Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri həm iqtisadi, həm hərbi, həm də geosiyasi məntiqlə izah oluna biləcək çoxqatlı prosesdir.
Moskvanın Dehli ilə əlaqələri gücləndirməsi ilk növbədə Hindistanın əhalisinin və bazarının böyüklüyü ilə bağlıdır.
Bir milyard yarımlıq nəhəng istehlakçı bazarı və dünyanın ən sürətli artan böyük iqtisadiyyatı olan Hindistan Rusiyanın ixrac potensialı üçün strateji əhəmiyyət daşıyır.
Xüsusilə neft sahəsində bu əməkdaşlıq Moskva üçün həyati xarakterlidir: bir vaxtlar Hindistanın neft idxalında Rusiyanın payı cəmi bir neçə faiz idisə, son illərdə sanksiyalar nəticəsində yaranmış güzəştlər Dehlinin böyük həcmdə Rusiya nefti almasına gətirib çıxardı.
Bu, Rusiyanın iqtisadi sabitliyi üçün mühüm mənbə idi, lakin Vaşinqtonun əlavə tariflər tətbiq etməsi Hindistanın alımlarını azaldıb və Moskvanın indi bu bazarı itirməmək üçün daha çox diplomatik səy göstərməsi təbiidir.Rusiya üçün Hindistan həm də mühüm silah alıcısı olaraq önə çıxır.
Sovet dövründən bəri formalaşmış bu asılılıq bu gün də davam edir: Dehli müxtəlif istehsalçıları cəlb etməyə çalışsa da, ordusunun əsas texniki bazası Rusiya silahlarına söykənir.
S-400 sistemlərindən Su-30 təyyarələrinə qədər, Hindistanın müdafiə infrastrukturu Moskva ilə əməkdaşlığı tamamilə kəsməsinə imkan vermir.