Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin reallaşdırdığı "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, "Baku Crystal Hall"da "Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, deputatlar, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.
Anar Əliyev 2022-ci ildən təşkil olunan "Peşələr festivalı"nın gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb.
Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib.
O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin vətəndaş rifahının təminatına xidmət etdiyini, eyni zamanda insan kapitalının inkişaf etdirilməsinin bu siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib.
Bildirib ki, "PeşəFest"də iştirak edən gənclərimiz bu platforma vasitəsilə əmək bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını qurmaq imkanı əldə ediblər.