Peşə təhsili və yeniləşən əmək bazarı

26.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Texnoloji tərəqqi ixtisaslı fəaliyyətə necə təsir göstərir? 

Son dövrlər ölkəmizdə peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb. 2022-ci illə müqayisədə 2026-cı ildə bu istiqamətdə təhsil alanların sayı 47, müraciət edənlərin sayı isə 77 faiz çoxalıb. 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 19 mindən 28 min nəfərə, müraciət edənlərin sayı isə 29 mindən 52 min nəfərə yüksəlib. Bu dinamika valideynlər və abituriyentlə­rin karyera planlamasında ciddi düşüncə dəyişikliyini göstərir. Gənclər 4 il nəzəriy­yə öyrənib iş axtarmaq əvəzinə, 1–2 il ər­zində konkret bir peşəyə yiyələnərək əmək bazarına daxil olmağa üstünlük verirlər. 

Diqqətçəkən əsas məqamlardan biri ənənəvi sahələrlə yanaşı, sosial və xid­mətyönümlü müasir ixtisaslara rəqabətin yaranmasıdır. Ali təhsilə keçid imkanı ya­radan yüksək texniki peşə təhsili səviyyə­sinə qəbul göstəricilərində davamlı artım müşahidə olunur. Xüsusilə tibb bacısı və qardaşı ixtisaslarına kütləvi axın səhiyyə­nin orta tibb heyətinə olan ehtiyacından qaynaqlanır. Bütün bunlar göstərir ki, peşə məktəbləri artıq ali məktəbə qəbul ola bil­məyənlərin “son ümidi” deyil, prestijli və təminatlı iş yerinə aparan birbaşa yol kimi dəyərləndirilir. 

Digər tərəfdən, müasir əmək bazarı diplomdan çox konkret bacarıq və səriştə tələb edir. Sənaye parklarının genişlənmə­si, kənd təsərrüfatında yeni texnologiyala­rın tətbiqi, turizm və İT sektorunun inkişafı ixtisaslı kadr çatışmazlığını gündəmə gəti­rib. İşəgötürənlər üçün əsas meyar namizə­din hansı universiteti bitirməsi deyil, real iş prosesini nə dərəcədə dərindən bilməsi­dir. Dual təhsil proqramlarının tətbiqi və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi isə gənclərin təhsil aldıqları dövrdə işlə təmin olunmasına şə­rait yaradır. 

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Ruslan Bayramov qeyd etdi ki, ali məktəbə qəbul ola bilməyən və ya tez bir zamanda peşə sahibi olmaq istəyən gənclərin peşə təhsilinə yönəlmə­si müasir dövrün ən doğru seçimidir. Bu yol onlara birbaşa praktik vərdişlər və sürətli karyera imkanı qazandırır: 

– Müasir dövrdə peşə təhsilinin ilk peşə, texniki peşə və yüksək texniki peşə olmaqla bir neçə pilləsi mövcuddur. Bun­ların hər biri özlüyündə kifayət qədər pers­pektivli istiqamətlərdir. Seçilən müxtəlif müddətli təhsil proqramları sayəsində gənclər tezliklə peşəkar fəaliyyətə baş­layaraq real təcrübə qazanırlar. Xüsusilə istehsalatla inteqrasiya olunmuş dual peşə təhsili proqramları böyük üstünlük yaradır. Bu sistemdə tələbə həm oxumaq, həm də işləmək imkanı əldə edir. 

Dövlət səviyyəsində peşə təhsilinə göstərilən diqqət də məhz bu hədəflərin reallaşmasına yönəlib. Bu sahədə əsaslı dönüş Prezident İlham Əliyevin 2016-cı ilin aprel ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzala­dığı fərmandan sonra başlayıb. Agentlik beynəlxalq təcrübəyə əsaslanan rəqabətə­davamlı kadrlar yetişdirməklə yanaşı, müasir tədris infrastrukturunun yenilən­məsini və formalaşmasını təmin edir. Məsələn, Şuşada açılan peşə müəssisəsi və 20 hektara yaxın ərazidə yerləşən Cəbra­yıl Dövlət Peşə Təhsil Mərkəzi bu sahənin diqqət mərkəzində olduğunu təsdiqləyir. 

