Peşə təhsili və yeniləşən əmək bazarı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Texnoloji tərəqqi ixtisaslı fəaliyyətə necə təsir göstərir?
Son dövrlər ölkəmizdə peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb. 2022-ci illə müqayisədə 2026-cı ildə bu istiqamətdə təhsil alanların sayı 47, müraciət edənlərin sayı isə 77 faiz çoxalıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 19 mindən 28 min nəfərə, müraciət edənlərin sayı isə 29 mindən 52 min nəfərə yüksəlib. Bu dinamika valideynlər və abituriyentlərin karyera planlamasında ciddi düşüncə dəyişikliyini göstərir. Gənclər 4 il nəzəriyyə öyrənib iş axtarmaq əvəzinə, 1–2 il ərzində konkret bir peşəyə yiyələnərək əmək bazarına daxil olmağa üstünlük verirlər.
Diqqətçəkən əsas məqamlardan biri ənənəvi sahələrlə yanaşı, sosial və xidmətyönümlü müasir ixtisaslara rəqabətin yaranmasıdır. Ali təhsilə keçid imkanı yaradan yüksək texniki peşə təhsili səviyyəsinə qəbul göstəricilərində davamlı artım müşahidə olunur. Xüsusilə tibb bacısı və qardaşı ixtisaslarına kütləvi axın səhiyyənin orta tibb heyətinə olan ehtiyacından qaynaqlanır. Bütün bunlar göstərir ki, peşə məktəbləri artıq ali məktəbə qəbul ola bilməyənlərin “son ümidi” deyil, prestijli və təminatlı iş yerinə aparan birbaşa yol kimi dəyərləndirilir.
Digər tərəfdən, müasir əmək bazarı diplomdan çox konkret bacarıq və səriştə tələb edir. Sənaye parklarının genişlənməsi, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, turizm və İT sektorunun inkişafı ixtisaslı kadr çatışmazlığını gündəmə gətirib. İşəgötürənlər üçün əsas meyar namizədin hansı universiteti bitirməsi deyil, real iş prosesini nə dərəcədə dərindən bilməsidir. Dual təhsil proqramlarının tətbiqi və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi isə gənclərin təhsil aldıqları dövrdə işlə təmin olunmasına şərait yaradır.
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Ruslan Bayramov qeyd etdi ki, ali məktəbə qəbul ola bilməyən və ya tez bir zamanda peşə sahibi olmaq istəyən gənclərin peşə təhsilinə yönəlməsi müasir dövrün ən doğru seçimidir. Bu yol onlara birbaşa praktik vərdişlər və sürətli karyera imkanı qazandırır:
– Müasir dövrdə peşə təhsilinin ilk peşə, texniki peşə və yüksək texniki peşə olmaqla bir neçə pilləsi mövcuddur. Bunların hər biri özlüyündə kifayət qədər perspektivli istiqamətlərdir. Seçilən müxtəlif müddətli təhsil proqramları sayəsində gənclər tezliklə peşəkar fəaliyyətə başlayaraq real təcrübə qazanırlar. Xüsusilə istehsalatla inteqrasiya olunmuş dual peşə təhsili proqramları böyük üstünlük yaradır. Bu sistemdə tələbə həm oxumaq, həm də işləmək imkanı əldə edir.
Dövlət səviyyəsində peşə təhsilinə göstərilən diqqət də məhz bu hədəflərin reallaşmasına yönəlib. Bu sahədə əsaslı dönüş Prezident İlham Əliyevin 2016-cı ilin aprel ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı fərmandan sonra başlayıb. Agentlik beynəlxalq təcrübəyə əsaslanan rəqabətədavamlı kadrlar yetişdirməklə yanaşı, müasir tədris infrastrukturunun yenilənməsini və formalaşmasını təmin edir. Məsələn, Şuşada açılan peşə müəssisəsi və 20 hektara yaxın ərazidə yerləşən Cəbrayıl Dövlət Peşə Təhsil Mərkəzi bu sahənin diqqət mərkəzində olduğunu təsdiqləyir.
4 il oxuyub işsiz qalmaqdansa, konkret sənət öyrənib dərhal gəlir əldə etmək həm gənclər, həm də iqtisadiyyat üçün daha səmərəlidir. Peşə təhsilinə artan maraq əmək bazarına birmənalı şəkildə müsbət təsir göstərir. Bunu statistik göstəricilərin fonunda peşə təhsilindən sonra iş həyatına keçid edən gənclərin timsalında da görmək olar. Mən illərdir peşə, orta ixtisas və ali təhsil müəssisələrinə tələbə qəbulu prosesində bilavasitə iştirak edir, gənclərin sonrakı iş həyatını və bacarıqlarını izləyirəm. Müşahidələrimə və statistik məlumatlara əsaslanaraq deyirəm ki, peşə təhsili alan gənclər işə daha tez və rahat uyğunlaşırlar.
Ekspert bildirdi ki, müasir bazarın ehtiyaclarına və dünya təcrübəsinə əsaslanan yeni tədris proqramları ixtisaslı kadr yetişdirilməsinə mühüm töhfə versə də, peşəkar mütəxəssis kimi formalaşmaq üçün gənclərin öz üzərində işləməsi vacibdir:
– Mövcud peşə təhsili proqramları bugünkü əmək bazarının tələbləri ilə ayaqlaşır. İstər İT, istərsə də digər sahələr üzrə peşə təhsili proqramları müasir dövrün ehtiyaclarına cavab verir. Ötən il yeni proqramların və ixtisasların əlavə olunması həmin sahələrdə mütəxəssislərə tələbatın artdığını göstərir. Dünya təcrübəsi və bazarın real vəziyyəti nəzərə alınmaqla hazırlanan bu proqramlar üzrə artıq tələbə qəbulu da aparılıb. İKT sahəsində kadr hazırlığı bunun bariz nümunəsidir. Düşünürəm ki, peşəkar mütəxəssis kimi yetişmək üçün təkcə tədris müəssisəsinin verdiyi biliklər kifayət etmir, tələbələrin özlərində də araşdırma və daim yenilənmək həvəsi olmalıdır. Peşə təhsilinə artan maraq əmək bazarına müsbət təsir göstərsə də, gənclər fərdi inkişafa önəm verməli və dövrün tələb etdiyi yeni bacarıqlara yiyələnməlidirlər.
Tələbə sayının artması əmək bazarının real tələbatına uyğun tənzimlənir və qəbul planı məhz mövcud ehtiyaclar nəzərə alınaraq müəyyənləşdirilir. Son illər peşə təhsilinə göstərilən dövlət qayğısı maddi-texniki bazanın möhkəmləndirilməsi, eləcə də müasir texnologiyalara bələd olan usta və müəllimlərin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübə göstərir ki, peşə təhsilinin güclü olduğu ölkələrdə gənclərin əmək bazarına keçidi daha asandır. Məsələn, Almaniyada bu sahə üzrə təhsil müəssisələrinin sayı ali məktəblərdən çoxdur. İsveçrə və Avstriyada gənclərin əhəmiyyətli hissəsi ikili təhsil modelinə üstünlük verərək həm məktəbdə nəzəri bilik alır, həm də istehsalatda real təcrübə qazanır. Danimarkada isə şagirdlərin böyük qismi tədris müddətinin əsas hissəsini birbaşa iş mühitində keçirir.
Bu yanaşma mütəxəssis yetişdirilməsini bazarın real ehtiyaclarına uyğunlaşdırır. Ölkəmizdə də aidiyyəti qurumlar mövcud tələbatı nəzərə alaraq kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirirlər. Məsələn, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi sosial şəbəkə hesablarında son vaxtlar usta və müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunduğunu aydın görürük. Görülən sistemli işlər və qazanılan müsbət dinamika deməyə əsas verir ki, yaxın illərdə peşə təhsili ölkə iqtisadiyyatının əsas kadr mənbəyinə çevriləcək.
Elenora HƏSƏNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 26 Noyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















