Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk politoloq Hasan Oktay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Netanyahunun Vaşinqtonun Suriya, Livan və Qəzza zolağından çıxmaq üçün göstərdiyi təzyiqə “boyun əyməmək” mövqeyi ABŞ–İsrail münasibətlərində uzun müddətdir davam edən struktur və taktiki fikir ayrılıqlarının ən mühüm mərhələlərindən birini təşkil edir.
Politoloqun fikrincə, Netanyahunun Donald Trampla keçirəcəyi görüş həm ikitərəfli münasibətlər, həm də regional tarazlıqlar baxımından mühüm nəticələr doğura bilər.
Hasan Oktayın sözlərinə görə, Vaşinqton administrasiyası regional gərginliyi azaltmaq, Dəməşq və Beyrut hökumətləri ilə yeni böhranların qarşısını almaq və resursları daha geniş geosiyasi rəqabətlərə, xüsusilə İranla bağlı proseslərə yönəltmək məqsədilə hərbi mövcudluğun azaldılmasını istəyir.
Bunun əksinə olaraq, Təl-Əviv administrasiyası bufer zonalarının və daimi hərbi mövqelərin yaradılmasını İsrailin təhlükəsizliyi üçün zəruri hesab edir.
Politoloq bildirib ki, Netanyahunun kabinet iclaslarında səsləndirdiyi “Mən öz ayaqlarım üzərində dayanacağam, müqavimət göstərəcəyəm və onlara “yox” deyəcəyəm” fikri iki müttəfiq arasında koordinasiya problemlərinin dərinləşdiyini göstərir.
Onun fikrincə, bu vəziyyət Vaşinqtonda keçirilən yüksək səviyyəli təmaslarda və liderlərarası görüşlərdə danışıqları daha mürəkkəb edə bilər.
Hasan Oktay vurğulayıb ki, ABŞ İsrailə dünyanın ən güclü hərbi və diplomatik dəstək sistemlərindən birini təqdim edir. Lakin ərazidə davam edən işğal və ilhaq siyasətinin Vaşinqton üçün regional siyasi xərcləri artırdığı düşünülür.
Politoloqun qənaətinə görə, Netanyahunun ABŞ tələblərini açıq şəkildə rədd etməsi Amerika administrasiyası daxilində İsrailə verilən dəstəyin müəyyən şərtlərlə məhdudlaşdırılması ilə bağlı müzakirələri gücləndirə bilər.
O bildirib ki, ABŞ tərəfindən dəstəklənən beynəlxalq sabitləşdirmə qüvvəsi və ya regional keçid planları İsrailin birtərəfli təhlükəsizlik siyasəti ilə ziddiyyət təşkil edir.
Xüsusilə Livan sərhədində yeni daimi mövqelərin yaradılması və Suriyada hərbi mövcudluğun genişləndirilməsi Vaşinqtonun münaqişədən sonrakı regional arxitektura planlarını çətinləşdirə bilər.
Politoloqun sözlərinə görə, Netanyahunun sərt mövqeyi yalnız xarici siyasətlə bağlı deyil, həm də daxili siyasi hesablamalarla əlaqəlidir.
O hesab edir ki, Baş nazir ifrat sağçı koalisiya tərəfdaşlarının dəstəyini qorumaq və “güzəştsiz lider” imicini saxlamaq üçün hərbi iştirakın davam etdirilməsində maraqlıdır. Çünki geri çəkilmə koalisiyanın dağılması riskini artıra bilər.
Hasan Oktay vurğulayıb ki, İsrailin Qəzza, Livan və Suriya olmaqla üç müxtəlif cəbhədə hərbi iştirakını qorumaqda israrlı olması Dəməşq və Beyrutla yeni qarşıdurma risklərini gündəmdə saxlayır.
Onun fikrincə, bu vəziyyət ABŞ-ın bölgədə “regional sakitlik” strategiyası ilə uyğun gəlmir və Yaxın Şərqdə yeni gərginlik dalğasına səbəb ola bilər.
Politoloqun qənaətinə görə, Netanyahunun sərt və inadkar mövqeyi ABŞ–İsrail münasibətlərini tam qırılma nöqtəsinə gətirməsə də, iki paytaxt arasında uzun illər mövcud olmuş “tam harmoniya” modelinə ciddi zərbə vurur.
Hasan Oktay hesab edir ki, Vaşinqton və Təl-Əviv arasında təhlükəsizlik siyasəti sahəsində fikir ayrılıqları yaxın dövrdə də davam edəcək və münasibətlər daha çox qarşılıqlı təzyiq, diplomatik gərginlik və siyasi sürtünmə mərhələsinə daxil olacaq.
İradə Cəlil, Bizimyol.info