4 il oxuyub işsiz qalmaqdansa, konkret sənət öyrənib dərhal gəlir əldə etmək həm gənclər, həm də iqtisadiyyat üçün daha səmərəlidir. Peşə təhsilinə artan maraq əmək bazarına birmənalı şəkildə müsbət təsir göstərir. Bunu statistik göstəricilərin fonunda peşə təhsilindən sonra iş həyatına keçid edən gənclərin timsalında da görmək olar. Mən illərdir peşə, orta ixtisas və ali təhsil müəssisələrinə tələbə qəbulu prose­sində bilavasitə iştirak edir, gənclərin son­rakı iş həyatını və bacarıqlarını izləyirəm. Müşahidələrimə və statistik məlumatlara əsaslanaraq deyirəm ki, peşə təhsili alan gənclər işə daha tez və rahat uyğunlaşırlar. 

Ekspert bildirdi ki, müasir bazarın ehtiyaclarına və dünya təcrübəsinə əsas­lanan yeni tədris proqramları ixtisaslı kadr yetişdirilməsinə mühüm töhfə ver­sə də, peşəkar mütəxəssis kimi formalaş­maq üçün gənclərin öz üzərində işləməsi vacibdir: 

– Mövcud peşə təhsili proqramları bu­günkü əmək bazarının tələbləri ilə ayaq­laşır. İstər İT, istərsə də digər sahələr üzrə peşə təhsili proqramları müasir dövrün eh­tiyaclarına cavab verir. Ötən il yeni proq­ramların və ixtisasların əlavə olunması həmin sahələrdə mütəxəssislərə tələbatın artdığını göstərir. Dünya təcrübəsi və baza­rın real vəziyyəti nəzərə alınmaqla hazırla­nan bu proqramlar üzrə artıq tələbə qəbulu da aparılıb. İKT sahəsində kadr hazırlığı bunun bariz nümunəsidir. Düşünürəm ki, peşəkar mütəxəssis kimi yetişmək üçün təkcə tədris müəssisəsinin verdiyi biliklər kifayət etmir, tələbələrin özlərində də araş­dırma və daim yenilənmək həvəsi olmalı­dır. Peşə təhsilinə artan maraq əmək baza­rına müsbət təsir göstərsə də, gənclər fərdi inkişafa önəm verməli və dövrün tələb et­diyi yeni bacarıqlara yiyələnməlidirlər. 

Tələbə sayının artması əmək bazarının real tələbatına uyğun tənzimlənir və qəbul planı məhz mövcud ehtiyaclar nəzərə alı­naraq müəyyənləşdirilir. Son illər peşə təh­silinə göstərilən dövlət qayğısı maddi-tex­niki bazanın möhkəmləndirilməsi, eləcə də müasir texnologiyalara bələd olan usta və müəllimlərin hazırlanması baxımından xü­susi əhəmiyyət daşıyır. 

Beynəlxalq təcrübə göstərir ki, peşə təhsilinin güclü olduğu ölkələrdə gənc­lərin əmək bazarına keçidi daha asandır. Məsələn, Almaniyada bu sahə üzrə təhsil müəssisələrinin sayı ali məktəblərdən çox­dur. İsveçrə və Avstriyada gənclərin əhə­miyyətli hissəsi ikili təhsil modelinə üstün­lük verərək həm məktəbdə nəzəri bilik alır, həm də istehsalatda real təcrübə qazanır. Danimarkada isə şagirdlərin böyük qismi tədris müddətinin əsas hissəsini birbaşa iş mühitində keçirir. 

Bu yanaşma mütəxəssis yetişdirilməsi­ni bazarın real ehtiyaclarına uyğunlaşdırır. Ölkəmizdə də aidiyyəti qurumlar möv­cud tələbatı nəzərə alaraq kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirirlər. Məsələn, Peşə Təhsili üzrə Dövlət Agentli­yinin rəsmi sosial şəbəkə hesablarında son vaxtlar usta və müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunduğunu aydın görü­rük. Görülən sistemli işlər və qazanılan müsbət dinamika deməyə əsas verir ki, yaxın illərdə peşə təhsili ölkə iqtisadiyyatı­nın əsas kadr mənbəyinə çevriləcək. 

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью