Putinə yanlış məlumat verilir? KONKRET

23.07.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Kreml Rusiyanın Ukraynadakı hərbi uğurlarını qəsdən şişirdərək Prezident Vladimir Putində cəbhədəki vəziyyətlə bağlı təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilir.

KONKRET.az xəbər verir ki, “ISW” analitiklərinin hesablamalarına görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiya qüvvələri faktiki olaraq Ukrayna ərazisinin cəmi 81,1 kvadrat kilometrinə tam nəzarət qurub. Halbuki, Rusiya ordusunun irəlilədiyi və ya daxil olduğu ərazilərin ümumi sahəsi 626,85 kvadrat kilometr təşkil edir.

İnstitut vurğulayır ki, hər hansı əraziyə daxil olmaq həmin ərazi üzərində tam nəzarətin əldə olunması demək deyil.

Hesabatda həmçinin “Bloomberg” agentliyinin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata da diqqət çəkilir. Bildirilir ki, Moskva mümkün sülh razılaşması əldə olunsa belə, işğal etdiyi Ukrayna ərazilərini geri qaytarmaq niyyətində deyil. Məlumata əsasən, Vladimir Putin Donetsk vilayəti üzərində tam nəzarəti təmin etməyə, eyni zamanda Sumı və Xarkov vilayətləri sərhədində “təhlükəsizlik bufer zonası” yaratmağa çalışır.

Bununla belə, “ISW” hesab edir ki, Rusiya ordusunun hücum tempinin əhəmiyyətli dərəcədə zəifləməsi fonunda bu məqsədlərə 2026-cı ilin sonunadək nail olmaq çətin görünür.

Hesabatda Rusiya Müdafiə Nazirliyinin yaydığı və bir təbliğat yönümlü “Teleqram” kanalına istinad edən məlumat da şübhə altına alınır. Həmin məlumatda Rusiya ordusunun 2026-cı ilin ilk yarısında 2226 kvadrat kilometr ərazini ələ keçirdiyi iddia olunsa da, “ISW” analitikləri bu rəqəmi təsdiqləmir və onu növbəti şişirdilən təbliğat nümunəsi kimi qiymətləndirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью