Poeziyamızın həsrət çiçəyi

29.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

30 avqust şair-publisist Şahmar Əkbərzadənin anım günüdür

Ömrünü-gününü daim rahat, qayğısız yaşayıb dünyanın faniliyini unudanlar üçün hər cür sınaq, ayrılıq ağır dərddir. Belələri ən adi çətinliklə üzləşəndə belə dünyanı söyüb-yamanlayır, sızıltıları, ah-nalələri aləmi başına götürür, deyirsən, görən, nə olub? Elə insanlar da var ki, sanki, dərdlə qoşa doğulur, həyat hər zaman onu sınaqlarla üz-üzə qoyur, uşaqlığı da, gəncliyi də çarpışmalarda keçir. Amma onlar dərdi, kədəri şərbət kimi içir, onu Yaradanın ərməğanı kimi qəbul edirlər.
Belələri öz ağrılarını unudur, Vətənin, el-obanın dərdini çəkirlər. Unudulmaz şair-publisist Şahmar Əkbərzadə də belə bir ömür yaşadı. Ustad qələm sahibinin qisməti daha çox ağrı-acı, sıxıntı oldu. Bu ağrıları ürəyində çəkdi, çoxları onun göynərtilərini duymadı. Ancaq o, bu qismətinə görə dünyadan şikayətçi olmadı:

Heç vaxt əzabıma əzab vermədi,
Məni qısqanmadı dəhşətə dünya.
Bircə günümü də, bir öynəmi də
Tamarzı qoymadı möhnətə dünya.

Onun 7 bəndlik “Dünya” şeirinin hər misrası ürəkdə, bəlkə də, illərlə cilalanıb. Bir baxın:

Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi
Mindirdi qəmimi hörmətə dünya.

Şeirin son bəndini oxuduqdan sonra bu ömrün qismətinə acımaya bilmirsən:

Şahmaram, qüdrətim şahmar olmadı,
Müşküllər qarşımda naçar olmadı.
Zillətim zillətə düçar olmadı,
Tac qoydu içimdə zillətə dünya!

Milli poeziyamızın söz xiridarlarından olan Şahmar Əkbərzadənin şeirlərinin çoxu onun ömür payının poeziyaya dönmüş əksidir. Bu misralardan (“Həsrət qoxlayıram çiçək yerinə” şeirindən) süzülən ağrı, həsrət xalqın ürəyindən su içib:

Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız.
Yada ətir saçdı gülüstanımız
Mən həsrət qoxladım çiçək yerinə.

Güvəndiyi dağlara qar yağması, pir bildiyinin odu öz qabağına çəkməsi, pünhan sirrini söylədiyinin o sirri düşmənə faş eləməsi, sərvəti yadları yağ-balla dolandıran yurdun övladlarının isə yavanlığının daim göz yaşları olması kimi dərdlər Şahmar Əkbərzadəni heç vaxt rahat buraxmadı. Üzü dönmüş dünyada adamların adamlığını itirməsi, kələklə gələnin küləklə getməməsi, çaqqalın qurda dönüb, tülkünün şirləşməsi, namərdlərin birləşib, mərdlərin əyişməsi, qısaca desək, insanların insanlığın ölməsi (Bəxtiyar Vahabzadə) də onun şeirlərində böyük ağrı ilə (“Allah amandı”) təsvir olunur.

Güney Azərbaycan sevdalısı kimi Şahmar Əkbərzadə görkəmli alim Cavad Heyətə yazdığı “Salam de!” şeirində deyirdi: “Yer üzündə həsrət, möhnət sarıdan, bizdən varlı yaratmayıb Yaradan!”. Bu şeir onun cənub həsrəti ilə bağlıdı. Bu həsrət, o dövrün əksər yazarları kimi, Şahmar poeziyasının yaralı qoludur...

