Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Plastik tullantıların təbiətə vurduğu zərəri azaltmaq istəyən britaniyalı ekoloq Riçart Sova 1998-ci ildə qeyri-adi layihəyə başlayıb. Meksikanın Karib dənizi sahilində Puerto Aventuras yaxınlığındakı laqunu seçən Sova minlərlə plastik butulkanı birləşdirərək dənizin üzərində yaşaya biləcəyi süni ada yaradıb.
Banco.az xəbər verir ki, ilk layihəsində təxminən 250 min plastik butulkadan istifadə edən ekoloq zamanla adanın üzərində ikimərtəbəli ev, üç kiçik çimərlik, günəş sobası və kompost tualeti inşa edib. Əraziyə əkdiyi manqrov ağacları isə adaya təbii görünüş qazandırıb.
Lakin uzun zəhmət hesabına yaratdığı ilk ada 2005-ci ildə bölgəyə təsir edən Emili qasırğası nəticəsində böyük ölçüdə dağılıb.
Qasırğaya baxmayaraq layihəsindən imtina etməyən Sova bu dəfə Isla Mujeres yaxınlığında daha qorunan laqunda yeni ada yaratmağa qərar verib. 2008-ci ildə tamamlanan adaya ingilis dilində “sevinc” mənasını verən “Joyxee” adı verilib.
“Daily Mail”in məlumatına görə, ikinci adanın tikintisində təxminən 150 min plastik butulkadan istifadə olunub. Bəzi mənbələrdə isə bu rəqəmin 100 minə yaxın olduğu bildirilir. Sova adanı yalnız üzən yaşayış məkanı kimi deyil, gündəlik ehtiyaclarını təbiətlə uyğun şəkildə qarşılaya biləcəyi bir sistem kimi qurub.
Elektrik enerjisini günəş panelləri vasitəsilə əldə edən ekoloq adada günəş enerjisi ilə işləyən şəlalə və iki kiçik hovuz da yaradıb. İnternet bağlantısının olduğu adada paltaryuyan maşını işlətmək üçün dəniz dalğalarının hərəkətindən də yararlanıb.
Əsasən bitki mənşəli qidalarla qidalanan Sova ərzaqlarının bir hissəsini öz bağında yetişdirib. Gündəlik istifadə etdiyi əşyaları, hətta idman avadanlıqlarını belə mümkün qədər ekoloji prinsiplərə uyğun seçib. Uzun illər adada tək yaşayan Sovanın həyatı 2014-cü ildə dəyişib. O, Facebook vasitəsilə Jodi Bowlinlə tanış olub. Münasibətləri inkişaf etdikdən sonra Bowlin də Joyxee adasına köçüb.
Dünya mediasında geniş işıqlandırılan üzən ada sonrakı illərdə bölgədə baş verən fırtınalar nəticəsində zərər görüb. 2019-cu ilin yanvarında isə yerli qurumlar Sovadan adanı ərazidən götürməsini tələb edib.
Bizi sosial şəbəkələrdən izləyin!!