Icma.az, Bizimyol saytına istinadən bildirir.
Məktubda yer alan “Sizi Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram” fikri, ilk növbədə, Azərbaycanın beynəlxalq nüfuzunun, balanslı və prinsipial xarici siyasət xəttinin, eləcə də cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında yüksək qiymətləndirildiyini göstərir.
Donald Trampın məktubunda xatırladılan və 2025-ci il sentyabrın 29-da elan edilmiş Qəzza münaqişəsinin həllinə dair 20 bəndlik əhatəli yol xəritəsi müasir diplomatiyada yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Bu planın qısa müddət ərzində Ərəb dünyası, İsrail, Avropa və digər əsas beynəlxalq aktorlar tərəfindən qəbul edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnamə ilə bu təşəbbüsü dəstəkləməsi, qlobal konsensusun formalaşması baxımından mühüm siyasi hadisədir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, sözügedən plan yalnız münaqişənin nəticələrinin deyil, onun kök səbəblərinin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanı ehtiva edir.
Məktubda xüsusi vurğulanan Sülh Şurasının yaradılması ideyası isə mövcud beynəlxalq institutların effektivliyinə dair artan suallar fonunda yeni təhlükəsizlik və idarəetmə mexanizminin formalaşdırılması cəhdi kimi çıxış edir. Keçid İdarəetmə Administrasiyası funksiyasını daşıyacaq bu yeni qurumun yaradılması beynəlxalq münasibətlər sistemində alternativ və çevik qərar qəbuletmə modelinin tətbiqinə hesablanıb. Burada Azərbaycanın təsisçi üzv dövlət qismində dəvət edilməsi təsadüfi deyil.
Azərbaycan son illərdə regional və qlobal miqyasda sülhün, sabitliyin və əməkdaşlığın təşviqində fəal rol oynayan dövlət kimi tanınır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin beynəlxalq həmrəyliyin gücləndirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi istiqamətində atdığı addımlar, eləcə də postmünaqişə dövründə regionda sülh gündəliyinin irəli sürülməsi cənab Prezident İlham Əliyevin qlobal lider kimi qəbul olunmasının əsas səbəblərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi və bundan sonra revanşizmə deyil, regional əməkdaşlığa çağırış etməsi ölkəmizin sülh quruculuğu sahəsində unikal təcrübəsini ortaya qoyur.
Donald Trampın məktubunda qeyd edilən “daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupu” anlayışı Azərbaycanın bu prosesdə yer almasının həm siyasi, həm də mənəvi baxımdan əsaslı olduğunu göstərir. Çünki Azərbaycan öz tarixi, coğrafi mövqeyi və çoxşaxəli diplomatik əlaqələri sayəsində Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynayan nadir ölkələrdən biridir.
Beləliklə, cənab Prezident İlham Əliyevə ünvanlanan bu məktub yalnız bir diplomatik dəvət deyil, Azərbaycanın qlobal sülh və təhlükəsizlik arxitekturasında mühüm aktora çevrildiyinin rəsmi təsdiqidir. Bu təşəbbüs bir daha sübut edir ki, müasir dünyada real güc təkcə iqtisadi və hərbi potensialla deyil, etibarlı tərəfdaşlıq, ədalətli mövqe və sülhə töhfə vermək bacarığı ilə ölçülür. Azərbaycanın bu prosesdə iştirakı isə Yaxın Şərqdə və daha geniş coğrafiyada dayanıqlı sülhün formalaşmasına mühüm töhfə verə biləcək strateji amil kimi qiymətləndirilməlidir.
Nicat İsmayılov