Putin, Tramp və Si Szinpin eyni masada Görüşün əsl məqsədi nədir?

16.11.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirəcəklər.

Bu barədə noyabrın 16-da Çinin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Nazirliyin sözçüsü açıqlamasında bildirib ki, Si Cinpin noyabrın 19-da Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Çin–Rusiya–ABŞ sammitinə ev sahibliyi edəcək.

Çinin Xarici İşlər Nazirliyi dünya liderlərinin gözlənilən görüşü ilə bağlı hələlik əlavə təfərrüat açıqlamayıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Çində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə konkret məsələlərin müzakirəsi ilə bağlı razılıq əldə olunmayıb:

"Çünki Çin lideri Si Szinpin əvvəlcədən nəticəyönümlü hər hansı məsələnin müzakirəsini istəmir. Xüsusilə İran-ABŞ və Rusiya-Ukrayna müharibələri ilə bağlı proseslərdə konkret qərarların qəbulunda iştirakını istisna edir. Yəni bu istiqamətlərdə məsuliyyət daşımaq, gələcəkdə Çin dövlətinin həmin proseslərdə həlledici qərarlar verməsi və tarixdə bu cür mövqe ilə qalması arzusunda deyil. Ona görə də Çin rəhbəri nə Rusiya-Ukrayna, nə də İran-ABŞ qarşıdurması ilə bağlı ciddi müzakirələrin aparılmasından və qərarların qəbulundan imtina edir. Belə olan halda, görüşdə bundan sonra hansı daha ciddi məsələlər müzakirə oluna bilər ki, bu, həm də qlobal əhəmiyyət daşısın? Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın müzakirə etmək istədiyi nüvə silahlarına nəzarət məsələsi də var. Lakin Çin bu məsələnin müzakirəsindən birmənalı şəkildə imtina edir. Bu mövqeni təkcə Çin rəhbərliyi deyil, ölkənin alimləri də bölüşür və nüvə silahlarına nəzarət, onların məhdudlaşdırılması məsələlərinin müzakirə predmetinə çevrilməsini istəmirlər. Çində hesab edirlər ki, hazırda ölkənin nüvə başlıqlarının və silahlarının sayı ABŞ və Rusiya ilə müqayisədə daha azdır. Yəni bu sahədə rəqabətdə Çin həmin dövlətlərdən geri qalır. Buna görə də belə bir üçtərəfli məhdudiyyətin indiki mərhələdə Çin üçün arzuolunan olmadığı düşünülür. Tramp isə buna baxmayaraq, məsələni müzakirə etmək istəyir. Bununla belə, o da anlayır ki, danışıqlardan konkret və nəticəyönümlü qərarların çıxarılması mümkün deyil”.

Politoloq əlavə edib ki, ortada böyük qeyri-müəyyənlik var:

"Qlobal əhəmiyyət daşıyan məsələlərin heç birinin gündəliyə salınmadığı, hətta müzakirə edilsə belə, konkret qərarların qəbul olunmayacağı görünür. Düşünürəm ki, tərəflərin, xüsusilə də Çinin əsas marağı üç dövlət arasında münasibətlərin, o cümlədən ABŞ-Çin əlaqələrinin yumşaldılması, ticarət və əməkdaşlıq imkanlarının genişləndirilməsi, qarşılıqlı tarif müharibəsinin aradan qaldırılması ilə bağlı ola bilər. Ehtimal ki, məhz bu məsələlər müzakirə olunacaq. Ancaq bundan qlobal xarakterli və dünya üçün əhəmiyyətli qərarların qəbulunu gözləmək doğru olmaz.

Əslində, bu üçtərəfli görüşün keçirilməsi təşəbbüsü Rusiyadan gəlib. Rusiya bu təklifi irəli sürməklə yalnız Ukrayna-Rusiya və İran-ABŞ müharibələrini həll etmək niyyətini ortaya qoymayıb. Burada əsas məqsəd həm də özünün qlobal güc statusunu nümayiş etdirməkdir. Çin lideri Si Szinpinin ABŞ-a son səfərindən sonra da aydın oldu ki, dünyada iki qlobal güc mərkəzi kimi ABŞ və Çin ön plana çıxır. Əlbəttə, bu, Rusiyanın mövqeyini kiçildən açıqlama və yanaşma idi. Artıq dünya dövlətləri də bu reallığı qəbul etməyə başlayır. Rusiya üçtərəfli görüş təşəbbüsünü irəli sürməklə dünyaya göstərmək istəyir ki, qlobal güc mərkəzləri ikidən deyil, üç dövlətdən ibarətdir. Lakin göründüyü kimi, nə Çin, nə də ABŞ bu yanaşmanı dolayısı ilə qəbul edir. Çindən asılı vəziyyətə düşən Rusiyanın Çinlə bərabər statusda qəbul edilməsi Pekin üçün də arzuolunan deyil. Üstəlik, bəzən Çində keçiriləcək üçtərəfli görüşü İkinci Dünya müharibəsindən sonra baş tutmuş Yalta konfransı ilə müqayisə edirlər. Bu yanaşmalar isə sadəcə şişirtmədən və Rusiyanın maraqlarını ifadə edən mövqedən başqa bir şey deyil”.

Müsahibimizin sözlərinə görə, Rusiya hazırda hər hansı dünya müharibəsində qalib dövlət statusunda deyil:

"Əksinə, özünün hələ də təsir dairəsində hesab etdiyi Ukrayna ilə müharibədə artıq beş ilə yaxın müddətdir ciddi çətinliklərlə üzləşir. Bu müharibədə Rusiyanın bataqlığa düşdüyü və oradan çıxış imkanlarının hələ də aydın görünmədiyi müşahidə olunur. Cəbhədəki vəziyyət və döyüşlərin gedişi də bu prosesin mürəkkəbliyini göstərir. Ona görə də dünyanın yenidən təsir dairələrinə bölünməsi ilə bağlı fikirlər səsləndirmək xam xəyaldan başqa bir şey deyil. Bundan əlavə, dünya artıq əvvəlki dünya deyil. Üç dövlətin qərarı ilə dünyanın bölüşdürülməsi mümkün olmadığı kimi, digər dövlətlər də belə bir yanaşma ilə razılaşmayacaq. Çünki bu üç dövlətdən fərqli olaraq, daha böyük iddialara malik, inkişaf edən və getdikcə regional və qlobal səviyyədə güclənən dövlətlər, eləcə də yeni güc mərkəzləri meydana çıxıb və bu proses davam edəcək.

Ona görə də bir neçə dövlətin kağız üzərində dünyanın bölüşdürülməsi ilə bağlı qəbul edəcəyi qərarlar elə kağız üzərində də qalacaq. Bu reallığı həm Çin, həm də ABŞ yaxşı anlayır. Dünya tamamilə dəyişib. ABŞ kimi hegemon gücün belə İran müharibəsində mövqeləri sarsılıb. Məhz bu müharibədən sonra təkqütblü dünyanın sonuna doğru ciddi bir addım atıldı. Artıq təkqütblü deyil, çoxqütblü dünyadan danışmaq mümkündür. Lakin hələlik bu yeni dünya nizamının formalaşması və güc balansının hansı istiqamətdə dəyişəcəyi tam aydın deyil”.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью