Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. 14 aprel, 2025-ci il...
Hər gün onlarla, yüzlərlə ziyarətçini ağuşuna alan, özünün gözəlliyi, ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi ilə bizləri fəth edən Şuşa - Pənahəli xanın əmanəti olan bu qala şəhər dumanlı, çiskinli bir yaz günündə növbəti xoşbəxt anlarını yaşadı.
Bəli, Pənahəli xanın yadigarı, bizim baş tacımız, varlığımız, qürur yerimiz olan Şuşa oxucularımıza təqdim etdiyimiz bu nəsil şəcərəsinin son nümayəndələrini - məhz Pənahəli xan nəslinin törəmələrini qoynunda görməkdən çox məmnun oldu.
Şuşa çox sevindi ki, uzaq Avstraliyadan 14 min kilometr yolu qət edərək torpağına, havasına, suyuna haqqı olan, qəlbində daim vətən sevgisini qoruyub saxlayan Cəmilə Cavanşir ailə üzvləri ilə onun qonağıdır.
İctimai fəallığı və Azərbaycan həqiqətlərinin təbliğ olunmasındakı xidmətləri ilə uzaq Avstraliyada tanınan Cəmilə Cavanşir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, görkəmli neftçi-alim, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı regional prezidenti olmuş Rəşid Cavanşirin qızıdır.
Rəşid müəllim harada oxumasından və işləməsindən asılı olmayaraq, Cavanşir soyadına daim böyük hörmət və məsuliyyətlə yanaşıb.
Sovet rejimində ən mötəbər auditoriyalarda belə özünü Cavanşirlər nəslinin nümayəndəsi kimi qürurla təqdim edib.
İşlədiyi xarici ölkələrdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanı daim qəlbində daşıyıb.