Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya mediasında yayılan xəbərlərə görə, Rusiya Prezidentini “ölümsüz” etmək üçün xüsusi vaksin hazırlamağa çalışılır.
Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb və alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.
Bunu elə Kovalçuk özü Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində deyib. Əslində, bu ideyanın arxasında Putinin böyük qızı, həkim-endokrinoloq, “qocalma əleyhinə vaksin” üzərində çalışan Mariya Vorontsova dayanır.
Qərb analitikləri və mediası onun tədqiqatlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər. Bu fikrin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını demək mümkün olmasa da, tədqiqatların ciddiliyi şübhə doğurmur.
Professor Mariya Vorontsovanın bu ideyasının əsas məqsədi insan ömrünü əvvəlcə 85-90 yaşa qədər çatdırmaq, daha sonra isə kəskin şəkildə uzatmaqdır.
Milyardlarla dollar dəyərində olan genişmiqyaslı dövlət layihəsi fonunda “qocalma əleyhinə vaksin” yaradılması və donuzlarda insan orqanlarının yetişdirilməsinin öyrənilməsi, eləcə də insan ömrünün uzadılması proqramı üzərində fəal iş aparılır.
Bu layihənin əsas siması sayılan Putinin böyük qızı, professor Mariya Vorontsova endokrinologiya sahəsində aparıcı mütəxəssislərindən biri hesab olunur.
O, Moskva Dövlət Universitetinin tibbi elmi-təhsil institutuna rəhbərlik edir. Putin heç vaxt onu açıq şəkildə öz qızı kimi təqdim etməsə də, ictimaiyyət və kəşfiyyat bununla bağlı cəmiyyətə müxtəlif məlumatlar ötürüb. Ukrayna ilə müharibə başlayandan sonra ABŞ tərəfindən onun da adı sanksiyaya məruz qalan şəxslər siyahısına salınıb.
Eyni zamanda rəsmi Vaşinqton da bəyan edib ki, o, dövlətin genetik tədqiqat proqramlarının idarə olunmasına əsas rəhbərliyi həyata keçirir. Bu layihələr isə Rusiya dövləti tərəfindən maliyyələşdirilir və şəxsən Putinin nəzarətindədir.
Vorontsovaya hüceyrələrin yenilənməsi və aktiv uzunömürlülüyün öyrənilməsi laboratoriyası üçün Rusiya Elmi Fondundan qrant da ayrılıb. Bu ilin oktyabr ayında isə “Skolkovo” forumunda Vorontsova ömrün uzadılmasına dair iki mərhələli strategiya təqdim edib.
Birinci mərhələ insanın təbii potensialından maksimum dərəcədə istifadə etməyi nəzərdə tutur. Vorontsova bu potensialı 85–90 il olaraq qiymətləndirir.
Onun fikrincə, bunun üçün uşaqlıqdan sağlam vərdişlər formalaşdırmaq, düzgün qidalanmaq və mütəmadi tibbi müayinələrdən keçmək lazımdır.
İkinci mərhələ isə daha maraqlıdır. Vorontsovanın sözlərinə görə, söhbət “Allahı və ya təbiəti aldatmaqdan”, təbii ömür həddindən daha uzun yaşamaqdan və müasir tibbin imkanlarını genişləndirməkdən gedir.
Bununla yanaşı, Vorontsova hesab edir ki, bu vəzifənin məsuliyyəti yalnız həkimlərin üzərinə düşməməlidir. O, etiraf edib ki, hazırda elmin bu sahədə əldə etdiyi nailiyyətlər kifayət qədər məhduddur. Bununla belə, onun fikrincə, artıq yaxın 10-20 il ərzində “insanın universal ölüm qorxusu” səhiyyə sistemlərini qocalma probleminin həlli yollarını axtarmağa sövq edəcək.
Vorontsovanın bu ideyası Putinin təşviq etdiyi siyasətə tam uyğundur. Xatırladaq ki, Rusiya Prezidenti 2024-cü ilin fevralında “Sağlamlığın qorunmasının yeni texnologiyaları” adlı milli layihənin başlanmasını elan edib.
Onun icrasına 2025-ci ildə başlanılıb və bu prosesə daha bir proqram əlavə edilib. “Uzun və aktiv həyat” proqramı ilə birlikdə məlum layihəyə 24,23 milyard ABŞ dolları ayrılıb.
Hazırda rusiyalı alimlər canlı toxumaların 3D bioprintinqi və cırtdan donuzlarda insan orqanlarının yetişdirilməsi texnologiyaları üzərində çalışırlar. Tərtibatçıların sözlərinə görə, onlar artıq insan qığırdaq toxumasını və siçanın qalxanabənzər vəzini hazırlamağı bacarıblar. Proqramın son məqsədi 2030-cu ilə qədər yetişdirilmiş orqanların insanlara köçürülməsinə başlamaqdır.
Bunu rəsmi Kreml də təsdiqləyib. Kremldən “Wall Street Journal” qəzetinə təsdiqləyiblər ki, ölkədə çoxsaylı tədqiqat mərkəzlərinin iştirakı ilə bu sahədə bir sıra dövlət elmi proqramları həyata keçirilir.
Proqramın qarşısına kifayət qədər ciddi məqsədlər qoyub. 2030-cu ilə qədər 175 min insanın həyatını xilas etmək proqramın əsas xəttini təşkil edir. Rəsmi statistikaya görə, hazırda Rusiyada kişilərin orta ömür uzunluğu təxminən 68 ildir. Bu da ABŞ və Avropa ilə müqayisədə 8-10 il azdır.
Xatırladaq ki, Putin belə bir proqram üzərində iş aparıldığını Pekində səfərdə olarkən Si Cinpinlə söhbəində deyib və mikrofonlar açıq olduğundan fikirlər ətrafda da eşidilib. Putinin sözlərinə görə, bəşəriyyət ölümsüzlüyə yaxınlaşa bilər. Buna cavab olaraq Si Cinpin bildirib ki, artıq bu əsrdə insanlar 150 ilə qədər yaşaya bilərlər.
Qərbdə isə uzunömürlülüyə və qocalma əleyhinə təbabətə marağın Rusiya hakimiyyətin ən yüksək pilləsində dayanan şəxslərlə sıx bağlı olduğunu bildirirlər.
“Wall Street Journal”ın məlumatına görə, 74 yaşlı Putin uzun illərdir cavanlaşma prosedurları və ömrün uzadılması texnologiyaları ilə maraqlanır. Zaman keçdikcə bu maraq dövlət proqramlarında da öz əksini tapıb.
“Wall Street Journal”ı onu da xatırladır ki, bu ideya Rusiyada daim diqqət mərkəzində olub. Hələ ötən əsrin 20-ci illərində Sovet rəhbərliyi alim Aleksandr Boqdanovun qan köçürülməsi yolu ilə cavanlaşma təcrübələrinə maraq göstərirdi.
Lakin Boqdanov öz üzərində apardığı təcrübələrin nəticəsində 55 yaşında vəfat etdi. On il sonra digər həkim Aleksandr Boqomolets də dünyada ilk dəfə uzunömürlülük problemlərinə həsr olunmuş konfransı təşkil etdi.
O, insanın 150 il yaşaya biləcəyini iddia etdiyi tədqiqatlara Stalinin rəğbətini qazanmışdı. Lakin özü 65 yaşında vəfat etdi. Rusiya mətbuatının “Putinin gerontoloqu” adlandırdığı Vladimir Xavinson da Bibliyaya istinad edərək insan ömrünün 120 ilə qədər uzadıla biləcəyini söyləyirdi.
O, Rusiyanı sarsıntılardan qorumaq üçün ölkə liderinin ömrünü uzatmaq istədiyini açıq şəkildə bildirirdi.
Xavinson buzovların bədən toxumalarından əldə edilən peptidlər əsasında cavanlaşma prosedurlarını fəal şəkildə tətbiq edirdi. Rusiyanın ən yüksək dövlət mükafatlarından birinə layiq görülən Xavincon da sələfləri kimi çox yaşamadı və 2024-cü ildə 77 yaşında vəfat etdi.
Hələlik, Qərb mediası bütün bunları avantüra və müxtəlif ideyalarla hökumətdən pul qoparmaq iddiası hesab edir.
Lakin Qərbin özündə də bu ideyaya maraq göstərən milyarderlərin olması heç kimə sir deyil.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin