Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Naib Niftəliyev bildirib ki, məsələnin həlli üçün ilk növbədə effektiv mexanizmlər olmalıdır: “Bu məsələ Avropada da müzakirə olunur və müxtəlif yanaşmalar nəzərdən keçirilir. Azərbaycan da bu baxımdan istisna deyil. Hazırda müəyyən qadağa və məhdudiyyətlər mövcuddur, lakin 16 yaşına qədər olan uşaqlarla bağlı yaş məsələsində daha həssas və düşünülmüş yanaşma tələb olunur. Burada tam qadağalardan daha çox, müəyyən çərçivələrin -saat və vaxt limitlərinin, internet istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi daha məqsədəuyğun ola bilər.
Bu məsələnin həlli üçün ilk növbədə effektiv mexanizmlər hazırlanmalıdır. Təkcə qadağa tətbiq etməklə nəticə əldə etmək çətindir. Əgər sosial şəbəkələrin özləri, məsələn, “Facebook” kimi platformalar yaş məhdudiyyətlərini real şəkildə tətbiq etmirsə, bizim bu səviyyədə qoyulan qadağalar gözlənilən effekti verməyə bilər. Çünki 16 yaşına çatmamış yeniyetmələr bu məhdudiyyətləri müxtəlif yollarla faydalanmağa çalışacaqlar.
Bu istifadənin həm müsbət, həm də mənfi tərəfləri ola bilər və bəzən ictimai maraqlara uyğun gəlməyə də bilər. Ona görə də sosial şəbəkələrdən istifadənin ictimai maraqlara uyğun olması üçün istifadəçilərin, xüsusən uşaqlar və yeniyetmələrin tam məlumatlı, şüurlu və məsuliyyətli davranması vacibdir. Qadağalardan daha çox, sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı məktəblərdə təlimatların verilməsi, bu istifadənin faydalarının konkret nümunələrlə izah edilməsi önəmlidir.
Eyni zamanda yaş həddinin niyə müəyyən edildiyi, hansı yaşda hansı platformalardan və nə qədər istifadə etməyin məqsədəuyğun olduğu, vaxt bölgüsünün necə aparılmalı olduğu barədə uşaqlar, yeniyetmələr və ümumilikdə bütün yaş qrupları üçün sosial maarifləndirici işlər aparılmalıdır”.
Naib Niftəliyev
Naib Niftəliyev vurğulayıb ki, sərt qadağalar əlavə sanksiyalara, ziddiyyətlərə və yeni problemlərin yaranmasına səbəb ola bilər: “Bu yaş limitinin müəyyən edilməsi, ümumilikdə hansı yaşa qədər hansı vasitələrdən və necə istifadənin məqsədəuyğun olması, eləcə də vaxt bölgüsü ilə bağlı uşaqlar və yeniyetmələr, eyni zamanda bütün yaş kateqoriyalarına aid insanlar üçün sosial maarifləndirici işlər mütləq aparılmalıdır. Bu yanaşma sosial siyasətin və sosial praktikanın tərkib hissəsi hesab edilə bilər.
Bununla yanaşı, mən sərt qadağaların tərəfdarı deyiləm. Çünki sərt qadağalar əlavə sanksiyalara, ziddiyyətlərə və yeni problemlərin yaranmasına səbəb ola bilər. Məsələnin sanksiyalarla həlli əvəzinə, müəyyən çərçivələrin və məhdudiyyətlərin düşünülməsi daha məqsədəuyğundur. Məhrumiyyətlərdən çox, balanslı və nəzarət olunan mexanizmlər tətbiq edilməlidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, əgər uşaqların telefonlardan istifadəsinə real nəzarət olunmursa və valideynlər özləri də bəzən uşaqlara telefon və oyunlardan sərbəst istifadə imkanı yaradırsa, tətbiq edilən məhdudiyyətlər tam effektiv olmayacaq. Yetkin və şüurlu yeniyetmələr istənilən halda qadağaları aşmaq üçün müxtəlif yollar tapa bilirlər. Bu halların qarşısını kütləvi şəkildə almaq çətindir.
Məsələn; siqaretlə bağlı mövcud qadağalara baxmayaraq, onları aşan kifayət qədər insan var. Eyni vəziyyət sosial şəbəkələrlə bağlı məhdudiyyətlərdə də müşahidə oluna bilər. Buna görə də əsas məsələ qadağa qoymaqdan daha çox, effektiv və işlək mexanizmlərin hazırlanmasıdır”.
Günel Həsənova, Bizimyol,info