Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin, həmçinin Kitabxana - İnformasiya Mərkəzinin tarixi və bu günü haqqında danışıb, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü barədə geniş məlumat verib.
Qeyd edib ki, 14 Fevral təqvimdə ən gənc bayramlardan biridir.
2012 -ci ildə təsis olunan bu bayram uşaq kitab saytının təsisçisi Emmi Brodmoorun adı ilə bağlıdır.
Beynəlxalq Kitab Bağışlama Günü 2013-cü ildən bir çox ölkələrdə, həmçinin Azərbaycanda qeyd olunur.
Zinharə Həsənova bildirib ki, ADPU-nun Kitabxana - İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu bayram hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə qeyd edilir: “Məqsəd uşaqlarda kitaba sevgi, böyüklərdə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir”.