Icma.az
close
up
RU
Poeziyamızın həsrət çiçəyi

Poeziyamızın həsrət çiçəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

30 avqust şair-publisist Şahmar Əkbərzadənin anım günüdür

Ömrünü-gününü daim rahat, qayğısız yaşayıb dünyanın faniliyini unudanlar üçün hər cür sınaq, ayrılıq ağır dərddir. Belələri ən adi çətinliklə üzləşəndə belə dünyanı söyüb-yamanlayır, sızıltıları, ah-nalələri aləmi başına götürür, deyirsən, görən, nə olub? Elə insanlar da var ki, sanki, dərdlə qoşa doğulur, həyat hər zaman onu sınaqlarla üz-üzə qoyur, uşaqlığı da, gəncliyi də çarpışmalarda keçir. Amma onlar dərdi, kədəri şərbət kimi içir, onu Yaradanın ərməğanı kimi qəbul edirlər.
Belələri öz ağrılarını unudur, Vətənin, el-obanın dərdini çəkirlər. Unudulmaz şair-publisist Şahmar Əkbərzadə də belə bir ömür yaşadı. Ustad qələm sahibinin qisməti daha çox ağrı-acı, sıxıntı oldu. Bu ağrıları ürəyində çəkdi, çoxları onun göynərtilərini duymadı. Ancaq o, bu qismətinə görə dünyadan şikayətçi olmadı:

Heç vaxt əzabıma əzab vermədi,
Məni qısqanmadı dəhşətə dünya.
Bircə günümü də, bir öynəmi də
Tamarzı qoymadı möhnətə dünya.

Onun 7 bəndlik “Dünya” şeirinin hər misrası ürəkdə, bəlkə də, illərlə cilalanıb. Bir baxın:

Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi
Mindirdi qəmimi hörmətə dünya.

Şeirin son bəndini oxuduqdan sonra bu ömrün qismətinə acımaya bilmirsən:

Şahmaram, qüdrətim şahmar olmadı,
Müşküllər qarşımda naçar olmadı.
Zillətim zillətə düçar olmadı,
Tac qoydu içimdə zillətə dünya!

Milli poeziyamızın söz xiridarlarından olan Şahmar Əkbərzadənin şeirlərinin çoxu onun ömür payının poeziyaya dönmüş əksidir. Bu misralardan (“Həsrət qoxlayıram çiçək yerinə” şeirindən) süzülən ağrı, həsrət xalqın ürəyindən su içib:

Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız.
Yada ətir saçdı gülüstanımız
Mən həsrət qoxladım çiçək yerinə.

Güvəndiyi dağlara qar yağması, pir bildiyinin odu öz qabağına çəkməsi, pünhan sirrini söylədiyinin o sirri düşmənə faş eləməsi, sərvəti yadları yağ-balla dolandıran yurdun övladlarının isə yavanlığının daim göz yaşları olması kimi dərdlər Şahmar Əkbərzadəni heç vaxt rahat buraxmadı. Üzü dönmüş dünyada adamların adamlığını itirməsi, kələklə gələnin küləklə getməməsi, çaqqalın qurda dönüb, tülkünün şirləşməsi, namərdlərin birləşib, mərdlərin əyişməsi, qısaca desək, insanların insanlığın ölməsi (Bəxtiyar Vahabzadə) də onun şeirlərində böyük ağrı ilə (“Allah amandı”) təsvir olunur.

Güney Azərbaycan sevdalısı kimi Şahmar Əkbərzadə görkəmli alim Cavad Heyətə yazdığı “Salam de!” şeirində deyirdi: “Yer üzündə həsrət, möhnət sarıdan, bizdən varlı yaratmayıb Yaradan!”. Bu şeir onun cənub həsrəti ilə bağlıdı. Bu həsrət, o dövrün əksər yazarları kimi, Şahmar poeziyasının yaralı qoludur...

Bütün bunlar onun ürək ağrılarına çevrilmişdi. Elə ürək ağrılarından da dünyasına qovuşmuş şair-publisist Şahmar Əkbərzadə çiçək yerinə həsrət qoxulayan xalqın vicdanlı oğluydu. Buna görə də onun istər publisistik yazılarında, istərsə də şeirlərində “vətən daşı” olmaq istəyi yaşayır. Onun poeziyası haqqında Türk dünyasının görkəmli qələm sahibləri – Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Oljas Süleymenov və başqalarının ürək sözləri bu fikrin təsdiqidir...

Türk dünyasının tanınmış yazarlarından olan İrfan Ünvər Nəsrəddinoğlu Şahmar Əkbərzadə yaradıcılığını belə qiymətləndirib: “Onun yaradıcılığını dəyərləndirənlərin başında ustadımız Bəxtiyar Vahabzadə dayanır. Ədəbiyyata gəlişi də ilk dəfə onun xeyir-duası ilə olub. Ünlü Azərbaycan şairləri Nəbi Xəzrinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məmməd Aslanın və başqalarının Şahmar yaradıcılığına verdiyi qiymət onun poeziyasının yaşarlığına tutarlı zəmanətdir. Şahmar Əkbərzadə haqqında çox yazmaq olar, nə qədər yazılır-yazılsın, yenə azdır. O, bizim sərhədsiz ruhumuzdur”.

Onun hər bir şeiri, hər bir yazısı, belə demək olarsa, günün manşeti olurdu, yaddaşlara yazılırdı. Çünki Şahmar müəllim istər şeirdə, istərsə də jurnalistikada özünəməxsus üsluba, ifadə tərzinə malik idi. İtirilmiş yurd yerlərimiz, düşmən tapdağı altında olan torpaqlarımızın həsrəti, ağrı-acısı ilə yaşayır, haray qoparırdı:

Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?

Şahmar Əkbərzadə şeirlərinin çoxu - “Nağara”, “Ayırar bu dünya bizi nə vaxtsa”, “Dağdağan”, “Mərkəzi poçtxana”, “Əlvida” və başqa şeirlər əzbərlənməyə layiq əsərlərdir. “Dağdağan” şeirinin son bəndi heç yadımdan çıxmır:

...Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.

O, çox sadə, kövrək ürək sahibi idi. Buna görə də vətənlə, Türk dünyası ilə bağlı hər xəbərdən, olaydan təsirlənirdi.

İllər əvvəlin xatirəsidi. Onda Şahmar müəllim “Mədəniyyət” qəzetinin baş redaktoru idi. Bizim “Tumurcuq” qəzetinin də ayaq tutan, hər sayının daha maraqla oxunan vaxtıydı. Hər yeni sayımızı oxuyub fikrini söyləyirdi. Onun təklif və iradlarını qiymətli sayırdım. Bir dəfə otağa girəndə gördüm oturub “Tumurcuq”un saylarını vərəqləyir...

Arada dedi, Kıbrısla bağlı yazdıqlarını oxumuşam, xoşuma gəlib. Sonra əlavə etdi ki, məni də payızda Kıbrısda keçiriləcək şeir şöləninə dəvət ediblər, yazıların olan qəzetləri ver, oradakı dostlarına çatdırım... Hiss etdim ki, Şahmar müəllim bu dəvətdən məmnundur. Çünki o, orada təkcə müxtəlif ölkələrdən gələn yazarlarla yox, illərlə arzusunda olduğu mübariz Kıbrıs türklərinin həyatı, qurduqları cümhuriyyətin uğurları ilə tanış olacaq, yeni dostlar qazanacaqdı...

Həmişə olduğu kimi, o gün də işə tez gəlmişdim. “Azərbaycan” nəşriyyatının qapısından girən kimi elə bil məni ildırım vurdu. Divardakı qara haşiyəli çərçivədən Şahmar müəllim fikirli-fikirli mənə baxırdı...

O, 58 ilmi (28 dekabr1941-ci il – 30 avqust 2000-ci il) yaşadı? Yox, məncə, bu sualın cavabını Şahmar Əkbərzadənin daim narahat yaşayan və həsrət qoxulayan ürəyi hamıdan yaxşı bilərdi. Ruhu şad olsun!

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri