərəkətin nisbətən zəif vaxtlarında isə daha az ödəniş edilir.
Qasım Həsənovun fikrincə, Bakıda bu təcrübələrin hər hansı birini olduğu kimi tətbiq etməkdənsə, şəhərin coğrafi quruluşu, əhalinin gündəlik hərəkət istiqamətləri, avtomobilləşmə səviyyəsi və ictimai nəqliyyatın mövcud imkanları nəzərə alınmaqla milli model hazırlanması daha məqsədəuyğundur.
Müasir şəhərlərdə nəqliyyat sıxlığının azaldılmasında rəqəmsal texnologiyaların rolu getdikcə artır. “Ağıllı” svetofor sistemləri, avtomobil axınını ölçən sensorlar, videomüşahidə vasitələri və süni intellekt əsaslı idarəetmə proqramları nəqliyyatın hərəkətini real vaxt rejimində tənzimləməyə imkan verir.
Bakıda da belə sistemlərin daha geniş tətbiqi məqsədəuyğundur. Məsələn, bir neçə istiqamətdən gələn avtomobillərin intensivliyi nəzərə alınaraq svetoforların işləmə müddəti avtomatik dəyişdirilə, bununla da xüsusilə böyük yol qovşaqlarında gözləmə müddəti azaldıla bilər. Eyni zamanda, sürücülərə mobil tətbiqlər vasitəsilə tıxacların vəziyyəti, alternativ marşrutlar, parklanma yerləri və ödənişli zonalar barədə məlumat verilməsi mümkündür.
Ödənişli giriş mexanizminin də elektron qaydada, avtomobillərin dövlət qeydiyyat nişanlarının tanınması və vahid rəqəmsal platforma vasitəsilə idarə olunması daha məqsədəuyğundur. Belə şəraitdə həm inzibati xərclər azalır, həm də ödənişlərin şəffaflığı təmin edilir.
Bakının nəqliyyat sisteminin inkişafında qısa məsafəli səfərlərin avtomobildən asılılığının azaldılması da nəzərə alınmalıdır. Bunun üçün təhlükəsiz velosiped yollarının, piyada zonalarının və mikromobillik infrastrukturunun genişləndirilməsi vacibdir.
Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən iş yerləri, təhsil müəssisələri, ticarət və xidmət obyektləri arasında rahat piyada əlaqələrinin yaradılması avtomobillə qısa məsafələrə səfərlərin sayını azaldar. Velosiped və elektrik skuterləri üçün ayrılmış zolaqların metro və avtobus dayanacaqları ilə əlaqələndirilməsi isə ümumi nəqliyyat sisteminin səmərəliliyini artırar.
Elməddin MURADLI,
nəqliyyat eksperti
Milli Məclisdə “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, paytaxtda ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Layihədə planlaşdırılan ərazilərə avtomobillə daxil olan sürücülərdən müəyyən məbləğdə haqq alınacağı və toplanan vəsaitin dövlət büdcəsinə köçürüləcəyi bildirilir.
Bakıda tıxacın qarşısını almaq, xüsusilə də şəhərin mərkəzi ərazilərinə avtomobillə daxil olanların sayını azaltmaq üçün belə bir addım atılması mühüm önəm daşıyır. Burada dövlətin məqsədi vətəndaşlardan pul toplamaq və gəlir əldə etmək deyil. Əsas yanaşma şəhərin mərkəzini avtomobil sıxlığından azad etməkdir. Bu məsələdə ekoloji problemlər, nəqliyyatın səs-küyü, əhali arasında yaranan narahatlıq və avtomobil sıxlığı da diqqət mərkəzində saxlanılır. Dövlət bütün sadalanan narahatlıqların qarşısını almaq üçün hərəkəti bu formada tənzimləməyi mühüm vəzifə kimi önə çəkir.
Bu qərar şəhərin mərkəzinə avtomobillə girişin tamamilə qadağan edilməsi demək deyil. Başqa sözlə, hər bir şəxs şəhərin mərkəzinə avtomobillə gəlmək üçün, sadəcə, müəyyən olunan ödəniş edəcək. Bu, eyni zamanda, vətəndaşların ictimai nəqliyyata marağını artırmaq üçün atılan önəmli addımdır.
Bu ildən Azərbaycanda artıq “brutto” müqaviləsi tətbiq olunur. Bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, avtobuslar qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən ödəniş alırlar. Yəni daşıyıcı şirkət xəttə nə qədər avtobus buraxırsa və həmin avtobuslar gün ərzində neçə kilometr hərəkət edirsə, ödəniş də buna uyğun hesablanır.
Məqsəd daşıyıcı şirkətləri daha çox işləməyə, xidməti genişləndirməyə və sərnişinlərin yolda qalmamasına təşviq etməkdir. Dövlət, ödənişli zonalardan toplanan vəsaiti də həmin daşıyıcı şirkətlərə yönəltmək istəyir. Yəni bu vəsait dövlətin öz gəliri kimi nəzərdə tutulmur, maliyyənin ictimai nəqliyyatın inkişafına sərf olunacağı planlaşdırılır.
Vaqif BAYRAMOV
XQ