Bütün bunlar onun ürək ağrılarına çevrilmişdi. Elə ürək ağrılarından da dünyasına qovuşmuş şair-publisist Şahmar Əkbərzadə çiçək yerinə həsrət qoxulayan xalqın vicdanlı oğluydu. Buna görə də onun istər publisistik yazılarında, istərsə də şeirlərində “vətən daşı” olmaq istəyi yaşayır. Onun poeziyası haqqında Türk dünyasının görkəmli qələm sahibləri – Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Oljas Süleymenov və başqalarının ürək sözləri bu fikrin təsdiqidir...

Türk dünyasının tanınmış yazarlarından olan İrfan Ünvər Nəsrəddinoğlu Şahmar Əkbərzadə yaradıcılığını belə qiymətləndirib: “Onun yaradıcılığını dəyərləndirənlərin başında ustadımız Bəxtiyar Vahabzadə dayanır. Ədəbiyyata gəlişi də ilk dəfə onun xeyir-duası ilə olub. Ünlü Azərbaycan şairləri Nəbi Xəzrinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məmməd Aslanın və başqalarının Şahmar yaradıcılığına verdiyi qiymət onun poeziyasının yaşarlığına tutarlı zəmanətdir. Şahmar Əkbərzadə haqqında çox yazmaq olar, nə qədər yazılır-yazılsın, yenə azdır. O, bizim sərhədsiz ruhumuzdur”.

Onun hər bir şeiri, hər bir yazısı, belə demək olarsa, günün manşeti olurdu, yaddaşlara yazılırdı. Çünki Şahmar müəllim istər şeirdə, istərsə də jurnalistikada özünəməxsus üsluba, ifadə tərzinə malik idi. İtirilmiş yurd yerlərimiz, düşmən tapdağı altında olan torpaqlarımızın həsrəti, ağrı-acısı ilə yaşayır, haray qoparırdı:

Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?

Şahmar Əkbərzadə şeirlərinin çoxu - “Nağara”, “Ayırar bu dünya bizi nə vaxtsa”, “Dağdağan”, “Mərkəzi poçtxana”, “Əlvida” və başqa şeirlər əzbərlənməyə layiq əsərlərdir. “Dağdağan” şeirinin son bəndi heç yadımdan çıxmır:

...Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.

O, çox sadə, kövrək ürək sahibi idi. Buna görə də vətənlə, Türk dünyası ilə bağlı hər xəbərdən, olaydan təsirlənirdi.

İllər əvvəlin xatirəsidi. Onda Şahmar müəllim “Mədəniyyət” qəzetinin baş redaktoru idi. Bizim “Tumurcuq” qəzetinin də ayaq tutan, hər sayının daha maraqla oxunan vaxtıydı. Hər yeni sayımızı oxuyub fikrini söyləyirdi. Onun təklif və iradlarını qiymətli sayırdım. Bir dəfə otağa girəndə gördüm oturub “Tumurcuq”un saylarını vərəqləyir...

Arada dedi, Kıbrısla bağlı yazdıqlarını oxumuşam, xoşuma gəlib. Sonra əlavə etdi ki, məni də payızda Kıbrısda keçiriləcək şeir şöləninə dəvət ediblər, yazıların olan qəzetləri ver, oradakı dostlarına çatdırım... Hiss etdim ki, Şahmar müəllim bu dəvətdən məmnundur. Çünki o, orada təkcə müxtəlif ölkələrdən gələn yazarlarla yox, illərlə arzusunda olduğu mübariz Kıbrıs türklərinin həyatı, qurduqları cümhuriyyətin uğurları ilə tanış olacaq, yeni dostlar qazanacaqdı...

Həmişə olduğu kimi, o gün də işə tez gəlmişdim. “Azərbaycan” nəşriyyatının qapısından girən kimi elə bil məni ildırım vurdu. Divardakı qara haşiyəli çərçivədən Şahmar müəllim fikirli-fikirli mənə baxırdı...

O, 58 ilmi (28 dekabr1941-ci il – 30 avqust 2000-ci il) yaşadı? Yox, məncə, bu sualın cavabını Şahmar Əkbərzadənin daim narahat yaşayan və həsrət qoxulayan ürəyi hamıdan yaxşı bilərdi. Ruhu şad olsun!

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью