Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, komitə bu dəfə Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbədəki evləri təmir etdirmək üçün büdcədən böyük pullar ayırıb. Söhbət yarım milyon manata yaxın vəsaitdən gedir. Bu məqsədlə tenderin qalibi isə “PARTCON” Məhdud Məsuliyyətli Cəmiyyət elan olunub. Konkret məbləğ 429 min 106 manat 28 qəpikdir.
Bəs hansı işlər görüləcək? Nəzərdə tutulan işlərin siyahısına baxanda ilk növbədə söküntü işləri diqqət çəkir. Məsələn, dam örtüyünün sinkli metal şiferdən olan yararsız hissəsinin sökülməsi; yararsız su ötürücü boruların, xarici divarların, həmçinin daxili divarların yararsız suvağının, yararsız pəncərə bloklarının sökülməsi... Bundan başqa, xarici divarların, eyni zamanda daxili divarların köhnə rənginin qaşınıb təmizlənməsi kimi işlər də siyahıda yer alıb.
Əlbəttə, başqa işlər də görüləcək. Bütün bunlara az qala, yarım milyon manat xərclənəcək.
Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı kimi, keçmiş məcburi köçkünlərin də həyat şəraiti yaxşı olmalıdır. Yəqin ki, onlar daha “məcburi köçkün” statusuna ehtiyac duymur, tamhüquqlu yaşam arzusundadır. Amma işğal dövründə alışdığımız məsələlər çox köhnəlib. Məcburi köçkünlər üçün yeni həyat imkanları yaradılmalıdır. Divarların qaşınmasına onminlərlə, yüzminlərlə manat ayrılır. Nə ehtiyac var? Həmin vəsaiti daha uyğun istiqamətdə xərcləmək olar.
Aytən, Bizimyol.info