Qadın fəallığı cəmiyyətə yüksəliş gətirir

25.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi­nin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirildi.

Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, cəmiyyətlərin yenilənməsi çox zaman qadınların təhsil, maarifçilik, mədəniyyət və ictimai fikir müstəvisində fəallığı ilə müşayiət olunur. Azərbaycanda qadınların ictimai fəallığı­nın dərin tarixi köklərə malik olduğunu deyən komitə sədri 1901-ci ildə Bakıda qızlar üçün ilk dünyəvi məktəbin açılması­nı və 1918-ci ildə qadınlara seçki hüququ­nun verilməsini xatırlatdı.

Ramin Məmmədov vurğuladı ki, ümum­milli lider Heydər Əliyevin dövlətçilik fəl­səfəsində insan hüquqları və sosial ədalətlə vəhdətdə müəyyənləşən qadın hüquqları 1995-ci il Konstitusiyası ilə daha da möh­kəmləndirilib. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları­na uyğun şəkildə uğurla davam etdirilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Mura­dova Azərbaycanda dövlət qadın siyasəti­nin ardıcıl inkişafına diqqət çəkdi. Söylədi ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi maarifçilik ənənələrinə söykənən çoxşaxəli fəaliyyəti isə qadınla­rın ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilmə­sinə mühüm töhfə verir. Eyni zamanda, dini və milli dəyərləri yanlış şərh edərək qadınlara qarşı ayrı-seçkiliyə və zərərli davranışlara zəmin yaradan yanaşmaların qarşısının alınmasında din xadimlərinin və ictimai nüfuz sahibi olan şəxslərin maarif­ləndirmə fəaliyyətinə cəlb edilməsi xüsusi önəm daşıyır.

Milli Məclisin Beynəlxalq müna­sibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpa­darai çıxışında qadınların gələcəyin əmək bazarına hazırlanması və yeni texnoloji çağırışlara uyğun bacarıqlar əldə etməsinin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, qadınların fəaliyyətinin ənənəvi ola­raq təhsil və səhiyyə sahələrilə məhdud­laşdırılması, mühəndislik və texnologiya kimi istiqamətlərin isə daha çox kişilərlə əlaqələndirilməsi ilə bağlı stereotiplər ara­dan qaldırılmalıdır. Eləcə də qadın sahib­karlığının, startap təşəbbüslərinin və inno­vativ fəaliyyətinin dəstəklənməsi onların iqtisadi müstəqilliyinin və cəmiyyətdə işti­rakının genişləndirilməsi baxımından əhə­miyyətlidir. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə İslam dinində və milli-mənəvi dəyərlərimizdə qadına ve­rilən yüksək mövqenin, tarixi şəxsiyyət­lərin və nümunəvi qadınların həyat yolu­nun maarifləndirmə prosesində təbliğinin labüdlüyündən söz açdı. Rektor İslam ta­rixində xüsusi yeri olan qadınların həyat və fəaliyyətinin gənc nəslə çatdırılması qadınlara hörmətin və onların cəmiyyət­dəki rolunun düzgün qiymətləndirilməsi baxımından faydalı olduğu qənaətindədir.

Aqil Şirinov Azərbaycan xalqının milli-mədəni ənənələrində qadına verilən dəyərə də diqqət çəkərək, Ağabəyim ağa kimi tarixi şəxsiyyətlərin həyatının, eləcə də qadınların təhsilinə dəstək göstərmiş maarifçi ziyalıların fəaliyyətinin təbliği­nin əhəmiyyətini qeyd etdi. Bu baxımdan, Hacı Zeynalabdin Tağıyevin qız məktəbi­nin yaradılması təşəbbüsünü və din xadi­mi Axund Hacı Turabın öz qızını həmin məktəbdə oxutmasını mütərəqqi tarixi nü­munələr kimi xatırlatdı. 

Bu gün həmin ənənənin müasir çağırış­lara uyğun davam etdirilməsi, qadınların potensialının üzə çıxarılması və onların bütün sahələrdə bərabər imkanlarla təmsil olunması qarşıda duran əsas vəzifələrdən­dir. Çünki mütərəqqi cəmiyyətin gələcəyi onun qadınlara yaratdığı imkanlardan və bu imkanları reallaşdırmaq üçün göstərdiyi səydən də asılıdır.

Fidan ƏLİYEVA,
Rauf İBRAHİMOV (foto)
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью