Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezidentin Ağdam və Xocalıya səfəri – xalqın iradəsi, dövlətin gücü, torpağın dirçəlişi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ağdam və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub.
Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir.
Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində Ağdam və Xocalı dirçəlir, canlanır, inkişaf edir.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri planlı və ardıcıl şəkildə davam edir: “Bu gün Ağdamda və Xocalıda yeni yollar salınır, yaşayış kompleksləri inşa olunur, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir, enerji və su təchizatı sistemləri qurulur.
Prezident İlham Əliyev Ağdam və Xocalıya növbəti səfəri zamanı da bir sıra mühüm obyektlərin açılışında iştirak etdi, görülən işlərlə yerində tanış oldu.
Bütün bunlar sübut edir ki, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və rifahı dayanır”.